Cəbrayıl və 20 Yanvar həqiqətləri - Keçmiş döyüşçü yazır 2 - ci hissə

19-01-2019, 09:58           
Cəbrayıl və 20 Yanvar həqiqətləri - Keçmiş döyüşçü yazır 2 - ci hissə
Qandalları açdılar. İki əsgərin müşayiəti ilə çölə çıxıb həmişə mitinq apardığımız tribunaya yaxınlaşdım (İlahi, bu millətə mənim canım qurban – V.Ə.) (İlahi, bu millətə mənim canım qurban – V.Ə.) Alqış sədaları ay-ulduzlu bayrağımızın qaldırıldığı meydanı bürüdü. – Eşq olsun sizlərə, mənim qeyrətli cəbrayıllılarım, – deyə özümü ələ almağa çalışdım. Qəhər məni boğdu. Birtəhər sakitləşib dedim:
- Mən sizə minnətdaram. Sizlərdən ötrü ölməyə də dəyər. Ancaq sizdən bir xahişim var. Bir azdan bizi burdan çıxarıb stadiondakı vertalyota aparacaqlar. Hara aparacaqlar, o da bilinmir. Ona görə də heç kəs onların qabağını kəsməsin. Bu adamların məqsədi nəyi isə bəhanə edib qan tökməkdir. Hamınız bilirsiniz ki, bizim günahımız yoxdur. Əgər torpaq qorumaq cinayətdirsə, istənilən cəzanı versinlər. Haqqınızı halal edin.
Sozümü deyib qurtaran kimi əsgərlər mənim qollarımı burub içəri apardılar. Xaqani müəllimə, Rəşid müəllimə, Moskvalı müstəntiqə baxdım. Onları belə aciz görməmişdim. Safronov dedi:
- Mən belə olmasını istəmirdim. Rafiq Quliyevə (Allah rəhmət eləsin) söz vermişdim, amma məndən asılı deyil. Mümkünsə, məni bağışlayın, – deyib binadan çıxdı.
Rəşid müəllim üzümə baxmadan: – Mən əlimdən nə gəlirsə edəcəyəm, anandan da arxayın ol, – dedi.
(Bir məsələni də qeyd edim ki, mən Rəşid müəllimin oğlu Fuada bir müddət ev şəraitində dərs demişdim. İndi Binəqədı polisındə işləyir. Polis mayorudur. Atası kimi cəbrayıllılara böyük horməti var).
Anamdan halallıq aldırdan sonra məni, Xanışı və Mamedi binanın arxasındakı RAF-ın yanına gətirdilər. Sonra da Oktayı gətirib maşına mindirdilər. RAF Quycaqlı Arif Alekseyevə məxsus idi (Sonralar Quşçularda şəhid oldu. Allah rəhmət eləsin). Bir də gördük ki, Arifin qollarını burub zorla gətirirlər. Yelovskinin müavini olan mayor onu göstərərək dedi ki, sürücü budur, ancaq sürmək istəmir. Yelovski tapançanı Arifə tuşlayıb maşına oturmağı əmr etdi. Arif sinəsini açaraq: – Məni öldürməklə hədələyirsən, vur, amma öldürsəniz də o maşına oturmayacağam, alın, bu açar, bu da siz, özünüz sürün, – dedi.
Yelovski nə fikirləşdisə, Arifdən açarı alıb sükanın arxasına keçdi. Meydandakılar bizi alqışlarla yola salırdı.
RAF stadiona tərəf istiqamət götürdü. Stadionda 3 vertalyot var idi. Bizi düşürdülər. Oktay özündə deyildi. Qızdırmadan alışıb yanırdı. Onunla birlikdə Xanışı və Mamedi də vertalyota mindirdilər. Yelovskini kənara çəkib dedim:
- Üç nəfərin həbs olunduğu haqda Moskvaya məlumat vermisiniz. Bir nəfər artıqdır. Oktay ağır xəstədir. Gəl, kişilik elə, onu azad et.
Yelovski nə fikirləşdisə, uşaqlar əyləşdiyi vertalyota yaxınlaşıb içəri boylandı. Görünür, Oktayın durumunun necə olduğunu bilmək istəyirdi. Sonra əmr etdi ki, onu düşürüb RAF-a aparsınlar (Tam əminliklə deyə bilərəm ki, Oktay bizimlə getsəydi, sağ qayıtmayacaqdı. İndi özü də deyir ki, sən olmasaydın, mən ölmüşdüm). Birdən Oktay mənə tərəf dönərək: – Danışığınızı eşitdim, nahaq belə etdin, mən heç kəsdən artıq deyiləm, haqqınızı halal edin, – deyib RAF-a əyləşdi.
