Rusiya Xaçmazda NATO ordusu görmək istəmirsə... - Politoloq

20-01-2019, 10:08           
Rusiya Xaçmazda NATO ordusu görmək istəmirsə... - Politoloq
Rusiya XİN-in son bəyanatının tonu və məzmunu göstərir ki, 20 Yanvar hadisəsinin 29-cu ildönümü ərəfəsində Moskvanın bu bölgəyə baxışında və siyasətində dəyişən bir şey yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Paşinyan iqtidara gəldikdən sonra bu siyasətin dəyişəcəyi, hətta Rusiyanın öz hərbi bazalarını Ermənistandan çıxara biləcəyi barədə Azərbaycanda səslənən spekulyativ xarakterli iddialar, gözləntilər özünü doğrultmadı:

“Bu gözləntilərin əbəs olduğunu dəfələrlə qeyd etmişdik, çünki Rusiyanın Ermənistana olan ehtiyacı nəinki azalmayıb, əksinə, güclənən geopolitik rəqabət şəraitində daha da artıb. Azərbaycan hökuməti öz xarici siyasətində Rusiya amilini kifayət qədər nəzərə alır və şimal qonşumuza böyük dövlət kimi lazımi hörmət nümayiş etdirir. Bu, əslində düzgün siyasətdir, çünki xarici siyasətdə gərəksiz radikallığa ehtiyac yoxdur, həssas regiondayıq. Amma gördüyümüz kimi, bu da yetərli olmur, çünki Moskva başqa xarakterli münasibətlər qurmaq arzusundadır, özünü metropoliya kimi görməyə davam edir və keçmiş sovet respublikalarına öz satelliti kimi yanaşaraq, bu yeni müstəqil dövlətlərlə bərabərhüquqlu əlaqələr formalaşdırmaq istəmir”.

Politoloqun sözlərinə görə, xarici siyasətdə Qərb istiqamətinə bir az ağırlıq verməklə Rusiyanın təsirini balanslaşdırmaq lazımdır:

“Söhbət institusional inteqrasiyadan getmir, yəni Avropa Birliyinə, NATO-ya üzvlük kursunun elan edilməsini nəzərdə tutmuram, bunun üçün hələ şərtlər yetişməyib. Amma Rusiya anlamalıdır ki, Gürcüstandan sonra Azərbaycan da avroatlantik inteqrasiya yolunu seçə və gələcəkdə Yalamada NATO-nun hərbi infrastrukturu peyda ola bilər. Azərbaycan bu yola getmirsə, onda Rusiya bunun əvəzini verməlidir, ən azı Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.