Tarif Şurasının apteklərdə yaratdığı XAOS: - Bəzi xəstələrin həyatı təhlükədədir

26-10-2015, 21:17           
Tarif Şurasının apteklərdə yaratdığı XAOS: - Bəzi xəstələrin həyatı təhlükədədir
Tarif Şurasının qərar ilə ölkədə dərmanların qiymətinin tənzimlənməsinə başlanıldıqdan sonra kəskin ucuzlaşan bir çox dərman preparatlarını apteklərdə tapmaq mümkün deyil. Əhali lazım olan dərmanları tapa bilmək üçün az qala paytaxtdakı bütün aptekləri gəzməli olur.

Doğrudur, həqiqətən də siyahıda olan dərmanların qiymətlərində kifayət qədər ucuzlaşma olub. Ancaq qiyməti endirilən dərmanlardan bəziləri demək olar ki, yoxa çıxıb.

Bu barədə vətəndaşlardan musavat.com-a şikayət daxil olub. Ən çox şəkərli diabet xəstələri şəkər əlehinə olan dərmanların apteklərdə tapılmamasından şikayətlənirlər. Musavat.com-un əməkdaşı bu problemlə bağlı apteklərə baş çəkib və vəziyyətin necə olması ilə maraqlanıb.

"Avromed" şirkətinin nəzdində fəaliyyət göstərən bir aptekdə çalışan əczaçı dərmanların bəzilərinin apteklərə verilməməsini təsdiqləyib. Satış mütəxəssisi Həqiqət Əsgərova deyir ki, şəkərli diabet xəstələri üçün olan dərmanların qiymətində hər hansı bir endirim olmayıb və dərmanlar apteklərdə var: “Bu tip dərmanların qiymətlərində endirim olmasa da, şəkərli diabet xəstələri dərmanları tapmaqda çətinlik çəkmirlər. Əvvəlki qaydada satışımızı davam etdirik. Tarif Şurasının hazırladığı siyahıya uyğun olaraq qiymətləri təklif edirik. Şəkərli diabet xəstələri üçün nəzərdə tutlan dərmanlar - "Diabition", "Siafon", "Amaril", "Lukafash" firma tərəfindən əvvəlki qayadada göndərilir və bu tipli dərmanlarda heç bir qıtlıq yoxdur. Qiymətlərinə gəlincə, bu tipli dərmanların adları Tarif Şurasının hazırladığı siyahıda yoxdur və dərmanların qiyməti bir o qədər də baha deyil. Misal üçün "Siafon" 4 manat 30 qəpikdir, "Amaril" 9 manat 90 qəpik, “Diabition” 7 manat 30 qəpikdir”.

Satış mütəxəssisi dərman qıtlığı ilə bağlı yaranan ajiotajın səbəbini belə izah edir: "Elə müştəri var ki, aldıqları dərmanların tərkibindən və xüsusiyyətindən xəbəri yoxdur. Həkimin yazdığı reseptlə gəlir və yazılan dərmanları istəyir. Lakin elə həkimlər var ki, yeni gələn dərmanlardan xəbəri yoxdur. Misal üçün "Dopple Gerz A+sink" adlı dərman çoxdandır ki, gəlmir. "Omeqa 3, 6, 9" balıq yağı dərmanı isə eyni tərkiblidir. Yəni əvəzedici kimi istifadə oluna bilər. Bu dərman əsasən şəkər xəstələrində göz ağrılarına qarşıdır və bədənin müqavimətini artırır. Bu dərmanlar vitamin kimi istifadə olunur. Əslində həkimlər resept yazarkən bunu nəzərə almalıdır. Bu səbəbdən də, əhali arasında dərman qıtlığı xəbəri yayılır".

Apteklərdə olarkən müştərilərlə də həmsöhbət olduq. Rəhimə adlı alıcı dərmanların qiymətlərinin apteklərdə müxtəlif məbləğlərlə təklif olunduğunu bildirdi: "Şəkər xəstələri üçün nəzərdə tutlmuş "Dopple Gerz" dərmanını fərqli qiymətlərə alırıq. Şəhərdə 7 manata, bir qədər kənarda isə 6 manatadır. Bu dərmanı neçə gündür ki, axtarıram. Lakin hələ də tapa bilməmişəm. Aptekdən bildirdilər ki, bu dərmalar yaxınlarda olacaq və qiymətlərində də endirim nəzərdə tutulur".

Başqa bir aptekdə isə satıcı dərmanların qiymətində olan fərqləri icarə haqlarının həddindən çox baha olması ilə əlaqələndirdi: "Bir çox apteklərdə qiymətlər çox bahadır. Əsasən şəhərin mərkəzində olan apteklərdə qiymət artımı müşahidə olunur. “Neftçilər” metrostansiyası ətrafında olan apteklərlə, məsələn, mərkəzi küçələrdəkiləri müqayisə etsək, dərmanların qiymətində 1-3 manat civarında qiymət fərqini görəcəyik. Buradan belə nəticəyə gəlmək olar ki, “Neftçilər” metrostansiyası ətrafında apteklər 1000 manat icarə haqqı verirsə, şəhərin mərkəzində icarə haqqı 3000 manatdır. Bu isə təbii ki, birbaşa dərmanların qiymətinə təsir edir və əhali arasında da ajiotaja səbəb olur”.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.