Yelovskiyə dedim:
- Bəlkə, ikinci bir kişilik edib, bizi hara aparacaqlarını deyəsən?
- Sizdən ötrü bunun nə əhəmiyyəti var? – Yelovski soruşdu. – Bir də ki, bizim işimiz bura qədərdir, mənə bir şey deməyiblər, ancaq o adamlarla yol boyu konfliktə girməyin, yoxsa nəticəsi pis olar, mən zabitəm və əmr yerinə yetirirəm, – deyib Oktayın mindiyi RAF-a əyləşərək, əsgərləri ilə birlikdə stadionu tərk etdi.
Vertalyot yerdən təzəcə qalxmışdı ki, Xanış sakitcə mənə: – Asağı bax, – dedi. Asağıya baxanda gördüm ki, "Jiquli” markalı bir avtomobil sürətlə stadiona girdi. Qapılar açıldı, anam yenicə havaya qalxan vertalyotun ardınca qaçırdı. Vertalyotun pərləri onun başındakı yaylığı kənara atdı, külək ağ saçlarını dağıtdı. Bir az qaçıb yıxıldı. Ayağa durmaq istədim. Mənimlə üzbəüz əyləşən əsgər avtomatı sinəmə dirəyib atəş açacağını bildirdi. Yenə aşağı baxdım. Anamla gələnlərin onu qaldırıb maşına apardıqlarını görəndə bir az sakitləşdim. Əllərim əsirdi. Əlimi tərpətdikcə qandallar daha da sıxılır, qollarımı kəsirdi. Öz-özümə deyirdim ki, əgər sağ-salamat qayıdıb gəlsəm, bu millətə düşmən kəsilənlərdən intiqam alacağam…
İki saatlıq uçuşdan sonra vertalyot yerə endi. Gözlərimə ilk sataşan isə, "welcome” sözü yazılmış lövhə oldu. Bu iki saat müddətində bir kəlmə belə kəsməyə imkan verməmişdilər. Uşaqların kefini açmaq istədim. Üzümü Mamedə tutub dedim:
- Ay Mamed, deyəsən bizi sovet ordusunun xaricdəki bazasına gətiriblər. Mən alman dilində bir az bilırəm, amma bu söz tanış deyil. Bax gör, bu söz nə deməkdir.
- Sənin də kefin durub, bu, ingiliscə "xos gəlmisiniz” deməkdir, bir də xaricə iki saata uçmaq olmaz, – deyə Mamed cavab verdi.
Bunu demişdi ki, bizə asağı düşməyi əmr etdilər. Əsgərlərdən, bizi hara gətirdiklərini soruşduq. Sanki lal-kar idilər. Yol boyu da belə idi. Aşağı düşdükdə qəribə bir mənzərə ilə rastlaşdıq. Əllərində təlim itləri olan 20 nəfər əsgər iki sıraya düzülüb bizi gözləyirdi. İtlərin ağzı bağlı idi. Bizi görən kimi ağızlarına vurduqları qayışdan olan qoruyucuları açdılar. Əllərimizlə sifətimizi tutduq ki, bu vəhşi itlər üz-gözümüzü parçalamasınlar. Arabir itlərin qayışlarını boşaldır, onlar da üstümüzə atılaraq əynimizdəki paltarları didib parçalayırdılar. Bizi bu qaydada həbsxana maşınlarının yanına gətirərək, başqa əsgərlərə təhvil verib getdilər (Bu, ikinci bir psixoloji təsir forması idi. Birinci dəfə Cəbrayıldan gətirilərkən bizi aparan vertalyot sağdan və soldan iki hücum vertalyotunun müşayiəti ilə uçurdu. Sanki dünyanın ən məşhur terrorçularını tutmuşdular. Bu it məsələsi də ikinci idi – V.Ə.). Birdən həbsxana maşınının yanında, əsgərlərin arasında bizi görən bir mülki şəxs maşına yaxınlaşdı. Əsgərlər ondan uzaqlaşmağı tələb etdilər. Həmin adam müqavimət göstərib kim olduğumuzu soruşurdu. Danışığından gürcü olduğu şübhəsiz idi. Azərbaycandan gətirildiyimizi bildirib, ondan buranın hansı şəhər olduğunu soruşduq. – Siz Tbilisidəsiniz, – dedi.
