“Dumanlı Albion”da unudulan qadın - Zamirə Hacıyeva niyə yaddan çıxdı...

6-12-2018, 08:39           
“Dumanlı Albion”da unudulan qadın - Zamirə Hacıyeva niyə yaddan çıxdı...
10 ilə 109 milyon 140 min dollar xərcləmiş eks bankirin yoldaşını 6 ay sonra Azərbaycana ekstradisiya edə bilərlər
Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ev dustaqlığında günlərini sayır. Zamirə Hacıyeva 2019-cu ilin iyununa qədər Böyük Britaniyada xərclədiyi 109 milyon 140 min dolları hansı biznesdən qazandığına aydınlıq gətirməlidir. Həmin pulların mənbəyini izah edə bilməsə, o vəsaitlərlə Londonda alınmış mal-mülk Böyük Britaniya dövlətinin nəfinə müsadirə olunacaq.

Zamirə Hacıyeva son 10 il ərzində 100 milyon dollardan artıq xərcləməklə sanki diqqət mərkəzinə düşmək istəyib. Buna nail olub və dünya mətbuatının “ulduzuna” çevrilib.

O, Londonda 11.5 milyon funt sterlinqə (15.13 milyon dollar) ev alıb. Evin hazırkı qiyməti 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirlir.

Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubunu alıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Britaniya Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq izni verib.

O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir.

Məhkəmədə aydın olub ki, o, böyük ödənişləri, məsələn, bir gündə lüks zinət, ətir və saat markası olan Boucheron-da bir gün ərzində 150.000 funt (197 290.50 dollar) xərcləyib.

Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib. Bu fakt məhkəmədə deyilib.

Başqa bir gün o, “Cartier” zinət əşyalarına 100.000 (131527.00 dollar) və lüks kişi geyimlərinə 20.000 funt (26305.40 dollar) xərcləyib.

Xanım Hacıyeva alış-verişləri üçün vəsaiti ərinin bankının 35 ədəd kredit kartı və “Harrods”un 3 ədəd mağaza kartı ilə ödəyib.

Rəsmi məlumatlar cütlüyün “Harrods”ın avtomobil parkında 2 xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Məhkəmədə Zamirə Hacıyevanın 10 il ərzində 109 milyon 140 min dollar xərclədiyi təsdiqini tapıb. Həmin illər ərzində Z.Hacıyevanın konkret nə qədər xərclədiyini isə yalnız özü bilir.

Britaniyada bu araşdırmalardan 1 il əvvəl, 2017-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları Z.Hacıyeva barəsində həbsli axtarış elan ediblər. “Beynəlxalq bank işi” çərçivəsində aparılan araşdırmalarla istintaqçılar belə bir qərarın verilməsi üçün məhkəməyə üz tutublar. İttihama görə, Z.Hacıyeva Beynəlxalq Bankın xəzinəsindən qanunsuz olaraq özünün pul kartı vasitəsilə 2009-cu ildən bu yana 18 milyon manatdan artıq pul xərcləyib.

Z.Hacıyeva 2018-ci il noyabrın 2-də İngiltərənin paytaxtı Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Qeyd etdiyimiz kimi, 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı 2 mənimsəmə ittihamı irəli sürüb. Beynəlxalq Banka 15 il rəhbərlik etmiş Cahangir Hacıyevin barəsində isə 2016-cı ildə 15 illik həbs cəzası çıxarılıb. Hökmdən sonra onu saxlama şəraitinə görə ən pis cəzaçəkmə müəssisinə yollayıblar. İttihama görə C.Hacıyev 2001-2015-ci illərdə özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdıraraq həmin hesablara külli miqdarda pul vəsaitləri köçürüb. C.Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər. Onun Beynəlxalq Banka vurduğu zərər ümumilikdə 211 milyon 597 min manat məbləğində qiymətləndirilib. Bu iş üzrə 15 illik həbs cəzası alan C.Hacıyev barəsində ikinci cinayət işi də aparılmaqdadır. Yeni ittihamların çirkli pulların yuyulması, mənimsəmədən ibarət olduğu deyilir. Yeni ittihamda C.Hacıyevin ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəməyə yol verməsi mülahizəsinin yer aldığı da qeyd olunur. C.Hacıyevin Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərdiyi deyilir.

Hacıyevlər böyük problemlər burulğanına 2015-ci ilin oktyabrında qudaları Eldar Mahmudov vəzifəsindən çxıarılandan sonra düşüblər. Hazırda Eldar Mahmudov mətbuatda “MTN işi” adını almış proses üzrə istintaqa cəlb olunub. Gedişat onu deməyə əsas verir ki, Hacıyevlərin düşdükləri problemlər girdabından çıxmaları çox çətin olacaq. Zamirə Hacıyeva 6 ay sonra Azərbaycana ekstradisiya edilərsə, durum bir qədər də qəlizləşəcək.

Amma ortada maraqlı bir mənzərə var: son iki-üç ayda dünya mediasının “ulduzu” olan Zamirə Hacıyeva indi sanki qeybə çəkilib. Nə Britaniya mediası ondan yazır, nə özü hansısa açıqlama verir, nə də istintaq hərəkətləri barədə məlumat var. Hacıyevanın adı sanki gündəmdən çıxmış kimi görünür...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.