Xüsusi rabitə qaydalarını zəruri edən səbəb - müharibə hazırlığı, yoxsa...

6-12-2018, 09:46           
Xüsusi rabitə qaydalarını zəruri edən səbəb - müharibə hazırlığı, yoxsa...
Baş nazir Novruz Məmmədovun “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ı imzalaması müxtəlif müzakirələrə yol açıb. Bəziləri bu mühüm sənədin qəbul olunmasını Azərbaycanın Qarabağ savaşına hazırlığının tərkib hissəsi hesab edir. Müxalifət düşərgəsindən belə fikirlər sosial şəbəkələrdə ifadə olunmağa başlayıb ki, baş nazirin imzaladığı sözügedən qaydalardakı bir sıra nüanslar tətbiq edilən zaman bu, bəzi azadlıqları, demokratiyanı məhdudlaşdıracaq.

Qeyd edək ki, baş nazirin imzaladığı qaydalarda hərbi vəziyyət dövründə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadə xüsusiyyətləri açıqlanıb. Sənəddə bildirilir ki, hərbi idarəetmə orqanları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadədə üstünlük hüququna malikdirlər. Telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), televiziya və radio yayımının fəaliyyəti isə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

Sənəddə həmçinin bildirilir ki, hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya operatorları tərəfindən hərbi idarəetmə orqanlarına telekommunikasiya və poçt xidmətlərinin göstərilməsinin NRYTN, televiziya və radio yayımı xidmətlərinin isə MTRŞ-nin razılığı olmadan dayandırılmasına yol verilmir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə hərbi idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına telekommunikasiya şəbəkələrində boş nömrə, port və xətt tutumu olmadıqda, telekommunikasiya şəbəkələrində texniki yüklənmə yarandıqda yol verilir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, müvəqqəti olaraq telefonları şəbəkədən aça və internet xidmətlərinin göstərilməsini dayandıra bilər.

Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin daşınar və daşınmaz əmlakı əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlak isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qaydalar qətiyyən siyasi azadlıqları azaltmaq, partiyaların fəaliyyətinin dayandırılması, qeyri-demokratik bir durumu bərqərar etmək üçün həyata keçirilmir. Bu, dünyanın hər yerində qəbul edilən qaydalardır və beynəlxalq prinsiplərlə, azadlıqlarla qətiyyən ziddiyyət təşkil etmir: “Odur ki, məncə, buna qarşı olmaq qeyri-mümkündür. Hökumətin qərarı bundan əvvəl qəbul etdiyimiz ”Hərbi vəziyyət haqqında” Qanunun tələbidir. Azərbaycanda informasiya məkanı üzərində təhlükəsizlik məramından doğan sözügedən qaydaların təsdiqi əlbəttə ki, çox mühüm məsələni tənzimləməyə xidmət edir. Lakin elə bir fikir, nəticə yaranmasın ki, bu qaydalar hərbi vəziyyət elan olunan kimi bütün kütləvi informasiya vasitələri və rabitə texnoloji kommunikativ qurğuların hamısı yalnız dövlətin sərəncamına təhvil verilir. Çünki bu, cəmiyyət həyatını tam idarəolunmaz vəziyyətə gətirərdi. Ancaq heç şübhəsiz ki, müəyyən tələblər, şərtlər və çərçivələr mövcud olmalıdır. Onun da da nədən ibarət olması üçün adi bir nümunəyə baxaq. 2016-cı ilin aprel döyüşləri zamanı ermənilər daha artıq dərəcədə Gəncədən statik telefonlardan müxtəlif radioqramları tutaraq efirə qoyurdular, onu ictimailəşdirirdilər və iki qonşunun söhbətindən sən demə guya bəlli olurdu ki, minlərlə meyit var və bu artıq idarəolunmaz vəziyyət yaradır və sair. Yəni bu cür süni quraşdırılmış danışıqlar təqdim olunurdu.

Eləcə də internet resurslarından bunlar verilirdi. Həmçinin biz onun şahidi olduq ki, sosial şəbəkələr hansısa bir tankın, topun və hərbi hissənin hərəkətlərini, yaxud da ki, ordu birləşmələrinin davranışlarına dair məlumatları ortaya qoyduğunda dərhal bu, öz-özlüyündə müəyyən nəticələr doğururdu. Çünki 60-70 il bundan əvvəlki dövr deyil. İndi bizim sizinlə bu söhbəti apardığımız mobil rabitə vasitələri daşınır və istənilən bir şəraitdə o kameradır, səs ötürücüsüdür, dayandığı koordinat sistemini məlumat verən şəbəkədir. Başqa bir yandan, əlbəttə, biz onu da nəzərə almalıyıq ki, Azərbaycanın kosmik fəzaya özünün peyklərini çıxarması da dediyimiz bu informasiya təhlükəsizliyini qorumaq niyyətindən irəli gəlir. Çünki biz optik kabellərin haradan ötürülməsini, internet resurslarının əsas provayderlərinin bağlı olduğu şəbəkələr üzərindən məxfi məlumatların dövlət sirri xarakteri daşıyan informasiyaların götürülməsini də əngəlləməyə çalışmalıyıq. Ancaq cəmiyyət olaraq hər bir fərdin gündəlik ünsiyyətini qurduğu, yaxud da ki, rabitə və poçt orqanlarının fəaliyyəti hərbi vəziyyət şəraitində onların tələblərinə tabe olmalıdır. Yəni bu, sözsüz ki, milli maraqların, təhlükəsizliyin qorunması üçün edilə bilər. Gördüyünüz kimi, qaydalar daha artıq dərəcədə məhz bunu əhatə edir. Yəni bu, qətiyyən siyasi azadlıqlara, partiyaların fəaliyyətinin dayandırılması, qeyri-demokratik bir durumu bərqərar etmək üçün həyata keçirilmir. Axı hərbi vəziyyətdə baş verə biləcək hansısa təhlükələr iqtidara və ya müxalifətə baxmır. O, qarşısına çıxan istənilən şəxsin əleyhinə çevrilə bilir".

Deputat müharibəyə hazırlıq versiyası barədə isə dedi ki, ola bilsin kimlərsə belə nəticə çıxara bilər ki, bu sənədin qəbul edilməsi Azərbaycanın müharibə hazırlığının mühüm bir komponentidir: “Lakin bunu təsdiq və ya inkar etmək Milli Məclisin komitə üzvü kimi mənim səlahiyyətlərim çərçivəsində deyil. Yalnız onu söyləyə bilərəm ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev birinci Qarabağ müharibəsi ifadəsi ilə ikinci Qarabağ savaşının ola biləcəyini heç gizlətmədən dəfələrlə söyləyib. Bu, heç də yalnız erməni tərəfini siyasi cəhətdən sıxmaq üçün edilməyib. Hər kəs görür ki, bu qədər texnika, texnologiya, silah arsenalı, ordu gücünün artırılması, ciddi təlimlər, Naxçıvandan Tovuza qədər böyük bir diapazonda erməni gücünün parçalanması üçün atılan addımlar hamısı böyük müharibə hazırlığıdır”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.