Bizi həbsxana maşınında bir təcridxanaya gətirdilər. Və həbsxana nəzarətçilərinə dedilər ki, guya çox təhlükəli adamıq, Bakı şəhərində qeyri-azərbaycanlılara hücum etmişik, tutularkən 7 avtomat müsadirə olunub. Gürcü nəzarətçilər isə bizim cinayətkardan daha cox, ziyalıya oxşadığımızı dedilər. Biz də onların yalan danışdıqlarını dedik, /strongüçümüzün də müəllim olduğumuzu bildirdik. Sonra bizi gətirənlər lüt soyunmağımızı əmr etdilər. Gürcülər etiraz etdikdə, ruslar harasa zəng vurub telefonu gürcü zabitə verdilər. Nə danışdılarsa, ruslara nifrətlə baxıb soyunmağımızı tələb etdilər. Bu zaman maraqlı hadisə baş verdi. Paltomu soyunarkən döş cibimdən bir qəzet çıxardılar. Serjant rütbəli gürcü, onu başqa bir gürcü zabitə göstərdi. Ruslar qəzeti onlardan almağa çalışırdılar. Az qala əlbəyaxa olacaqdılar. Bu, Bakı qırğınını əks etdirən 25 yanvar tarixli "Səhər” qəzeti idi. Qadağan olunan bir şey tapmadıqlarından, geyinməyimizi əmr etdilər. Rus və gürcü zabit birlikdə bizi 6 saylı kameraya gətirdilər. İçəriyə salanda gürcü bizə astaca, "bir az dözün” – dedi. İçəri keçdik. Tüstüdən göz-gözü görmürdü. Ayaq üstə durmuşduq. Hiss olunurdu ki, bura qatı cinayətkarların oturduğu kameradır. Cəmi on dəqiqə keçməmişdi ki, qapı açıldı. Gələn həmin gürcü zabit idi. Əlindəki "Səhər” qəzetini göstərib dedi:
- Sizdən üzr istəyirəm, Bakıda doğrudan da belə hadisələr olub? Axı başqa şeylər danışırdılar. Bizdə də 9 apreldə belə oldu… Əclaflar… Sizdən bir jurnalist də gətirmişdilər, dünən gəlib apardılar. Sizinkilərdən birini də bir az əvvəl gətiriblər, ancaq sizi onun yanına apara bilmərəm. Orda yer azdır. Sizi də ayırmaq istəmirəm.
Bakı qırğınları, ümumiyyətlə, Azərbaycanda baş verən son hadisələr haqqında gürcü zabitə ətraflı məlumat verdik. Həyatımızda ilk dəfə həbs edildiyimizi, hər üçümüzün müəllim olduğumuzu nəzərinə çatdırdıq. Ayrılarkən dedi:
- Mən bu gün növbəni təhvil verirəm. Sizin burda neçə gün qalmağınız da məlum deyil. Başsağlığımı da qəbul edin. Mən məlum 9 aprel hadisələrində əzizlərimi itirmiş adamam. Bakıda bu dərəcədə qırğın olduğunu bilmirdim. Mən bunu (qəzeti göstərir – V.Ə.) növbədən sonra hamıya göstərəcəyəm. Sizə köməkliyim başqa nə ola bilər ki? Burda sizdən başqa Camal Əhmədov adlı bir nəfər də saxlanılır. Sizin kimi millətini sevən adamdır. Dediyim kimi sizi onun yanına sala bilmərəm, amma 7 saylı kameraya salmağı tapşıracağam. Orada SSRİ kriminal aləminin məşhur simalarından olan Quram adlı "vor v zakone” yatır. Sizinkilərlə də yaxşı münasibəti var. Bütün İttifaq boyu gəzdiriləcəksiniz. Sizin "statya”nız (maddə) da yoxdur. Sizi heç kəs tapa bilməz. Çünki heç bir yerdə qeydiyyata alınmayacaqsınız. Sizi bura gətirənlər Sovet Ordusunun əks-kəşfiyyat idarəsinin zabitləridir. Elə bilirdiniz ki, onlar sıravi əsgərdirlər? Yox, ən azı kapitandırlar.
