İndi mediaya təzyiq üçün hüququ vasitə tapmağa da ehtiyac yoxdur- PƏRVİZ HƏŞİMLİ SƏRHƏDSİZ REPORTYORLARIN HESABATINI ŞƏRH EDİR

19-04-2019, 21:43           
İndi mediaya təzyiq üçün hüququ vasitə tapmağa da ehtiyac yoxdur- PƏRVİZ HƏŞİMLİ SƏRHƏDSİZ REPORTYORLARIN HESABATINI ŞƏRH EDİR
“Azərbaycanın adının Sərhədsiz Reportyorlar (RSF) Təşkilatının Dünya Mətbuat Azadlığı İndeksində geriləməsi reallıqdır”.

Bu sözləri Gununsesi.org xəbər portalının baş redaktoru Pərviz Həşimli mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, məlum sənəddə ölkəmizdə bu sahədə vəziyyətin pis olduğu qeyd olunub.

Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub. Ötən il isə 162-ci idi.

Pərviz Həşimlinin sözlərinə görə, əvvəlki illərdə hansısa media orqanına təzyiq üçün müxtəlif hüquqi vasitələr tapılırdısa artıq bu da edilmir: “Təsəvvür edin ki, heç bir xəbərdarlıq və yaxud da məhkəmə qərarı olmadan saytlar bloklanır. Belə bir vəziyyətdə məhkəməyə üz tutursan və Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı gəlib deyir ki, xəbərimiz yoxdur. Ötən il Gəncə olaylarında məhkəmə qərarı olmadan bir neçə sayt bloklandı. O cümlədən Gununsesi.info saytına da ölkə daxilində giriş məhdudlaşdırıldı. İstintaqa çəkildik. Nəqliyyat, Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə sorğumuza cavab olaraq yazdı ki, təmsil etdiyi qurum tərəfindən saytın bloklanması üçün hər hansı addım atılmayıb. Eyni məzmunlu məktubu ölkədə internetin mənbəyi olan “Delta Telekom”dan da aldıq. Amma reallıqda “info” domeninə bu gün də giriş yasaqdır. Bu fakt kifayyət edir ki, Azərbaycanda ifadə azadlığının hansı durumda olduğunu qiymətləndirəsən. Bir ay əvvəl Basta.info, Criminal.az və teref.info saytlarının rəhbərləri absurd ittihamlarla Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olundu”.

Pərviz Həşimlinin sözlərinə görə, məhkəmə-hüquq islahatlarının aparılması çərçivəsində ölkədə KİV-lərin sərbəst fəaliyyəti üçün də addımlar atılmalıdır: “Jurnalistlər işləyərkən qorxu mühiti altında olmadıqlarını hiss etməlidir.Bu gün təəssüf ki, Azərbaycan media azadlığının durumuna görə, Ermənistan və Gürcüstandan geri qalır. Məncə Avropa Şurasına üzv olan bir ölkə kimi bu bizim ciddi qüsurumuzdur”.

Pərviz Həşimli, həmçinin ölkədə jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində də ciddi boşluqların olduğunu deyib:“Ölkədəki milli QHT-lər bu sahədə həvəssizdirlər. Çünki, hökumətin dəstək fondlarından asılı olduqlarından KİV azadlığı üçün çalışa bilmirlər. Ümid edək ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sazişdən sonra kənar qrantlar hesabına bu işi görmək mümkün olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.