Kravçuk: Əgər Qorbaçovun yerinə Əliyev seçilsəydi... - Video

10-12-2018, 09:57           
Kravçuk: Əgər Qorbaçovun yerinə Əliyev seçilsəydi... - Video
Ukraynanın ilk prezidenti Leonid Kravçuk Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Axar.az xəbər verir ki, Moskva-Bakı portalına fikirlərini bölüşən Kravçuk Heydər Əliyevi ilk dəfə Sovet İttifaqı Kommunist Partiyasının qurultayında gördüyünü bildirib:

“O, çıxış edən zaman mən də zalda idim. Heydər Əliyev çox parlaq və emosional çıxış edirdi. Onda mən həmkarlarımdan soruşdum. “Heydər Əliyev buna qədər nə işləyib?” Mənə təhlükəsizlik xidmətində işlədiyini dedilər. Təəccübləndim, çünki bir qayda olaraq KQB-də işləyən insanlar parlaq natiqlər olmurdu, onların şəxsiyyətləri olmurdu, onlar kölgədə işləməyə alışmışdılar. Əliyev isə belə bir səhnəyə, qurultaya, insanlarla dolu olan zala çıxmışdı və zal ona qulaq asırdı. Zalda 4 mindən çox insan olanda auditoriyanı ələ almaq çox çətin olur. Qarşında 20 adam varsa, onları rahat görə bilirsən, amma 4 mində bunu etmək o qədər də asan deyil. Amma Heydər Əliyev bunu bacardı. Bu, Heydər Əliyevlə bağlı ilk xatirəm idi”.

Kravçuk Heydər Əliyevlə şəxsi tanışlığından da danışıb:

“Bu, Moskvada, MDB dövlət başçılarının görüşündə oldu. Görüşü Boris Yeltsin aparırdı. Görüş vaxtı Heydər Əliyev ona bir neçə məsələdə Azərbaycana yardım etmək üçün müraciət etdi. Xatırladığım qədər bu, ərzaq yardımı və MDB məkanının ümumi təhlükəsizliyinin təmin olunması məsələsi idi. Yeltsin isə ona cavab verdi ki, biz hələ bu suala cavab verə bilmərik, çünki bütün bunlar Rusiyanın çiyinlərinə düşəcək, Rusiya isə buna hazır deyil. Onda mən şəxsən Heydər Əliyevi dəstəkləmək istədim və dedim: Boris Nikolayeviç, Əliyev düzgün məsələyə toxunub. Ukraynanın da bu cür sualları var. Biz bu sual qoyulduğu üçün minnətdar olmalı və məsələnin həllinə başlamalıyıq. “Yaxşı. Əgər Ukrayna da dəstəkləyirsə, o zaman yaxşı” – Yeltsin cavab verdi.

Daha sonra fasilə elan olundu. Mən Əliyevlə görüşdüm və o mənə dəstəyə görə minnətdarlığını bildirdi. Mən isə ona bildirdim ki, qoyduğu sual doğru idi, buna görə də mən təbii olaraq onu dəstəklədim.

Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti, öz ölkəsinin oğlu idi. Heydər Əliyev Azərbyacanın oğlu idi. Artıq nəsə demək lazım deyil. Mənimlə söhbətində Heydər Əliyev həmişə Azərbaycan haqqında danışırdı. Özünü ölkəsi olmadan təsəvvür edə bilmirdi.

Heydər Əliyev Sovet İttifaqına rəhbərlik edəcəyi təqdirdə fərqli bir şey olub-olmayacağını indi söyləmək çətindir. Partiyada, xüsusilə Rusiyada kadr məsələləri çox çətin həll edilir. Respublikadan olan bir şəxsin ümumittifaq vəzifəsinə çıxması çox çətindir. Nadir hallarda onlar partiyanın, Şuranın, Rəyasət Heyətinin yüksək pilləsinə yüksəlirlər. İkinci, üçüncü rol ola bilər, amma birinci olmaq həddən artıq çətin idi. Hətta Heydər Əliyevi Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib və ya baş katib seçsəydilər, nəsə dəyişəcəkdi, yoxsa, yox... Əlbəttə, ola bilərdi. Heydər Əliyev boş yerə danışan adam deyildi. O, az, amma dəqiq danışırdı. Mixail Qorbaçov isə boş danışmaqla ad qazanmışdı, o bunu bacarırdı. İnsanları başına yığır, onlarla danışır, belə demokratik rol oynayır, həmişə söz verir və həmişə də tapşırıqları dəyişirdi. Fikirləşirəm ki, onun yerinə Əliyev olsaydı, hər şey çox sakit və ciddi şəkildə inkişaf edərdi”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.