Gürcü zabit bizə: – bir daha bağıslayın, – dedi və gürcü serjantı (qəzeti mənim cibimdən çıxarıb ruslarla dava edən adam) çağırıb bizdən muğayat olmağını tapşırdı…
Bu da 7 saylı kamera. Serjant qapını açıb bizi Quramla tanış etdi:
- Quram dayı, Azərbaycandan Bəxtiyarın dostları gəlib.
(Allah Bəxtiyar, Hikmət, Mamed kimi bütün oğru dünyasında Azərbaycan adını şərəflə doğruldan qardaşların qapısını açsın, rəhmətə gedən qardaşlara rəhmət eləsin. Həbsxana həyatı yaşayan hər kəs bilir ki, oğru aləminin nə olduğunu bilir).
Bizi çox hörmətlə qarşıladılar. Nə lazımlırsa təşkil olundu. Bir anlığa hər şeyi unutduq. Quram bizi dinləyib dedi:
- Bir neçə saatdır burdasız. Sizdən də, Bakıda baş verənlərdən də xəbərimiz var. Sizi bura gətirmələrini də mən tapşırmışam. Sağ olsun uşaqlar. Yadda saxlayın ki, cinayət aləmində yaxşı oğlan söhbəti var. Burda milliyyət önəmli deyil. "Sayuzun” (İttifaqı nəzərdə tutur – V.Ə.) hər yerində yatmışam. Amma Bayıldan heç yerdə yoxdur. Mən öyrənmişəm, sizə bir dənə də "statya” (maddə – V.Ə.) verilməyib. Sizi bütün "sayuz” boyu gəzdirə bilərlər. Buna bizim anlamımızda Stolıpin deyərlər. Bir ay da ola bilər, bir il də. Özünüzü hər şeyə hazırlayın. Hara aparsalar, siyasi məhbus kimi qəbul olunmağınızı tələb edin. Mənim 65 yaşım var. Hər yerdə də oturmuşam. Sizə bir kağız verəcəyəm. Hara düşsəniz "smotrasiyaya” verərsiniz. Sizinkilərlə çox cörək kəsmişəm, Bəxtiyar kimi oğulu tanımışam.
(Sonralar rəhmətlik Bəxtiyarla ğorüşün birində bunu ona danışdım. Yerin cənnət olsun, ay Bəxtiyar).
Həmin kamerada qaldığımız müddətdə olmazın hörmət gördük. Dördüncü gün qapı açıldı. Hazırlaşmağımızı tapşırdılar. Qurama ünvan verdik. Dedik, imkan olsa, bunu Azərbaycana – yaxınlarımıza çatdırsın ki, bizi Tbilisidə görüblər və başqa yerə aparırlar. Sağ olsun, bu xəbəri çatdımışdılar. Quram dedi ki, siz çatmamış, xəbər hər yerə çatacaq. Verdiyi kağızı qorumağı tapşırıb, ovcuma xeyli pul da qoydu…
Qollarımızı yenidən qandalladılar. Bir az keçmişdi ki, hərbi formada 5 erməni gətirdilər. Biri yaralı idi. Əvvəlcə onları, ardınca bizi maşına mindirdilər. Bir azdan başqa birisini də gətirdilər. Sonuncusu maşına minəndə bizə dedi:
- Salam, mən Ağdamdanam, adım Camal, familiyam Əhmədovdur.
Mən də uşaqları göstərərək tanışlıq verdim:
- Salam, qardaş, biz də Cəbrayıldanıq. Bunun adı Xanıs, o birisininki Mamed, mənim adım isə Vaqifdir. Hər üçümüz müəllimik, özümüz də XC-nin üzvləriyik.
- Elə mən də XC-nin zibilinə düşmüşəm, – Camal dedi…
P.S.Dəyərli oxucular, bu yerdə söhbətin davamını Azərbaycanın qeyrətli oğullarından biri, mənim kamera yoldaşım Camal Əhmədova verirəm. Camal bəy bizim Rostov və Novoçerkassk həbsxanalarındakı həyatımızdan danışacaq.

Camal Əhmədov

DOSYE:Camal Əhmədov 1952-ci ildə Ağdam rayonunun Qərvənd kəndində anadan olub. İxtisasca hərbi mühəndis və hüquqşünasdır. 1991-94-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində xidmət edib. Qarabağ müharibəsi veteranıdır. Hazırda Azərbaycan Respublikası "Qanun-Hüquq” firmasının prezidentidir.

