Eyyub Hüseynov sellofan torbalarla bağlı xəbərdarlıq etdi

10-12-2018, 08:21           
Eyyub Hüseynov sellofan torbalarla bağlı xəbərdarlıq etdi
“Sellofanlarda qida məhsullarını uzun müddət saxlamaq təhlükəlidir”

Son günlər mətbuatda plastik qablar və polietilen torbalardan istifadənin insan sağlamlığına və ekologiyaya zərəri haqda müzakirələr artmaqdadır. Paralel olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu məhsullardan tədricən imtina edilməsi istiqamətində işlər aparır.

Əsasən də mağazalarda müştərilərə pulsuz verilən sellofan torbaların gələcəkdə ödənişli olması ilə bağlı məsələ gündəmə çıxarılıb. Güman edilir ki, bu torbalar pullu olsa, müştərilər ondan az istifadə edər. Lakin məsələyə cəmiyyətin mövqeyi birmənalı deyil. Ekspertlər isə atılan addımları ekoloji mühitin qorunması baxımından müsbət hesab edirlər.

Bəs Azərbaycanda polietilen torbalardan tamamilə imtina nə kimi problemlər yarada bilər? Sellofan torbalar ödənişli olarsa istehlakçılar bu ondan imtina edəcəkmi? Bu məhsulların istehsalı sahəsində çalışan yüzlərlə işçinin aqibəti necə olacaq? Musavat.com-un müxbiri bu sualların ardınca polietilen torbaların toplandığı sexə baş çəkib. Həmçinin, sellofan torbalardan gündəlik olaraq istifadə edən satıcıların və müştərilərin fikirlərin öyrənməyə çalışıb.

Qeyd edək ki, “8-ci kilometr bazarı”nın yaxınlığında selloflan tullantılarının qəbulu sexi fəaliyyət göstərir. Kənardan sadə bir iş kimi görünsə də, bu sex onlarla insanın qazanc mənbəyinə çevrilib. Təbii ki, bu işlə kasıb təbəqədən olan insanlar məşğul olurlar.

Sellofan torbaların yığımına nəzarət edən şəxs bildirdi ki, bazardan həftə ərzində 3 yük maşını polietilen məhsulların tullantısı toplanır və Sumqayıtdakı zavodlara təhvil verilir: “Bizim işimiz müxtəlif yerlərdə sellofan torbaları toplamaq və həmin zavoda çatdırmaqdır. Sumqayıt şəhərində sellofan torbaların istehsalı zavodu var. Burada işçilərdən sellofanın kiloqramını 40 qəpiyə, çirkliləri isə 10-15 qəpiyə alırıq. Öz xərclərimizi hesablayıb, aldığımız malın üstünə 5-10 qəpik qoyaraq zavoda satırıq. Yəni bu iş 15-20 nəfərin qazanc yeridir. Bazarda bir neçə yerdə təzə sellofan torbaların satışını həyata keçirənlər də var ki, son müzakirələr onları da narahat edir”.

Sellofan satışı və yığımı ilə məşğul olanlar nazirliyin bu qərarından narahatdırlar. Onların dediyinə görə, sellofan torbaların ləğv olunması bir neçə sexin bağlanması mənasına gəlir: “Təkcə bizim üçün 15 nəfərə yaxın işçi çalışır. Günə 10-15 manat pul qazanırlar. Bundan əlavə, ölkə ərazisində bir neçə zavod fəaliyyət göstərir. Təkcə Sumqayıt zavodunda 30-a yaxın işçi işləyir”.

Bazarda sellofan torbaların topdan və pərakəndə satışı ilə məşğul olan satıcılar da bildirdilər ki, bazarda və marketlərdə sellofan torbaların ödənişli olması istehlakçıların tələbatını azaltmayacaq: “Əgər sellofanlardan istifadənin qarşısını almaq istəyirlərsə, alternativ materiallardan torbalar istehsal olunmalı və bazarda özünə yer tutmalıdır. Rahatlıq baxımından bu torbaları əvəz edə biləcək nəsə yoxdur. Ola bilsin ki, hər hansı zərəri var, ancaq ölkəmizdə buna alternativ yoxdur. Məsələn, Avropada və Amerikada kağız torbalardan istifadə edilir. Lakin sellofan torba ilə müqayisədə bu çox baha başa gələcək”.

Bəzi satıcılar sellofan torbaların ləğv olunmasının hansısa monopolist şirkətin sifarişi ilə ortaya atıldığını iddia edirlər: “Məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarları sıxışdırmaqdır. Bir ildən artıqdır ki, nazirlik heç Bakıda restoranlardan çıxan tüstünün qarşısını ala bilmir. Sellofan məsələsi də bir müddət müzakirə olunduqdan sonra gündəmdən düşəcək”.

Alıcılar isə polietilen torbaların zərərli olduğunu təsdiqləsələr də, istifadə üçün bundan daha əlverişli bir vasitə olmadığını bildirdilər: “Biz anlaya bilmirik ki, marketə və ya bazara getmək üçün əlimizdə parça torbalar, zənbillər gəzdirməliyik və ya hər dəfə bazarlıq edəndə buna pul verib almalıyıq? Sellofanda qida məhsullarının saxlanılması zərərli olsa da, daşınması üçün yararlıdır. Pullu olsa belə məcbur olub alacağıq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burada əsas məqsəd ətraf mühitə tullantıların azaldılmasıdır: “Sellofan torbaların pullu olması məsələsi bizim 5 il öncə verdiyimiz təklif idi. MDB məkanında bu cür sellofan torbalar pulludur. Nazik və şəffaf formadadır. Əgər pullu olarsa, əhali bir müddətdən sonra ev torbalarından istifadə edəcək. Düşünürəm ki, bu nazirlik tərəfindən düzgün yanaşmadır. Hər halda ətraf mühiti çirkləndirməmək üçün gərək bu addım atılsın. Ən yaxşı alternativ kisə materialından və ya parçadan tikilən zənbillərdir. Həsir zənbillər də ekoloji baxımdan təmizdir. ”Azərsun holdinq" özünün marketlər şəbəkəsi olan “Bazarstore”larda sellofan torbaları xeyli nazikləşdirib və üzərinə kətan torbalardan istifadə məsləhət görüldüyü qeyd olunub. Ətraf mühiti təmiz saxlamaq üçün başqa yol yoxdur. Bundan əlavə, sellofan torbalar yandırılan zaman ətrafa zəhərli qaz buraxır. Bu torbalara isti şəkildə olan yeyinti məhsullarının bükülməsi qətiyyən doğru deyil. Bununla yanaşı, sellofanlarda qida məhsullarını uzun müddət saxlamaq təhlükəlidir. Zavodların bağlanacağı məsələsinə gəlincə, gələcək nəsillər üçün ətraf mühitin təmizliyini saxlamaq kimi qlobal məsələ qarşısında işizlik çox kiçik məsələdir. İnsanların və gələcək nəsillərin sağlam olması üçün bu məsələdə sona qədər gedilməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.