Müasir Sumqayıtda daş dövrü ab-havası... - GİLEY

19-03-2019, 11:11           
Müasir Sumqayıtda daş dövrü ab-havası... - GİLEY
Şəhərsalmanın qaydalarına görə, yaşayış binalarının layihəsi hazırlanarkən ilk növbədə məktəb, uşaq bağçası, yaşlıların istirahəti, uşaqların əylənməsi üçün yer nəzərdə tutulmalıdır. Yaşayış kompleksləri tikilərkən hər yarım hektarın 25 faizi uşaqlar üçün ayrılmalıdır. Amma müşahidələr tikinti sektorunda bu qaydalara əməl olunmadığını göstərir. Paytaxtda və respublikanın bir çox şəhərlərində sovet dövründə tikilən binaların həyətlərindəki uşaq şəhərciklərindən əsər-əlamət qalmayıb.

Azerinfo.az-ın məlumatına görə, Sumqayıtda isə vəziyyət daha acınacaqlı hal almaqdadır. Uşaqların və ahıl yaşlı təqaüdçülərin əyləncə və istirahət yerləri dağıdılaraq orada çoxmərtəbəli binalar, ticarət obyektləri, kafe və çayxanalar, qarajlar tikilir. Salınan yeni yaşayış komplekslərində uşaq şəhərciklərinin yaradılmaması da narahatlıq doğurur. Belə vəziyyət, həyətə düşüb oynamaq imkanı tapa bilməyən azyaşlıların inkişafına pis təsir göstərir. Düzdür, yaşayış binalarından xeyli aralıda istirahət və əyləncə üçün bir sıra parklar yaradılıb. Amma heç də bütün valideynlər uşaqlarını həmin obyektlərə apara bilmlər. Bunun üçün ilk növbədə boş vaxt tələb olunur. İkincisi isə həmin parklardakı əyləncə vasitələrinin pullu olması bir çox ailələrin uşaqlarına onlardan tez-tez istifadə etməyə imkan vermir. Ona görə də həyətlərdəki uşaq əyləncə yerlərinin dağıdılmasına və onların başqa məqsədlər üçün istifadə edilməsinə görə cavabdeh vəzifəli şşəxslərdən hesab sorulmalıdır.

Bu vəziyyətdən narahatlıq keçirən Sumqayıt sakinləri xatırlayırlar ki, 2011-2014-cü illərdə şəhərin keçmiş icra başçısının vaxtında Sumqayıtda aparılan abadlıq-quruculuq işlərinə aid olan layihələrdən biri də heç olmasa şəhərdə nümunəvi məhəllə və mikrorayonların yaradılması oldu. Şəhər sakinlərinin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edildi.Əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində – 18, 13 və 10,2, 17, 9-cu və digər mikrorayonlarda, qəsəbələrdə müvafiq infrastruktura malik belə məhəllələr yaradılaraq insanların ixtiyarına verildi. Məhəllənin girəcəyində yaraşıqlı müasir standartlara cavab verən futbol meydançaları inşa edildi. Kiçik yaşlı uşaqlar üçün də xüsusi meydançalar tikildi.Amma indi bu tikililərin yalnız xarabalıqları qalıb.Yeniləri isə tikilmir. Üstəlik, olanlar da sökülür.

Sumqayıtda binaların həyətləri, hətta arxa tərəfləri belə qarajlarla, marketlərlə zəbt olunub. Təbii ki, bu sahələr məmurlar tərəfindən böyük pullara satılıb. Əhalinin qayğıları, problemləri isə,istəkləri isə qətiyyən nəzərə alınmayıb.

Başqa bir narahatçılıq doğuran məsələ isə Sumqayıtda mövcud binaların infrastrukturunun baxımsızlıq səbəbundən məhv olmasıdır. Bu günlərdə redaksiyamıza Sumqayıt şəhəri, Heydər Əliyev prospekti - 19 ünvandakı 11 mərtəbəli binanın sakinlərindən şikayətnamə daxil olub. Sakinlər bildirirlər ki, binada nə işıq, nə qaz təminatı var. Lift işləmədiyindən, piyada qalxıb-enirlər. Bir sözlə, daş dövründə yaşayırlar. Şəhər rəhbərliyinə nə qədər şikayət etsələr də, heç bir tədbir görülməyib.

Sakinlərin şikayətinə birmənalı olaraq inandıq. Təkcə ona görə yox ki, həmin ünvana gedib hər şeyin gözümüzlə şahidi olduq. Həm də ona görə ki, bu problemlər bir günün içində yaranmayıb. Məntiqlə yanaşsaq, demək sakinlərin şikayətlərinin tarixi də uzundur.

Məsələ ilə əlaqədar Sumqayıt İcra Hakimiyyətinə gedib şəhər rəhbərliyinin rəsmiləri ilə görüşməyə, suallarımıza cavab tapmağa çalışdıq. Bizi qəbul etmədilər. Amma bu, uzun müddəıt davam edə bilməz, reallığı qəbul etmək zorunda qalacaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.