Nədən Sumqayıt sakinləri hətta ilkin tibbi yardım üçün də Bakıya qaçırlar? - "Gənclər şəhəri"nin qocaman problemi...

21-04-2015, 13:20           
Nədən Sumqayıt sakinləri hətta ilkin tibbi yardım üçün də Bakıya qaçırlar? - "Gənclər şəhəri"nin qocaman problemi...
Ölkəmizin ən böyük şəhərlərindən biri sayılan Sumqayıtın səhiyyə sistemi ürəkaçan səviyyədə deyil. Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevin fəaliyyətində yer alan müxtəlif nöqsanlar şəhər ərazisində yerləşən tibb ocaqlarında bəzi problemlərin meydana çıxmasına rəvac verib.

Qeyd edək ki, şəhərin səhiyyə şəbəkəsinə daxil olan müəssisələrdə hökm sürən qanunsuzluqlar və şöbə müdirinin işinə laqeyd münasibət göstərməsi barədə mətbuat vasitələrində dəfələrlə tənqidi materiallar gedib. Di gəl ki, o qanuna sığmayan əməllərinə son qoymaq niyyətində deyil. Mətləbə keçməzdən öncə qısaca vurğulamaq istəyirik ki, Sumqayıtda səhiyyə sistemi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcud olub. 1948-ci ildən bu təsisat şəhər səhiyyə şöbəsi adı ilə fəaliyyətini davam etdirib. Ərazidə ilk tibb ocağı isə 1924-cü ildə əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş 3 saylı birləşmiş xəstəxana sayılır. Mənbələrdə sonralar Bakı şəhərinin nəzdində olan 16 saylı Sumqayıt poliklinikasının yaradıldığı göstərilir. Sumqayıt şəhər statusu alanda burada mövcud olan səhiyyə obyektləri əsasən Kimyaçılar qəsəbəsi kimi tanınan massivdə pərakəndə halda taxta baraklarda yerləşirdi. Hazırda səhiyyə şöbəsinə 7 xəstəxana, 2 doğum evi, 5 dispanser, 3 şəhər poliklinikası, "Kimyaçı" poliklinikasi, 2 tibbi sanitar hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, uşaq stomatoloji poliklinikasi və uşaq sanatoriyası daxildir. Məlumatlı şəxs iddia edir ki, Ələkbər Tağıyevin nəzarəti altında fəaliyyət göstərən tibb personalının yetərli hissəsi yetərincə peşəkar olmadığından ən adi xəstəlikdən əziyyət çəkən insanlar belə, normal müayinə və müalicə ala bilmirlər: "Sumqayıt sakinləri xəstəxanalarda lazımi səviyyədə tibbi xidmət görmədiklərindən məcburiyyət qarşısında qalıb Bakı şəhərinə üz tutmalı olurlar. Şöbə müdiri vəzifəyə gəldikdən sonra bir qrup sakin onun qəbuluna düşüb mövcud problemlərini çatdırmaq, şikayətçi olduqları məsələlərə aydınlıq gətirmək istəsələr də, qarşı tərəf hər dəfə süni əngəllər yaradaraq əhali ilə görüşdən imtina edib. Sumqayıtdakı tibb ocaqlarının bir çoxunun fəaliyyəti bərbad vəziyyətdədir. Əhaliyə normal tibbi xidmət göstərilmir. Xəstəxanaların və sanatoriyaların ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait təyinatı üzrə istifadə olunmur". Araşdırmalar nəticəsində öyrəndik ki, Sumqayıt Səhiyyə Şöbəsi tərəfindən son illər ərzində saysız-hesabsız tenderlər həyata keçirilib və qanun pozuntularına yol verilib: "Təkcə 2012-ci ildə şöbəyə ayrı-ayrılıqda ərzaq məhsullarının alınması üçün böyük vəsaitlər ayrılıb. Bu vəsaitin 451401 manatı "İdeal Təchizat kommersiya 2012" MMC və "Ayan-2012" MMC şirkətləri vasitəsi ilə digər ərzaq məhsullarının satın alınmasına "sərf" olunub. "Qızıl Torpaq Kəndli-Fermer" MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı məhsullarına isə 743000 manat "xərclənib". Xəstəxanalara çörək alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64990 manat silinib. Deyilənlərə görə, şöbə müdirinin tender işlərində böyük təcrübəsi var. Belə ki, onun özünə yaxın şirkətlər vasitəsilə məlum niyyətlərini həyata keçirdiyi vurğulanır". Səhiyyə şöbəsinin rəhbərinin fəaliyyəti ilə bağlı mətbuatda bir neçə dəfə sorğu keçirilib. Əksəriyyət isə Ələkbər müəllimin fəaliyyətindən narazı qaldığını dilə gətirib. Məsələn, müstəqil yazar Elçin Abdullayev bildirib ki, Sumqayıt səhiyyəsinin hazırkı durumu ilə tanış olan hər bir şəxs bu adamın rəhbərlik qabiliyyəti haqda çox rahat fikir yürüdə bilər: "Təbii ki, bu gün respublikamızda, eləcə də Sumqayıtda kifayət qədər potensiala malik perspektivli həkimlərimiz var. Bunu danmaq olmaz. Lakin əfsuslar olsun ki, bu şəxs onların fəaliyyətinə kölgə salır. Bu da ümumilikdə Sumqayıt səhiyyəsinin adının mənfi istiqamətdə hallanmasına dəlalət edir. Ən acınacaqlı hal isə bundan ibarətdir ki, səriştəsiz rəhbərlik qalır kənarda, sıravi həkimlərdə günah axtarırlar". Aidə Eyvazova adlı vətəndaş isə söyləyib ki, səhiyyə şöbəsinin müdirinin fəaliyyəti sıfra bərabərdir: "Bu yaxınlarda anam təzə açılmış xəstəxanada kardiologiya şöbəsində yatmalı oldu. İki nəfərlik otağa görə əlavə pul ödəməli olduq. Bunu gecə anamı xəstəxanaya apararkən növbətçi həkim tələb kimi qoydu. İynə və dərmanları, hətta spirt, şprits və pambığı da özümüzə aldırdılar. Xəstəxanada yatdığı müddətdə bir neçə dəfə rentgen müayinəsi və kardioqrama aparatından keçirilmə pulu isə 4-5 manat təşkil edirdi. Pulu alıb iş görən tibb personalı deyir ki, xəstəxanada işlədilən tibb ləvazimatının özünü onlara pulla satırlar. Etiraz edəndə isə deyirlər ki, Bakıda xidmət bizdən bahadır". Hər halda, nə qədər qəribə səslənsə də, Sumqayıt səhiyyəsinin reallığı bu cürdür. Biz hələ şəhərin ayrı-ayrı tibb ocaqlarında, o cümlədən təcili tibbi yardım stansiyasında yaşanan özbaşınalıqları demirik. Gələn saylarımızda Sumqayıtın səhiyyə şəbəkəsinə daxil olan müəssisələrdə mövcud olan problemlər və Ələkbər Tağıyevin həkimlərdən "tələb"ləri haqqında araşdırma yazısı dərc edəcəyik. Bizi izləməkdə davam edin. Ümid edirik ki, Səhiyyə Nazirliyinin və digər əlaqədar qurumların rəsmiləri məsələ ilə maraqlanıb, şöbə müdirini layiqli şəkildə cəzalandıracaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.