Həmin gecəni Tbilisi mərkəzi həbsxanasında saxlanıldım, cəmi 6 kvadratmetr sahəsi olan bu kamerada 7 nəfər dustaq idik. Fevralın 8-də səhər saat 8-də məni kameradan çıxarıb xüsusi dəhlizin sonunda dayanmış dustaq maşınına apardılar. Maşın iki kameralı olmaqla, hər ikisində dustaqlar var idi. Sol tərəfdə 3 nəfər azərbaycanlı, sağda isə 4 nəfər erməni dustaqlar yerləşdirilmişdi. Məni sol tərəfə – azərbaycanlılar olan kameraya ötürdülər. Salam verdim, sorğuma cavab olaraq AXC Cəbrayıl rayon şöbəsinin fəalları olduqlarını, rayonda general Safonov ordusu tərəfindən həbs edildiklərini, fevralın 6-da isə (məndən bir gün əvvəl ) Tbilisi həbsxanasına gətirildiklərini bildirdilər. Məsələdən xəbərdar olduğumu bildirdim. Dedim ki, Ağdamdanam, Haqq Cəbhəsinin sədriyəm, amma, AXC Ağdam şöbəsinin sədri adı ilə Safonov ordusu tərəfindən fevralın 7-də də həbs edilərək, əvvəlcə Stepanakertə, oradan da hərbi vertalyotla buraya – Tbilisi həbsxanasına gətirilmişəm. Vaqif müəllim qiyabi olaraq məni tanıdığını, haqqımda eşitdiyini bildirdi. Xanış və Mamed müəllim də Ağdamda – Qərvənd kəndində təsis edilmiş Haqq Cəbhəsi barədə eşitdiklərini dedilər.
Mamed müəllim ürək xəstəliyindən əziyyət çəkirdi. Hər üçü onlardan sonra Cəbrayılda nələrin baş verdiyi, ordunun yerli əhaliyə divan tutub tutmaması və daha kimlərin həbs edilib edilməməsi, insan tələfatına yol verilib verilməməsi barədə məlumatsız olduqları üçün dərin narahatlıq hissi keçirirdi. Sonrakı talelərinin nə ilə nəticələnəciyi barədə xüsusən də xəstə Mamed müəllim depressiv vəziyyətə düşürdü. Hardansa ağlına gəlmişdi ki, onların cinayət işinin istintaqını guya hansısa Karapetyan familiyalı müstəntiq aparacaqdı. Onlara dedim:
- Uşaqlar, özümüzü ələ almalıyıq. Belə hesab edək ki, bizi aparıb ağac doğrayan elektirik mişarı ilə doğrayıb, odun kimi yandıracaqlar. Özümüzü buna hazırlamalıyıq. Bizlər xalqın önündə olmuşuq, xalq bizlərə inanıb, arxamızca gedib. Düşmən qabağında sınmamalı, xalqımızın adına xələl gətirə biləcək qorxaqlığa yol verməməliyik. Son nəfəsə qədər döyüşməli, qorxub çəkinməməliyik. Gözümü açandan karapetyanlara mən rəhbərlik etmişəm, onlar mənə göstəriş verməyib və verə də bilməyəcəklər. Lakin unutmayaq ki, bizə baxıb rəhbərlik etmiş olduğumuz xalqın hazırkı kimliyini öyrənəcəklər. Bu gün bizlərin qorxaqlığı bizdən sonrakılar üçün acı nəticələr verə bilər.
Mən bu sözlərlə ürək-dirək vermək istəyirdim. Beləliklə, dustaq maşını Tbilisi hava limanına – uçuş xəttinə daxil oldu. Bir neçə saat gözlədik, lakin bizi harasa aparmalı olan hərbi nəqliyyat təyyarəsi uçub gəlmədiyinə görə, yenidən Tbilisi mərkəzi həbsxanasına qaytardılar və dördümüzü də, səhv etmirəmsə, 9-cu kameraya saldılar. Gecəni bir parça qara çörək, bir fincan qaynanmış su və bir tikə qəndlə axşam yeməyinə "qonaq etdilər". Mamed müəllimin qaynar su payını bir az bol şəkərli edib ona içirtdik ki, ürəyi daha da toxtaqlıq tapsın. Onun ürək ağrılarını üz-gözündən də hiss etmək olurdu.
