Samir Şərifovun ikibaşlı manat açıqlaması - Bizi nə gözləyir?

12-12-2018, 09:26           
Samir Şərifovun ikibaşlı manat açıqlaması - Bizi nə gözləyir?
"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir". Neft qiymətlərinin ucuzlaşdığı bir dövrdə maliyyə naziri Samir Şərifovun bu açıqlaması ölkəmizdə devalvasiya ehtimalının olmasına bir işarə olaraq şərh edildi. Ümumiyyətlə, bir sıra iqtisadçılar kəskin olmasa da ölkəmizdə manatın məzənnəsinin aşağı enməsini şərtləndirən durumun yarandığını bildirirlər.

Samir Şərifov isə fikirlərinin yanlış şərh edildiyini deyib. O, manatın kəskin möhkəmlənməsinin milli iqtisadiyyatımıza mənfi təsir göstərməsinin heç kim tərəfindən mübahisə doğurmadığını bildirib:

"Şübhəsiz ki, həmin təsirin qarşısının alınması üçün monitar orqanlarımız, ilk növbədə Mərkəzi Bank həmin artıq olan xarici valyutanı bazardan almaq qərarına gəlir. Bununla da manatın əlavə möhkəmlənməsinə imkan vermir. 2018-ci ilin 9-10 ayına baxsaq, Mərkəzi Bankın valyuta ehtiyatları həmin müddət ərzində 300 milyon dollar artıb. Bu onun göstəricisidir ki, manatın möhkəmlənməsinə təzyiqlər olub və bu təzyiqləri də Mərkəzi Bank sovuşdurub. Vəziyyət budur. Mərkəzi Bank bunu etməsəydi, manat daha çox möhkəmlənəcəkdi və mən dediyim proseslər baş verəcəkdi. İndi bunu başqa adamlar başqa cür yozurlarsa, bu, bir az başqa məsələdir”.

İqtisadçı alim Fuad İbrahimov da mövcud vəziyyətdə devalvasiyanın baş verəcəyini düşünmür. “Cümhuriyət” qəzetinə açıqlama verən iqtisadçının sözlərinə görə, nazir Samir Şərifovun açıqlamasında da qeyd olunduğu kimi, Mərkəzi Bankın süni alətlərlə manatın güclənməsinin qarşısını alması ixrac və istehsal potensialının stimullaşdırılmasına yönəlib:

“Bir zaman ABŞ dollarında ucuzlaşma prosesi getdi. Həmin dövrdə neftin qiyməti də kifayət qədər yüksək idi. Azərbaycanda idxal-ixrac potensialı da imkan verirdi ki, manatın güclənmə prosesi getsin. Burda manatın köklü şəkildə güclənərək, məzənnənin 0.78 qəpiyə düşməsindən söhbət getmir. 5-10 qəpik möhkəmlənmə prosesi gedə bilərdi. Amma Mərkəzi Bank süni alətlərlə bunu öz səviyyəsində saxlamaqla güclənmənin qarşısını aldı. Nazir də bildirir ki, bu, milli valyutanın ucuzlaşması deyil, ixrac potensialını və yerli istehsalı stimulaşdırır. İnstitutsional səviyyədə cənab nazirin qeyd etdiyi kimi, makroiqtisadi səvyyədə iqtisadiyyat sağlamdırsa, milli valyutanı ucuzlaşdırmaq yolu ilə ixrac potensialını və yerli istehsalı gücləndirmək mümkündür. Ancaq bir daha qeyd edirəm ki, makro-iqtisadi tarazlıq olduğu halda, iqtisadiyyatın pozğunluğu olmadığı halda bu mümkündür”.

Fuad İbrahimov deyir ki, 2015-ci ildə manatın devalvasiyası çıxılmaz vəziyyət yarandığına görə gedildi:

“Bu bank sistemini yaramaz bir vəziyyətə gətirib çıxardı. Eyni zamanda makro-iqtisadi tarazlıq da pozuldu. Amma indiki vəziyyətdə manatın möhkəmlənməsinə getmək olmaz. Bu səviyyə (5-10 qəpik dəyişiklik normaldır) Azərbaycan manatının ən optimal səviyyəsidir”.

İqtisadçı alim devalvasiyanın baş verəcəyi ilə bağlı iqtisadçı həmkarlarının mövqeyini bölüşmədiyini dedi: “Hazırda Azərbaycan manatını heç bir təhlükə gözləmir. Yüksək təzyiqli devalvasiya gözlənilmir. Neftimizin qiymətinin vaxtilə 30 dollara da endiyini müşahidə etmişik. Düşünürəm ki, vəziyyətdən çıxmaq üçün kifayət qədər güc olacaq. İdxal-ixrac əməliyyatlarının göstəricilərində, eyni zamanda makroiqtisadi səviyyədə narahatlığa əsas yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.