DİQQƏT: Bakıda sürüşmə təhlükəsi var

26-10-2015, 22:59           

Son bir neçə ildə ölkənin seysmik zonalarında aktivliyin artması və ya dəyişikliklərin baş qaldırması müşahidə edilir. Yağış yağmağa başlayan kimi Bakı və bölgələrdəki bəzi ərazilərdə sürüşmə aktivləşir.

Sürüşmə ilə bağlı aparılan tədqiqatlar onu göstərir ki, sürüşmə ocaqları ildən-ilə artır. Baxmayaraq ki, Bayıl və Bakı amfiteatrı deyilən zona hər zaman sürüşmə sahəsi olub. Lakin Günəşli, Əhmədli, Zığ, Masazır və digər zonalarda yaranan sürüşmə zonaları isə yenidir. Həmin ərazilərin yerləşdiyi yamaclar sürüşmə yamacları deyil. Sadəcə həmin ərazidə təzyiqin artması, böyük binaların tikilməsi və digər insan amilləri sürüşmənin yaranmasına şərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş geoloqu Ələmdar Piriyev AzVision.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində Əhmədli, Zığ, Badamdar, Bayıl yamacı, Abşeron və Masazır qəsəbəsi sürüşmə ərazisidir.

Nazirlik rəsmisi qeyd edib ki, mövsümü yağışların yağması, suların buraxılması sürüşməni daha da sürətləndirib.

Ə. Piriyevin sözlərinə görə, Bakıda yağışlar intensivləşərsə, Zığ qəsəbəsində sürüşmə aktivləşə bilər: “Hazırda Zığda təqribən 54ev qəzalı vəziyyətdədir”.

Geoloq sürüşmə zonası hesab olunan ərazilərdə tikinti işlərinin aparılmasının təhlükəli olduğunu deyib: “Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var. Qərara uyğun olaraq sürüşmə təhlükəsi olan yerlərdə tikinti işləri aparmaq üçün mütləq Fövqaladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Bu müraciətlərin əsasında dövlət qurumları həmin əraziyə baxış keçirib, qərar verirlər. Baxış zamanı tikinti mümkündürsə icazə verilir, mümkün deyilsə icazə verilmir. Onu da qeyd edim ki, bu günə kimi belə bir müraciət olunmayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.