Prezident: Müavinət alacaq şəhid ailələrinin siyahıları dəqiqləşdirilir və məsələ ilə bağlı açıqlamalar veriləcək

12-01-2019, 08:10           
Prezident: Müavinət alacaq şəhid ailələrinin siyahıları dəqiqləşdirilir və məsələ ilə bağlı açıqlamalar veriləcək
"Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək", - deyə dövlət başçısı əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.