Beyləqanda Asif Ağayevin qəbuluna gələn vətəndaşlara polis müdaxilə etdi- 1 nəfərin ürəyi getdi...

13-03-2019, 18:45           
Beyləqanda Asif Ağayevin qəbuluna gələn vətəndaşlara polis müdaxilə etdi- 1 nəfərin ürəyi getdi...
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin qəbuluna gələn vətəndaşlar gərgin anlar yaşayıblar. Problem və şikayətlərinin dinləniləcəyinə ümid edən beyləqanlılar qəbul üçün ayrılan gün və saatda rayon rəhbəri tərəfindən qəbul edilmədiklərini görüncə etiraz səslərini qaldırıblar. RİH-nin işçiləri və mühafizə polisi onları neytrallaşdırmaq istərkən şiddət göstəriblər və bu vaxt qəbula gələn bir yaşlı qadının ürəyi gedib. Hadisə yerinıə təcili tibbi yardım ekipajı gəlib.

Bütün bunlar “Realmedia.az”-ın Beyləqandakı əməkdaşının gözləri qarşısında baş verib. Əməkdaşımız bildirir ki, onun bu acınacaqlı mənzərəni izləməsi və qeydlər aparması RİH başçısının müavini Məhəmməd Qələndərovun diqqətini çəkib: “Məhəmməd Qələndərov məni yanına çağırıb soruşdu ki, nə olub, məqsədiniz nədir? Əslində bu sualı Məhəmməd Qələndərova ünvanlamaq daha yerinə düşər. Əslində bizim məqsədimiz bəllidir. Sizin məqsədiniz nədir, nədən bu vətəndaşları qəbul etmirsiniz, onlara gərgin anlar yaşadırsınız”.

Hazırki saatlarda Asif Ağayevin iqamətgahı qarşısında gərginlik davam etməkdədir. Günün sonunadək yəqin ki, oxucularımızla paylaşmağa dəyər digər məlumatlar da əldə edəcəyik. Müşahidə olunanlar göstərir ki, Beyləqan RİH-nin vətəndaşların müraciətlərinə həssas yanaşması, rayon sakinlərinin RİH aparatında və yerlərdə səyyar qəbulları və bu barədə rayon rəhbərliyinin yaydığı məlumatlar formal xarakter daşıyır. Əminliklə bir onu qeyd edirik ki, dövlətimizin başçısının ölkə vətəndaşlarının problem və qayğılarına həssaslıq göstərdiyi, sosial məsələlərin həllinə xüsusi diqqət yetirdiyi indiki məqamda insanların bayram ovqatına “soğan doğramaq” nə Asif Ağayevə, nə Məhəmməd Qələndərova, nə də Beyləqan sakinlərini narahat edən məsəklələrə biganə qalan digər məmurlara yaxşı heç nə vəd etmir.

Yazıda adları qeyd olunan şəxsləri mövqeyini dinləməyə və dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.