Möhtəşəm, turisti bol olan “Yanardağ”, səriştəsiz işçilər... – Reportaj, FOTO

13-01-2019, 19:10           
Möhtəşəm, turisti bol olan “Yanardağ”, səriştəsiz işçilər... – Reportaj, FOTO
Azərbaycan adətən “Odlar yurdu” hesab olunub. Çünki onun iki nişanəsi “Yanardağ”ı və “Atəşgah məbədi” var.
Qış mövsümündə “Yanardağ”dakı vəziyyəti, marağı yaxından öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı kimi məkana gedib reportaj hazırlamağa çalışdıq.

Məlumatı olmayanlar üçün qeyd edək ki, “Yanardağ” dövlət qoruğu Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında yerləşir. Paytaxtın “Koroğlu” metrostansiyasının yaxınlığından 217 saylı avtobusla, təxminən 40 dəqiqəyə bura gəlmək mümkündür. Adı çəkilən avtobusun son dayanacağı məhz qoruğun lap yaxınlığında yerləşdiyindən bura gələn yolu rahat hesab etmək olar. “Yanardağ”a çatanda isə bir qədər çaşıb qaldıq. Ətrafda geniş tikinti işləri aparıldığından məkana dolayı, alternativ yolla getmək lazım gəlir. Tikinti işlərinin nə ilə bağlı olduğunu soruşduqda, bizə bildirilir ki, ərazidə müasir muzey kompleksi yaradılacaq.

Xatırladaq ki, bu ideya 2017-ci ilin dekabrında ölkə prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin vaxt qoruğa baxış keçirən prezident buradakı vəziyyətin dözülməz olduğunu bildirərək, bu vəziyyətin qısa müddət ərzində aradan qaldırılması, Azərbaycan vətəndaşları və turistləri üçün yüksək standartlara uyğun cavab verən şərait yaradılması ilə bağlı tapşırıqlar verilmişdi.

Qoruğun girişində bizdən bilet almaq tələb olunur. Yerli vətəndaşlar və turistlər üçün qiymət – 2 manat, tələbələr üçün -1 manat, şagirdlər üçün isə 20 qəpikdir. Bələdçi xidmətindən istifadə etmək üçün isə həm yerli vətəndaşlar həm də turistlər üçün 3 manatdır.

Beləliklə, qoruğa əyri, dolayı yolla daxil oluruq. “Yanardağ”a yaxınlaşıb ətrafı müşahidə edirik. Çoxlu sayda iranlı, hindistanlı və avropalı turistlərlə rastlaşırıq. Məkanda isə nə onları, nə də yerli vətəndaşları maraqlandıran suallara cavab verəcək heç bir məlumat, löhvə yoxdur. Bələdçilər isə kənarda özlər üçün söhbətləşir, ya da məkandan tez-tez uzaqlaşırlar. Günay adlı bələdçiyə yaxınlaşıb jurnalist olduğumuzu, bəzi suallar cavab almaq istədiyimizi bildiririk.


Aldığımız cavab isə qəribə olur: “Siz jurnalistlərə axı nə lazımdır? Bu yanan dağdır, vəssalam, daha nə öyrənəcəksiz?”. Bir qədər sonra isə özünü qoruğun işçisi kimi təqdim edən məkandakı turistləri, qonaqları belə nəzərə almadan, yüksək səslə, kobud şəkildə bizdən “sənə nə lazımdır, buranın demək olar ki, sahibi mənəm, nə sualın var ver” deyə soruşur.

Son illərdə turistlərin axın etdiyi “Yanardağ”dakı şəraitsizliklə bərabər işçilərinin bu cür səriştəsiz, qaba, heç bir işə yaramayan olması ilk növbədə acı təəssüf doğurur.

Quruğun ətrafındakı bərbad vəziyyətlə bərabər bu problemin də tezliklə həll olunacağını, burada da yaxşı xidmətlə qarşılaşacağımıza ümid edərək yanar dağın istisindən qızınmağa çalışırıq. Dağın yaxınlığında bir neçə dəqiqədən çox durmaq mümkün deyil, çünki istisi artıq adamı “vurmağa” başlayır.

Xatırladaq ki, əvvəllər “Yanardağ”ın əks istiqamətində yanan üç təpə olub, indi isə həmin təpələr sönüb. Onun hansı səbəbdən söndüyü barəsində isə məlumat ala bilmədik. Qoruğa gələnlər ilə söhbətləşirik, bizə bildirirlər ki, qaz getdikcə azaldığından digər iki təpədəki yanğın sönməyə başlayıb. Hazırda yanan məkanda da yanğın bir qədər azalıb. Məlum olduğu kimi Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da “Yanar dağ”ın mövcudluğuna istinadən qəbul edilib. Bəziləri bura dini inanc yeri kimi, bəziləri isə təbiət hadisəsi kimi baxır.

Əvvəllər bu abidə dünya atəşpərəstlərinin müqəddəs məkanı olub. Tarixi məlumatlara görə dağın ətəyində dünyanın bütün guşələrindən atəşpərəstlər toplaşarmış. Bura həmçinin buddistlərin də ziyarət yeri olub və onlar bu dağın müqəddəsliyinə inanıb, onun ətəyində meditasiya ediblər. Bu ənənə bu gün davam edir. Qoruqda mütəmadi olaraq iranlı və hindistanlı turistlər görmək mümkündür.

Dağın yanması prosesinə gəldikdə isə qeyd edək ki, dağ zəngin neft və qaz yataqları olan ərazidə yerləşir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Bəzi iddialara görə dağ şimşək nəticəsində yanmağa başlayıb. Eramızın əvvəllərindən yanmağa başlayan bu odu nə qar, yağış, nə də çovğun söndürə bilib. Qoruqda olarkən maraqlı bir məlumat da öyrəndik, sən demə xarici turistlər daha çox qış fəslində bura gəlməyə çalışır. Onlar elə düşünür ki, qar yağarkən və yaxud çox soyuq olduğu zaman bu dağ sönə bilər. Lakin qar yağanda belə yaranan mənzərə eyni olduğu üçün turistlət heyrətlənir, təəccüblənirlər.

“Yanardağ”ın yaxınlığından ayrılıb, yuxarı hissəyə qalxmağa çalışırıq. Turistlərlə birgə biz də yuxarı qalxmaqda çətinlik çəkir, hər an yıxılmaq təhlükəsi ilə üz-üzə dayanaraq yuxarı hissəyə keçirik. Buranın yalnız ağ daşlardan “Yanardağ” sözləri yazılmış görüntüdən, boş ərazidən ibarət olduğunu görüb, yalnızca fotolar çəkdirib, aşağı enirik.

Bələdçinin kobud şəkildə dediyi kimi, yalnız yanan dağı müşahidə edib, heç bir geniş məlumat əldə etmədən sakitcə məkandan ayrılırıq. Əsrlər boyu təbii qazın çıxması nəticəsində, gecə-gündüz alovlanan, bununla da bütün dünyanın marağını üzərinə çəkən qədim abidənin bu cür məlumatsız, kobud, səriştəsiz işçilərdən ibarət, bərbad şəraitdə saxlanılması görəsən nə qədər davam edəcək? Qoruqda olan bir turistin bizə dediyi kimi, əlimizdəki olan dəyəri nə zaman biləcəyik?

Ümid edirik ki, Mədəniyyət Nazirliyi tezliklə bu problemin aradan qaldırılmasına çalışacaq.

Xalidə Gəray
Musavat.com
Fotolar və video müəllifindir


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.