Səhər tezdən bizləri yenə də eyni qaydada həmin təyyarə limanına gətirdilər. Maşından düşərək milli mənsubiyyətlərimizə uyğun üz-üzə cərgədə düzüldük. "Konvoy” rəisi hərbçi zabit və onun tabeliyində olan digər hərbçilər qollarımızı bir birimizin qollarımıza qandallayaraq, erməniləri sol, bizləri isə sağ tərəfdə hərbi desant təyyarəsindəki skamyada əyləşdirdilər. 8 nəfər "konvoy” və 2 "ovçarka” it də həmin salona yerləşdirildi. Yermizdən tərpənəcəyimiz və uçuş zamanı milli zəmində dava salacağımız halda, dərhal odlu silah işlədəcəkləri barədə xəbərdarlıq etdilər. Təyyarə səmaya qalxdı. Hara və nə üçün getdiyimiz barədə məlumatsız idik. "Mamed müəllim, gərək kafir oğlu məni sənə yox, Vaqif müəllimə qandallayaydı, o sənin kimi qorxaq deyil, dəvənin tacirə sözü olmasın, bunu bu kafirə halal etməyəcəm”, – deyə zarafat etdim. Dördümüz də gülməyə başladıq.
Sən demə əslən Dağıstandan olan Azərbaycanlı "konvoy” zabiti də mən dediyimi başa düşüb. O da güldü və yalnız rus dilində danışmağa icazə olması barədə xəbərdarlıq etdi. Nəhayət, təyyarə iki saatdan artıq bir müddət uçduqdan sonra enməyə başladı. Aşağıda ucu-bucağı görünməyən qarla örtülü meşə və çöllər görünürdü. "Konvoy” rəisi Rostov təyyarə limanına düşdüyümüzü, bizi digər konvoy dəstəsinə təhvil verəcəklərini bildirdi. Elə də oldu. Bizi təhvil alan ikinci konvoy dəstəsi hamımızı dustaq maşınına mindirib Novoçerkassk qapalı həbsxanasına gətirdi.
Həbsxana nəzarətçiləri bizi təhvil alıb, sovetlər ittifaqının ən məhşur qapalı həbsxanası olmaqla, xüsusilə təhlükəli residivist cinayətkarların saxlandığı həmin həbsxanın "boks” adlanan dustaqların qəbulu hissəsinə müşaiyət etdilər. Üzərimizə baxış keçirilərkən cibimdə olan diplomatik toxunulmazlıq hüquqlu pasportum, iki min manat nəğd pul (o devrdə böyük məbləğ idi) və SSRİ xarici iqtisadiyyat bankının literi və literdəki məbləğ dərhal həbsxana əməliyyat şöbəsi zabitinin diqqətini cəlb etdi. "Siz kimsiniz, sizi kim və hansı ağılla həbs edib, axı sizin toxunulmazlıq hüquqnuz var”, – deyə təəccüblə üzümə baxdı. Bu zaman "boks”da qəbul yoxlamasında olan digər dustaqlar "ni …a sebe, da je diplomata sajayut, paren tı trebovay prokurora” – deyə mənə müraciət etdilər. Dərhal bu barədə məlumat alan həbsxana rəisinin müavini "boks”a gəldi. Əlində general Safonovun, mənim həbsim barədə imzalayıb möhürlədiyi protokol var idi.
Protokola görə guya mən AXC Ağdam şöbəsinin sədri olmaqla, Dağlıq Qarabağdan 40 kilometr uzaqda yerləşən, bu muxtar vilayət tərkibində olmayan Qərvənd kəndində pasport rejimini pozmuş və milisə müqavimət göstərdiyim üçün 30 sutka müddətinə həbs edilmişəm. Bütün bunların yalan olduğunu, protokolu ilk dəfə gördüyümü, onu mənim əvəzimdən kimsənin imzaladığını, həmin imzanın isə mənim imzama qətiyyən bənzəmədiyini bildirərək, nəzarət prokurorunu tələb etməyim barədə ərizə yazıb imzaladım. Prokurorun yalnız həftənin birinci günü gələcəyini və məsələyə hökmən müdaxilə edəcəyini bildirən rəis müavininin göstərişi ilə dördümüzə də yataq ləvazimatı və dustaq qab-qacağı verərək, hamımızı bir kameraya -102-ci kameraya apardılar.
