ABŞ-ın kürd “sevgisi” Azərbaycanı da təhdid edir - təfərrüat

16-01-2019, 09:02           
ABŞ-ın kürd “sevgisi” Azərbaycanı da təhdid edir - təfərrüat
Rus politoloqdan iddia: “Göstərilən ssenarinin gerçəkləşməsi halında hərc-mərcliyin yeni dalğası Cənubi Qafqazı, özəlliklə də İranla uzun sərhədi olan Azərbaycanı basacaq...”
Kürd məsələsi ABŞ və Türkiyə arasında böhrana səbəb ola bilər. ABŞ prezidentinin Suriya kürdlərini müdafiə edən çıxışı Türkiyədə qəzəb doğurub. Xatırladaq ki, bazar ertəsi günü ABŞ prezidenti sosial şəbəkə hesabından yazıb ki, əgər Türkiyə kürdləri vurmağa başlasa, Vaşinqton Türkiyəni iqtisadi embarqolarla məhv edər. Eyni zamanda o, Türkiyə və Suriya kürdləri arasında 20 mil uzunluğunda ayırıcı zona yaradılacağı, kürdlərin Türkiyəyə qarşı təhdid yaratmasını istəmədiyini deyib.

Bu təhdiddən bir gün sonra ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Açıqlamadan məlum olur ki, liderlər söhbət zamanı Trampın Türkiyəyə embarqo təhdidini müzakirə etməyiblər. Danışıqlar zamanı Türkiyə prezidenti ABŞ ordusunun Suriyadan çıxarılmasını məmnuniyyətlə qarşılayıb və bununla bağlı Vaşinqtona dəstək verməyə hazır olduğu vurğulanıb. Bundan başqa, danışıqlarda Türkiyə və kürdlər arasında təhlükəsizlik bölgəsi yaradılması qərarlaşdırılıb. Ərdoğan deyib ki, Tramp ordunun Suriyadan çıxacağını təsdiqləyib. O, Trampla telefon danışıqlarında “tarixi fikir birliyinə nail olduqlarını” deyib.

Ancaq göründüyü kimi, iki lider kürd mövzusunda hər hansı konkret razılaşma əldə etməyiblər. Yəni ABŞ administrasiyası kürd məsələsində əvvəlki qərarlı mövqeyini dəyişməyib. Yeri gəlmişkən, Trampın qoşunların Suriyadan çıxarılması barədə qərarından sonra bir sıra amerikalı siyasətçilər kürdləri müdafiə edən açıqlamalar verib. Hətta ABŞ müdafiə naziri Mattis istefa verib. Ötən həftə Türkiyəyə səfər edən ABŞ prezidentinin müşaviri Con Bolton Türkiyədən kürdlərə hücum etməməklə bağlı vəd aldıqlarını bildirib.

Əcəba, ABŞ hakimiyyətinin kürdlərə bu qədər dərin sevgisinin səbəbi nədir? Nədən Vaşinqton Suriyada bir neçə milyonluq kürd icmasını qorumaq üçün ordunu orada saxlamaq, hətta ərəb ölkələrinin dəstəyini göndərməyə çalışır, hətta Türkiyə kimi NATO-dakı əsas orduya sahib ölkə ilə qarşı-qarşıya gəlməyi gözə alır? ABŞ üçün kürdləri bu qədər vazkeçilməz edən nədir?

Məlum olduğu kimi, ABŞ-ın kürdlərlə Suriyadakı əməkdaşlığının tarixi 2013-cü ildən sonraya aiddir. Həmin il Suriya və İraqda aktivləşən İŞİD bir sıra bölgələri ələ keçirdi və bu zaman məlum oldu ki, ABŞ hökumətinin də dəstəklədiyi, hətta bir hissəsinə 2012-ci ildə təlim keçdiyi üsyançı islamçıların (əsasən ərəblər - K.R.) bir çoxu sonradan amerikalılardan aldıqları silahlarla birlikdə İŞİD-ə qoşulub. Üstəlik, həmin vaxt Ankara ilə Vaşinqtonun arası soyuqdu və Suriyanın taleyi məsələsində Ankara addımlarını heç də Vaşinqtonun addımları tutuşdurmurdu. Bu zaman Vaşinqton üçün kürd alternativi meydana çıxdı, çünki kürdlər də bu zaman Qərbdə himayəçi axtarırdılar.

