Əliyev təşəbbüsü ələ almağa çalışır: “qapıdan qapıya” kursu kimlərin kəlləsini apara bilər?

12-02-2019, 10:19           
Əliyev təşəbbüsü ələ almağa çalışır: “qapıdan qapıya” kursu kimlərin kəlləsini apara bilər?
Yanvarın 20-dən sonra hadisələr sinxron şəkildə davam edir: əvvəlcə prezident bloqçu Mehman haqda tapşırıq verir, şəhid ailələri ilə görüşür, 11 min manat birdəfəlik müavinətlərin ödənişinə başlanır.
Sonra I vitse-prezident dövlət müəssisələrinə ixtisar edilənlərin işinə bərpa edilməsi tapşırığını verir. Çox çəkmir ki, dövlət baçısı Şamaxıda zəlzələ bölgəsində qapı-qapı evləri gəzir.
Bunun fonunda baş nazirin meşələrdən giləmeyvə yığımına görə cərimə qərarı ləğv edilir, ən nəhayət - minimum əmək haqqı artırılır.
Anaxeber.info-nun analitik şöbəsi yazır ki, bu proseslər təxminən 20 gün ərzində baş verir. Eyni zamanda struktur islahatları, bir-birini təkrarlayan, faydasız qurumların ləğvi paralel aparılan yeni dövlət idarəçiliyi modelinin tətbiqindən xəbər verir.
Biz hələ illər əvvəl bu proqnozları yazırdıq: belə davam edə bilməz, islahatlar qaçılmazdır, yeni komanda formalaşdırılacaq, rüşvətə bulaşmış köhnə qvardiya ilə vidalaşacaqlar, yumşalma siyasəti gedəcək.
Mötəbər qaynaqlar da xəbər verirlər ki, mart-aprel aylarında hakimiyyətin daha böyük demokratik açılıma gedəcəyi, müəyyən iqtisadi reformalar həyata keçiriləcəyi, sərvət toplamış, oliqarxiyaya çevrilmiş məmurların əllərindəki kapitalın müsadirə ediləcəyi gözlənilir.
Prezident bürokratlarla işləmək istəmir: əyalətlərdə etirazları da onlar cücərdir, süni bahalaşmanı da onlar yaradır. Yanvarın 20-dən sonra başlamış bu dəyişikliklər həm də 2010-cu ili xatırladır.
Həmin vaxt əhali arasında narazılıq artmışdı, bölgələrdə aksiyalar keçirilirdi. Hakimiyyətdəkilər əl-ayağa düşmüşdülər.
Deyirdilər ki, paytaxtdakı bütün sənədsiz evlərə sənədlər verilsin, ölkə boyu rüşvət alınmasın, məmurlar vətəndaşları dinləsinlər, problemləri həll etsinlər və s.
Dediklərinə 4-5 ay əməl etdilər. Bu müddətdə hakimiyyətin etdikləri xalq arasında müəyyən qədər müsbət qarşılandı.
Elə ki, xalqın narazılığı azaldı, hakimiyyət əvvəlki vəziyyətə qayıtdı. Bu dəfə eyni ssenari tərkar olunmayacaq. İqtidar texnoloqları soyuq başla gedişatı analiz edir və İlham Əliyev xalqın içinə getmək siyasətinin effektivliyini məmuriyyətə nümayiş etdirir.
Xalq prezidenti yanında görmək istəyir, problemini onunla bölüşmək arzusundadır, regionlarda təlimatlandırılmış 10-15 adamla görüşlər ənənəsinə son qoymaq zamanıdır.
Hakimiyyət ideoloqları görürlər ki, bu şəkildə gərginlik daha çox azalır, insanlar məhz prezidentlə təmas tərəfdarıdırlar. Əks halda bivec məmur ordusunun laqeydliyi vətəndaşları hökumətin üstünə qaldırırdı.
