Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını təhqir etdi - O, xarici diplomatları "qaz" adlandırıb.

16-01-2019, 09:20           
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını təhqir etdi - O, xarici diplomatları "qaz" adlandırıb.
Hazırda həbsdə olan bloger Mehman Hüseynovun İsveçrədə yaşayan qardaşı Emin Hüseynov Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarını təhqir edib.

Teref.az Demokrat.az-a istinadla xəbər verir ki, Emin Hüseynov sosial şəbəkə vasitəsilə etdiyi videomüraciəti zamanı qardaşı Mehman Hüseynovu ziyarət etdikləri üçün avropalı diplomatları təhqir edərək barələrində alçaldıcı ifadələr səsləndirib.

Emin Hüseynovun Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatları barədə səsləndirdiyi fikirləri təqdim edirik:

"Dünən avropalı diplomatlar Mehmanı ziyarət etməyə gediblər. Onları qaz kimi aldadıblar, qaz yerinə qoyublar".

Xatırladaq ki, 11 yanvar tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında M.Hüseynova baş çəkiblər. MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.

Müşahidənin nəticəsi olaraq bildirilib ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.

Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib (trend).













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.