Suriyanın əsasən şimal bölgələrində, Türkiyə və İraq sərhədinə yaxın 3 kantonunda (sonradan kürdlər daha bir kantonu ələ keçirərək 4 etdilər - K.R.) yaşayan kürdlərin sayı bəzi məlumatlara görə, 2 milyondan çoxdur. 2011-ci ildə Suriyada hadisələr başlayan zaman kürdlərin Suriyada pasportları belə yoxdu. Yalnız hadisələrdən sonra Bəşər Əsəd hökuməti kürdlərə müəyyən güzəştlər, o cümlədən pasport verdi. Suriyada hadisələr başlayandan sonra siyasi baxımdan təşkilatlanmış kürdlər tezliklə həm siyasi, həm də hərbi sahədə mərkəzləşdirilmiş hakimiyyət qurdular. PYD-nin hərbi qanadı YPG yaradıldı, daha sonra onun qadın qolu olan YPJ quruldu. İlk vaxtlarda YPG kürd kəndlərini islamçı silahlılardan, “Əl-Qaidə” və İŞİD hücumlarından müdafiə edirdisə, 2013-cü ilin sonlarından başlayaraq Suriya ordusunun çəkilməsindən sonra kürdlər sahib olduqları bölgələri nəzarətə götürməyə başladılar. 2014-15-ci illərdə kürdlər bölgədə əsas silahlı güc olan İŞİD-lə ağır savaşa girdilər, Kobani qəsəbəsi uğrunda kürdlər 5 ay İŞİD-in aramsız hücumlarına müqavimət göstərdilər. Nəticədə ABŞ-ın hərbi hava qüvvələrinin də dəstəyi ilə İŞİD-i Kobanidən qovmaq mümkün oldu və kürdlər bölgədə parlayan silahlı gücə çevrildilər. Bu dövrdə ABŞ daha yaxşı təşkilatlanmış, radikal islamla əlaqəsi olmayan (Suriya kürdləri sol təmayüllü təşkilatlarda birləşir - K.R.) kürdləri özünün əsas müttəfiqi olaraq görməyə başladı.

2017-ci ildə isə Pentaqon Ankaranın israrlarına rəğmən Raqqa əməliyyatını kürdlərlə bərabər həyata keçirəcəyini bəyan etdi. Bu əməliyyat uğurlu oldu və Raqqa indi ABŞ-kürd ittifaqının nəzarətindədir. Bu əməliyyata görə Vaşinqton kürdlərə 2017-ci ildə 300 milyon dollar, sonrakı illərdə isə 250 milyon dollar dəyərində silah və texnika bağışladı.

Ancaq məlum məsələdir ki, ABŞ-ın kürdlərə dəstəyinin arxasında təkcə Suriya kürdləri faktoru dayanmır. Məlum oldu kimi, Yaxın Şərqin 4 böyük ölkəsində - Türkiyə, İran, İraq və Suriyada - kürdlər yaşayır. Kürd mənbələri bu ölkələrdə və digər regionlarda (bunların içərisində Azərbaycan da var - K.R.) kürdlərin ümumi sayının 40 milyona yaxın olduğunu iddia edirlər. Və yuxarıda qeyd olunan 4 ölkədə kürdlər hərbi-siyasi gücə sahibdirlər. İraqda kürd muxtariyyəti 1971-ci ildən mövcuddur. 2003-cü ildən sonra İraq kürd muxtariyyəti öz ordusu, silahlı qüvvələri və parlamenti olan yarı müstəqil quruluşdur. Türkiyədə kürd siyasi qüvvələri 1980-ci illərdən təşkilatlanıb. Bundan başqa, PKK kimi silahlı kürd terror təşkilatı Türkiyə daxilində sabitlik üçün ciddi təhdidə çevrilib. İranda isə PEJAK qruplaşması zaman-zaman aktivləşərək hökumət qüvvələrinə qarşı hücumlar edir. İkinci Dünya müharibəsindən sonra kürdlər iki dəfə 1947-ci il Mahabad Respublikası və 1979-cu il İslam İnqilabından dərhal sonra kürd üsyanı başlayıb. Ancaq hər ikisində mərkəzi hökumət kürd üsyanını yatırsa da, İranda kürd silahlı üsyanlarının kökü var. Bu səbəbdən də hazırda İran üçün daxildən əsas təhdidlərdən biri məhz kürd faktorudur.

Yeri gəlmişkən, bu faktı politoloq Stanislav Tarasov regnum.ru saytında dərc olunan məqaləsində qeyd edib. “Strateq.az” saytında yayılan məqalədə qeyd olunur ki, Vaşinqtonun kürdlərdən “dörd əlli” yapışmasının səbəbi İrana qarşı planlaşdırılan fəaliyyətlərdir. Çünki Vaşinqton həm də Tehranı daxildən zəiflətməyə çalışır. Sitat: “Bütünlükdə aydın olur ki, Vaşinqton hərbdən savayı İrana təsir etməyin bütün cəbbəxanasını işə salıb. Amma Pompeo bundan sonra ”cürbəcür üsullar" işlətmək niyyəti və “gərəkli hərbi əməliyyatları yerinə yetirməyi davam etdirmək” bacarığından danışır...

Təsadüfi deyil ki, Vaşinqton Ankara ilə dialoqda Suriya kürdlərini satmır, Amerikanın “The National Interest” nəşrinin dəyərləndirdiyinə görə, indiki mərhələdə “daha çox İranın maraqlarına meyllənən” İran kürdlərinin separatizmini - müəyyən şərtlərlə - fəallaşdırmaq imkanına aşkarca bel bağlayır".

Müəllif iddia edir ki, “göstərilən ssenarinin gerçəkləşməsi başlanacağı halda hərc-mərcliyin yeni dalğası artıq təkcə Yaxın Şərqi deyil, həm də Cənubi Qafqazı, özəlliklə də İranla uzun sərhədi olan Azərbaycanı basacaq. Hələlik isə amerikalıların Suriyadan elan edilən gedişindən sonra elə görünür ki, Tehran Türkiyə ilə yanaşı, obyektiv şəkildə daha uduşlu durumda qalır. Amma bu, bölgədəki oyunun növbəti mərhələsinin başlanğıcı ola bilər”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.