Anaxeber.info-ya sızan xəbərlərdə iddia olunur ki, tezliklə ictimai-siyasi həyatda da müəyyən yumşalmalar gedəcək.
Telekanallara çərçivə daxilində azadlıq verilməsi, sosial problemlərin əndazəni aşmadan efirdə göstərilməsi, bəzi tənqidçilərin, partiya sədrlərinin televiziyalara çıxarılması, media ilə “dəyənək və kökə” leksikonunda danışığa son qoyulması nəzərdən keçirilir.
Siyasi şərhçi Azər Rəşidoğlu da yazır ki, siyasi transformasiya gedir: “İlham Əliyev təşəbbüsü ələ alır. Şəhid ailələri ilə görüş, Şamaxıya səfər, baş nazirin qərarının ləğv edilməsi onu göstərir ki, ölkə rəhbəri idarəetməyə nəzarəti bərpa edir.
Heydər Əliyev idarəetməsinin yeni təzahürü məmur orudusunun maraqlarına cavab vermir. İlham Əliyev birbaşa təmaslara gedir, sosial şəbəkələrdəki rəyi nəzərə alır və anındaca reaksiya verir. Yaxınlarda bəzi məmurların kəlləsi də gedə bilər.
İlham Əliyev siyasətdə uğur modeli olan “qapıdan qapıya” kursunu seçir. Gündəmi özü müəyyən edir və müzakirələr onun atdığı addımlar ətrafında gedir. Tənqid və ya təbliğin önəmi böyük deyil. Gündəmi kim müəyyən edirsə, o da qalib gəlir...“
Proseslərin sonrakı taleyi kataklizmlər, yoxsa yumşaq keçid anlayışlarından hansına üstünlük veriləcəyini göstərəcək. Hələlik isə bu gedişatda müxalifətin 19 yanvar mitinqinin təsirlərini qeyd edənlər var.
Doğrudur, son illərin ən izdihamlı mitinqi idi. Amma bu, müxalifətə olan rəğbət yox, əhalinin narazılığının təzahürü idi.
Çünki müxalifətin daha əvvəl təyin etdiyi mitinqlərə 2-3 min nəfərdən çox adam gəlməyib. Bu prostesto isə xalqın xirtdəyə qədər narazı olmasını göstərən ilk hərəkətlənmə idi.
Hakimiyyət isə “qaynar qazan”ın ağzını açmaq və buxarı çıxarmaq siyasətinə keçid elədi və bu dəfə müşahidə olunur ki, mövsümi deyil, strateji kurs götürülüb, xalqla təmas siyasəti yürüdülür.
Məlumatlı mənbələrin iddialarına görə, yeni siyasət xaricdəki müxalifətlə bağlı olacaq. Avropadakı qüvvələrin diqqətdən kənarda saxlanması üçün yerli müxalifətin rolunun əhəmiyyəti artırıla, mitinqlər keçirilməsinə, mediaya müəyyən nəfəsliklər verilməsinə şərait yaradıla bilər. Çünki Azərbaycan 2019-cu ildə də "azad olmayan" ölkələr kateqoriyasında qalır.
2012-ci ildən başlayan, 2013, 2014-də demək olar ki yekunlaşan Azərbaycanda vətəndaş cəmiyyətinin tam fəaliyyətinin məhdudlaşdırılması, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanda fəaliyyətinin xeyli məhdudlaşması,sıfır vzəiyyətinə gətirilməsi, ənənəvi mediaların sıradan çıxarılması, siyasi partiyalar, siyasi fəallara qarşı təzyiqlər, siyasi məhbuslar siyahısına görə biz demək olar ki, öndə gedən ölkələrdənik.
Bu gün ən aşağısı bizim 130 nəfər siyasi məhbusumuz var və Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin hesabatında 130 göstərilir, halbuki yerli hüquq müdafiəçiəri daha böyük rəqəmlər səsləndirir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.