İlk növbədə o dövrün qanunlarına uyğun olaraq, ayda bir dəfə həbsxana mağazasından hesabımızdakı puldan nəğd ödənilməsi qaydasına uyğun olaraq siqaret, şəkər, peçenyə və sair digər ehtiyatlar tədarük etdim. Bir neçə sutkanın aclığı, yuxusuzluq və yorğunluğa baxmayaraq, yaxşıca yuyunub 6 nəfərlik kameranı sahmana saldıq, axşam yeməyini yeyib yatana qədər Vaqif müəllimlə birlikdə, istintaq zamanı Mamed və Xanış müəllimin verəcəkləri ifadə və sair barədə söhbətlər etdik. AXC Ağdam şöbəsinin faktiki fəaliyyəti, mənimlə mənfi münasibətləri, mənim AXC rayon şöbəsinin sədri adı ilə həbs edilməyim Vaqif müəllimə olduqca pis təsir edir və onu təəssüfləndirirdi. Ölkədə baş verənlər, Dağlıq Qarabağ məsələsinin yaranma səbəbləri, Heydər Əliyevin labüd həbslə üz-üzə qalması, bu həbsdən xilas olmaq naminə Qarabağ konfliktinin, onun DTK (KQB) həmkar və tərəfdaşları tərəfindən düşünülməsi, həmin dövlət qurumunda təmsil olunan bir sıra adamların AXC-də yerləşdirilməsi, onların H.Əliyevə yaxın şəxslər tərəfindən idarə edilmələri və s. barədə arqumentlərim, bir-birini tamamlamaqla baş verən hadisələriın təhlili onu düşündürür, olduqca narahat edirdi. O, həqiqətən də dönməz, vicdanlı, təmənnasız bir insan olmaqla, xalq, millət qarşısında məsuliyyətini dərk edir və Qarabağın heç bir halda ermənilərə veriləcəyinə inanmırdı.
Tbilisidə olarkən ilk gecə saxlandığım kameradakı gürcülərdən, Vidadi adlı azərbaycanlı jurnalistin də bir axşam həmin kamerada saxlandığını, mənim oraya gətirildiyim günün səhərisi saat 8 radələrində isə çıxarılaraq naməlum istiqamətə aparıldığını eşitmişdim. İndi onun da buraya gətirildiyini təxmin edirdim. Bunu Vaqif müəllimə də bildirdim. Və bu adamın çox güman ki, jurnalist Vidadi Bağırov ola biləcəyini dedim. Təxminlərimin özünü doğruldacağı təqdirdə onun da bizimlə bir kamerada saxlanmasının yolları barədə düşünməyə başladıq. Beləliklə, mənim təxminim və düşündüyümüz yollar baş tutdu. Səhəri gün telejurnalistimiz mərhum Vidadi Bağırov artıq bizimlə eyni kamerada idi. Beşimizi də kameradan çıxarıb hamama apardılar. Yuyunub geriyə qayıtdıq. Artıq hamımız bir-birimizi demək olar ki, kifayət qədər tanıyır, bütün sutkanı yalnız 20 yanvar və Qarabağ hadisələri barədə diskussiyalar aparırdıq. Vidadi isə mənim özüm və rəhbərlik etdiyim ictimai qurum barədə bir telejurnalist olaraq daha çox məlumatlı idi.
Üçüncü sutka idi ki, eyni həbsxanada saxlanılırdıq. Qəflətən kameranın qapısı açıldı. Vidadi ilə məni 102-ci kameradan 39-cu kameraya köçürdülər. Həmin kamera 4 nəfərlik idi. Vaqif müəllimgil isə 102-ci kamerada qaldılar. Mart ayının 8-ə qədər onlardan heç bir xəbər tuta bilmədik. Martın 8-də mən həbsdən azad edilib Ağdama gəldim, ayın 19-da isə təkrar həbs olundum. Amma minlərlə insan gecəykən milis idarəsinə hücum edib azadlığımı tələb etdərək buna nail oldu. Səhv etmirəmsə martın 23-də Vaqif, Xanış və rəhmətlik Mamed müəllim Cəbrayıldan Ağdamın Baş Qərvənd kəndinə gələrək evimizdə qonaq oldular. Haqq Cəbhəsinin yığıncağında insanlarla görüşərək, əsl həqiqətlər barədə bir daha məlumatlandırıldılar. Ərazini gəzib yerli təsərrüfatda çalışan insanlarımızın əmək şəraitləri ilə tanış olaraq, onlar arasında vətənpərvərlik, siyasi və ictimai azadlıqlar mözusunda səmimi söhbət etdilər…

(ardı var)
Mia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.