“BUŞUN” QIZI, VARİS ŞAHZADƏNİN “SİRR KÜPÜ”…- Səudiyyənin ABŞ-a səfir göndərdiyi Rima bint Bəndər kimdir?

6-03-2019, 07:49           
“BUŞUN” QIZI, VARİS ŞAHZADƏNİN “SİRR KÜPÜ”…- Səudiyyənin ABŞ-a səfir göndərdiyi Rima bint Bəndər kimdir?
Ötən il ölkəsinin qadınlarına silahlı qüvvələrdə təmsil olunmaq, sürücülük vəsiqəsi almaq, notariat fəaliyyətilə məşğul olmaq, futbol oyunlarını stadionda izləmək hüququ verən Səudiyyə hökuməti son qərarı ilə də təəccübləndirdi. Krallığın tarixində ilk dəfə olaraq yüksək diplomatik post qadına həvalə olundu. Rima bint Bəndər bin Sultan varis şahzadə Məhəmməd bin Salmanın qərarı ilə Səudiyyənin Birləşmiş Ştatlardakı 11-ci səfiri təyin edildi. Bu arada, qərarnamənin şahzadə tərəfindən yayılmasına səbəb həmin vaxt kral Salmanın xaricdə səfərdə olması idi.

Kral ailəsindən olan şahzadə Rima 1975-ci ildə Səudiyyənin paytaxtı Ər-Riyadda dünyaya göz açıb. Atası Bəndər bin Sultan Səudiyyə krallığının əsasını qoyan, ölkənin birinci kralı olan Əbdül-Əziz ibn Əbdürrəhman Əl Səudun nəvələrindəndir.

Bəndər bin Sultan 22 il ABŞ-da səfir postunu tutub. Rima da təbii olaraq uzun müddət okeanın o tayında yaşayıb və ali təhsilini də orada alıb. O, 1999-cu ildə Vaşinqtondakı Corc Vaşinqton Universitetinin muzey araşdırmaları (tarixi irsin qorunması) bölümündən məzun olub.

2005-ci ildə Ər-Riyada qayıdan şahzadə idman sahəsinə ciddi diqqət ayırmağa başlayıb. Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə qız uşaqlarına idman dərsinin tədrisi və qadınların idman yarışlarına qatılmasına yönəlik təşəbbüslərə imza atıb. Bu təşəbbüslərinə görə xalqın təqdirini, həmçinin “İdman yaradıcılığı” mükafatını qazanıb.



Daha sonra “Yibreen” idman və SPA kompleksi qurub və paralel olaraq bir neçə iri şirkətin icraçı direktoru olub. 2013-cü ildə özünün yeni brendini – “Baraboux” lüks klass çantalarını təqdim edərək kreativ direktor vəzifəsini tutub.

Şahzadə krallıqda da rəhbər vəzifələrdə çalışıb. O, varis şahzadənin ofisində məsləhətçi, Planlaşdırma və inkişaf nazirliyində müavin olub. Eyni zamanda “Qadınlar idmanda” Beynəlxalq Olimpiya Komitəsinin və Səudiyyə Olimpiya Komitəsinin üzvüdür.

Rima bint Bəndərin təşəbbüsü ilə başladılan 10KSA kampaniyası çərçivəsində krallıqdan olan 10 min qadın süd vəzi xərçənginə qarşı mübarizəyə səfərbər olunub. Sonradan bu kampaniya “Ginnesin Rekordlar kitabı”na da düşüb. Yeri gəlmişkən, Səudiyyədə 20-59 yaş arası xərçəngdən dünyasını dəyişən qadınların əksəriyyətinin süd vəzinin şiş mənşəli xəstəliklərindən əziyyət çəkdiyi deyilir.

Şahzadə bir müddət Dünya Bankının “Women Entrepreneurs Finance Initiative” layihəsində məsləhət şurasının üzvü olub. Eyni zamanda moda sahəsi üzrə nəhəng milli pərakəndə satış şirkəti olan “Alpha International Limited”də direktor vəzifəsini tutub.

Rima Səudiyyə qadınlarının təhsil almaq imkanlarının artması istiqamətində də çox iş görüb. 2014-cü ildə “Forbes” onu “Dünyanın 200 nüfuzlu ərəb qadını” siyahısına daxil edib. Həmin il şahzadənin adı “Fast Company” jurnalının tərtib etdiyi “Ən yaradıcı insanlar” siyahısına da düşüb.



Bu il fevralın 23-də Səudiyyə rəhbərliyi şahzadəni krallığın ABŞ-dakı səfiri təyin etdi. Bu təyinatdan əvvəl Rima Baş İdman Federasiyasında müavin vəzifəsini tuturdu.

Rima bint Bəndər yeni postunda kral Salmanın oğlunu – şahzadə Xalidi (2017-ci ildən bu yana krallığın ABŞ-dakı səfiri olub) əvəz edəcək. Xalid bin Salmana isə müdafiə nazirinin müavini vəzifəsi həvalə olunub.

Şahzadə Rimanın atası Bəndər 1983-cü ildən 2005-dək Birləşmiş Ştatlarda Səudiyyə diplomatik missiyasına rəhbərlik edib. Bəndərin oğul Buşla yaxın əlaqələri var idi. Və buna görə bəzən ona zarafatla “Bəndər Buş” deyirdilər. Bir çox amerikalı icmalçılar Bəndəri Buş administrasiyasının Yaxın Şərq siyasəti üzrə əsas memarı adlandırırdı.

Bəndər 2005-ci ildən 2015-dək Səudiyyə Ərəbistanında Milli Təhlükəsizlik Şurasının baş katibi postunu tutub. Eyni zamanda daxili kəşfiyyatın rəisi olub.

2010-cu ildən o, ictimaiyyət arasında görünməyib. 2014-cü ilin iyulundan 2015-ci ilin yanvarınadək Bəndər həm də kralın xüsusi elçisi kimi fəaliyyət göstərib.



Corc Buş və Bəndər bin Sultan

Bəndər bin Sultandan sonra ABŞ-da səfir postu şahzadə Rimanın dayısı Turki əl-Feysələ həvalə olunub. Və o, iki il bu vəzifədə çalışıb.

Rimanın 2015-ci ildə dünyasını dəyişən digər dayısı Səud əl-Feysəl isə “Səudiyyə diplomatiyasının şahzadəsi” hesab olunurdu. O, 40 il krallığın Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdi.

Şahzadə Rimanın 1977-ci ildə anadan olan qardaşı Xalid bin Bəndər bin Sultan da diplomatdır və hazırda Almaniyada diplomatik fəaliyyətlə məşğuldur.

Rima şahzadə Feysəl bin Turki bin Nassrla ailəli olub və bu nikahdan Turki adlı oğlu, Sara adlı qızı var. Cütlük 2012-ci ildə yollarını ayıraraq boşanıb. Feysəl bin Turki “Nasr” futbol klubunun sahibidir.

Bəzi müşahidəçilərin fikrincə, son təyinatla Səudiyyə Ərəbistanı Xaşuqci cinayətindən sonra Birləşmiş Ştatlarla yaranmış diplomatik münaqişəni aradan qaldırmaq və varis şahzadə Məhəmməd bin Salmanın mövqelərini gücləndirmək istəyir. Bəzi müşahidəçilər isə bunun əksini iddia edirlər. Onların fikrincə, bir müddət Məhəmməd bin Salmanın ofisində çalışan Rima onun “qara qutu”sudur və məlum təyinat varis şahzadənin heç də xeyrinə olmayacaq…

G.Hüseynova

Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.