Söz üstadı Ağalar Bayramov 65 yaşı tamam oldu- VİDEO

15-01-2019, 20:41           
Söz üstadı Ağalar Bayramov 65 yaşı tamam oldu- VİDEO
Söz! Görəsən, biz sənin borcundan çıxa bilərikmi? Görəsən, sənin qədər bizə xidmət edən ikinci bir şey varmı?..
Söz! Sən olmasaydın, biz sevgimizi necə anladardıq? Sən olmasaydın, qəzəbimiz qılınc kimi içimizi doğramazdımı?..
Bəli, sözlərin də sakiti, cəsuru, qorxağı, mehribanı, qəzəblisi var, lap elə içimizdə olan hisslər kimi…
…Sözlərin toxdağlıq tapdığı, kəlmələrin barışdığı yer- Şeir! Sən ürəklərə sərinlik gətirən meh, ruhu sakitlşdirən məlhəmsən. Gör, sənə xidmət edən nə qədər insanın başını uca etmisən, süfrəsində bərəkətə dönmüsən?..
Şeir- Tanrının insanlara pıçıltısı..
…O, 1954-cü ildə Ucar rayonun Boyat kəndində dünyaya gəlib. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdandan bir qədər sonra nənəsi rəhmətə gedir və o, artıq rayonda qala bilmir. 6 ay sonra Bakıya yollanır, orada fəhləlik edib pul qazanıb dolanır. 1977-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna qəbul olunur. 1979-cu ildə orada təhsilini başa vuraraq özfəaliyyət dram dərnəyi rəhbəri ixtisasına yiyələnir.
1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
2002-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, “Qızıl qılınc” mükafatı laureatıdır. Ailəlidir, biq qızı, bir oğlu var…
…Bəli, Tanrının pıçıltısından yaranan şeirləri öz səsinin qüdrəti ilə insanlara çatdıran, insanları riqqətə gətirən bir insan var – əməkdar artist Ağalar Bayramov…
Bütün ömrü boyu el toylarının, ədəbi məclislərin bəzəyi olub. istedadıyla xalqa xidmət edib…
…Deyirlər ki, sənətkarı xalq saxlayar. O xalqını sevdiyi kimi, xalqı da onu sevir…
Yanvarın 16-sı Ağalar Bayramovun doğum günüdür, 65 yaşı tamam olur. Onu bu münasibətlə Atlantik okeanın sahillərindən, uzaq Amerikadan təbrik edir, ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Qoy Tanrının pıçıltılarını bizə yüksək, əzəmətli səsilə çatdıran sənətkarımız var olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçaiqan













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.