Şöbə müdiri İnstitut direktoruna qarşı sərt ittihamlar irəli sürdü - Dilçilik İnstitutunda “PLAGİAT” qalmaqalı davam edir

19-04-2019, 17:18           
Şöbə müdiri İnstitut direktoruna qarşı sərt ittihamlar irəli sürdü - Dilçilik İnstitutunda “PLAGİAT” qalmaqalı davam edir
Bir neçə gün öncə mətbuatda Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasova şiddətli hücumların olduğu məlumatlar özünə yer almışdı. Həmin məlumatlarda deyilirdi ki, buna səbəb “Dilçilik Ensiklopediyası”nın tərtibçilərinin məlum plagiat haqqında mediada işıqlandırdığı bəyanatı onun öz feysbuk səhifəsində yayması olub.

İ.Abbasov “institutun maraqlarını nəzərə almamaqda və sirlərini yaymaqda” ittiham edilməklə institutun direktoru Möhsün Nağısoylu, Terminologiya şöbəsinin müdiri və sözügedən “İzahlı Dilçilik Terminləri Lüğəti”nin əsas “müəllifi” Sayalı Sadıqova, Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva tərəfindən “zərərli fəaliyyət göstərməkdə” təqsirləndirilmişdi.

İ.Abbasovun facebook səhifəsində dünən axşam yazdığı sonuncu statusundan məlum olur ki, institut rəhbərliyinin şöbə müdirinə qarşı başlatdığı kampaniya hələ də davam etməkdədir. “İnstitut direktoru Möhsün Nağısoylu dəstə ilə üstümə nə qədər yerisə də, nəhəng plagiat faktını təkzib etməyəcəm. Qoy o, instituta direktor gəldiyi bu üç il müddətində təkcə qrant şəklində nə qədər pul mənimsədiyini və bunun müqabilində hansı işlər gördüyünü ictimaiyyətə açıqlasın.

Televiziya efirlərində, mətbuat səhifələrində şıdırğı “fəaliyyətiniz”, vəzifə səlahiyyətləriniz sizi nə vaxtadək xilas edəcək?! Bəs gördüyünüz iş hanı? “İzahlı dilçilik terminləri lüğəti?! İş görəni isə şərləyib uzaqlaşdırmağa çalışırsınız.” – deyə, şöbə müdiri institut direktoruna sərt suallar ünvanlayıb…
İ.Abbasov M.Nağısoyluya müraciət edərək yazır: “Elə bilirsiniz ki, mən getsəm, siz daha laübalı iş həyatı yaşayacaqsınız. Əsla!
Həqiqəti – baş redaktoru olduğunuz kitabın plagiat çıxdığını mətbuata təsdiq etdiyim üçün məni hər addımda təhdid edirsiniz. Hətta 12 aprel 2019-cu il tarixli elmi şurada mənə qarşı çıxmaqdan ötrü acımadan dahi Mirzə Kazımbəyin kitabının adını saxtakarlıqla birgə çəkirsiniz. Tam haqsız və yersiz olaraq!

Əfsus ki, nifrətinizi, kininizi gizlədə bilmirsiniz. Elə bir inamsızlıq mühiti yaratmısınız ki, elmi şurada, demək olar ki, hamı sabah şərə məruz qalmaması üçün telefonuna səs qeyd edir ki. Bu, biabırçılıqdır! Elmi mühit intriqalarla əvəzlənib. Elm müəssisəsində sanballı əsərlər yazmaq əvəzinə ucuz plagiatlıqla manipulyasiya edilir, süni qurduqları plagiarizm abidəsinə səcdə olunur.

PS. Müasir Qərb alimləri belə qənaətə gəliblər ki, plagiatlıq edib həqiqəti danan “alimlər”dən nə şər iş desən, gözləmək olar. Onlar allahsız və vicdansız olurlar. Plagiatçının səmimiyyəti və mərhəməti ola bilməz”./İlkxeber.org/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.