Avropa İttifaqı ilə saziş ertələnə bilərmi?

18-01-2019, 08:36           
Avropa İttifaqı ilə saziş ertələnə bilərmi?
Ekspert: “Bu saziş Azərbaycana lazımdır, amma Avropaya daha çox lazımdır”

Azərbaycanla Avropa İttifaqı arasında mart ayının sonlarında tərəfdaşlıq sazişinin imzalanmasına hazırlıq getdiyi bir vaxtda siyasi məhbus məsələsi, xüsusilə blogger Mehman Hüseynov məsələsi gündəmə gətirilib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində deyib ki, yaranmış vəziyyətdən narahatdır. Bir çox beynəlxalq təşkilatlarda bunun ciddi rezonans doğuran bir hadisəyə çevrilməsi istiqamətində işlər aparılır. Burada Azərbaycana qarşı qüvvələr də öz rolunu oynayır: “Mehman Hüseynov aclıq aksiyasını dayandırıb, ancaq bunun beynəlxalq qurumlarda çox ciddi müzakirə obyektinə çevrilməsinə çox ciddi cəhdlər göstərilir.

Son hadisələr buna dəlalət edir ki, Azərbaycanla bağlı hər hansı məsələ gündəmdən çıxan kimi başqası gündəmə gətirilir. Xüsusilə İlqar Məmmədov azadlığa çıxandan sonra beynəlxalq qurumların gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yox idi. İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir, bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil. Ancaq düşünürəm ki, normal və heç bir problem olmadığı vaxtda yaxşı nailiyyətlər də əldə etdik. Məsələn, Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri qaldırdıq, Avropa Şurasında məruzəçilərlə danışıqların normal gedişinə nail olduq. Amma hamısı yenidən imtahana çəkilir. Birinci dəfə olmadığından bizdə belə bir fikir formalaşır ki, bu, təsadüf ola bilməz".

Bəs Mehman Hüseynov məsələsi Avropa İttifaqı ilə saziş imzalanmasına təsir edə bilər?

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, istər daxildə müxalifət, istərsə də xaricdəki müxalif qüvvələr və ya beynəlxalq təşkilatlarda anti-Azərbaycan şəbəkəsi təhrif olunmuş məlumatlar üzərindən, Azərbaycanda bir məhbusu öz iradəsinə zidd olaraq siyasi məqsədlərlə istifadə edirlər. Xarici ölkələrdəki anti-Azərbaycan qüvvələri ilə bağlı olan ölkədaxili şəbəkə də bloggerin aclıq etdiyi və hər an ölə biləcəyi xəbəri üzərindən siyasi manipulyasiyalar apardılar:

“Ümumiyyətlə, günümüzün bir reallığıdır ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları təşəkkül tapmışlar və onların hədəflərinə çatmaq məqsədilə təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyalarının aparılması təcrübəsi mövcuddur. Məhz bu istiqamətdə son illər qlobal siyasi müstəvidə demokratiya, insan haqları mövzusu geniş istifadə olunmaqdadır və zaman-zaman bu mövzular ətrafında yaradılmış süni ajiotajın dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadəsi təcrübəsi mövcuddur. Avropa İttifaqı, həmçinin bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif iqtisadi lobbi qruplarının müəyyən sazişlər öncəsi dvidend qazanmaq istiqamətində, qurumun özünə qarşı istifadə olunduğunun fərqindədir. Bu mövzular ətrafında baş verənlərin uzunmüddətli hesabda Aİ maraqlarına hədə olaraq istifadə olunan manevrlərə əsas verməsi artıq bir neçə ildir Avropa qurumlarının strateji və təhlükəsizlik sahəsini araşdıran qurumlarının hesabatlarında öz əksini tapıb. Bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif siyasi iqtisadi lobbi qruplarının maraqlarına xidmət etməsi isə göz önündədir. Biz dəfələrlə Avropa qurumlarında öz daxili nizamnamə və prosedur qaydalarının ziddinə gedərək, Azərbaycana qarşı siyasi təzyiq təşəbbüslərinin hüquqi addımlarla həyata keçirilməsinin şahidi olmuşuq. Bu dəfə də buna çalışacaqlar".

Ekspertin fikrincə, Mehman Hüseynov məsələsi üzərindən cəhdlər olsa da bu məsələ Avropa İttifaqının Azərbaycanla saziş imzalamasına mane olmayacaq: “Aİ son illər Azərbaycanın məhz Avropa qurumlarında bu istiqamətdə mütəmadi hücumlara məruz qalan dövlət olmasının fərqindədir. 2018-ci ildə Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında imzalanmış baza sənədi, Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında danışıqların yekunlaşmasına diqqəti çəkmək istəyirəm. Sənəd tərəfdaşlıq prioritetlərinin yaxın bir il üçün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir və tərəflər arasında münasibətlərdə və ən əsası, qarşılıqlı öhdəliklərdə prioritet olan mövzular sırasında demokratiya, insan haqları mövzusuna, ümumiyyətlə, toxunulmadı. Odur ki, bu mövzular və bu istiqamətdə olan öhdəliklər Aİ və Azərbaycan arasında əməkdaşlığın prioritetləri sırasına daxil edilməyib.

Prioritetlər bizə istər Avropa Şurası Parlament Assamleyasında, istər Avropa İttifaqının komissiyalarında, dövlətlərarası komitədə mövqelərimizin möhkəmlənməsinə əsas verir. Məsələn, hər hansı bir təşkilatın nizamnaməsi var, o nizamnamə ilə gedəcəyik, nizamnamədən kənara çıxdıqda isə bu, təzyiq vasitəsi kimi qiymətləndiriləcəkdir. Biz son illər sırf Azərbaycanla bağlı deyil, digər ölkələrlə də bağlı Avropa qurumlarının verdiyi hüquqi qərarların siyasi təsir altında verilməsi cəhdlərinin şahidi oluruq. Bu prioritetlərin müəyyən olunması hüquqi qərarlara siyasi müdaxilələrin olmamasına əsas yaradacaq. Avropa Şurası Nazirlər komitəsi İlqar Məmmədov presedentini Azərbaycanın ədliyyə sisteminə təzyiq vasitəsinə çevirdi. O səbəbdən də bu prioritetlərin müəyyən olunması bu kimi sui-istifadə hallarının qarşısını alacaq və Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi.

Üzərində işlənilən yeni saziş Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur və Azərbaycan-Aİ münasibətlərində mühüm mərhələnin başlanğıcıdır. Yeni tərəfdaşlıq sazişi üzərində tərəflər intensiv iş aparır və sazişin bəndlərinin əksəriyyəti tərəflər arasında razılaşdırılıb. Azərbaycan Aİ üçün Cənubi Qafqazın-regionun açar ölkəsidir. Azərbaycan həmçinin Aİ üçün qitənin enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Nəyə görə bu ifadə çoxlarını qıcıqlandırır. Reallıq odur ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən keçid regionu, tampon zona adlandırdığımız Cənubi Qafqaz regionunun açar ölkəsidir, Avropa isə bu regionda özünün dayanıqlı mövcudluğu istiqamətində hərtərəfli dərin münasibətlərin yaranmasında, əlaqələrin formalaşmasında maraqlıdır. Bu, Azərbaycana da lazımdır, amma Avropaya daha çox lazımdır. Odur ki, Mehman Hüseynov və ya başqa hansısa məhbus məsələsinə görə tərəfdaşlıq sazişi kənara qoyulmaz".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.