Övlad acısı yaşayan sənətçilər, məmurlar, siyasilər, millət vəkilləri…

13-05-2019, 00:35           
Övlad acısı yaşayan sənətçilər, məmurlar, siyasilər, millət vəkilləri…
“Sən saydığını say, gör fəlakət nə sayır”, deyiblər ata-babalarımız…
Yəni, insan övladı bəzən ona zərbənin haçan və haradan gələcəyini kəsdirə bilmir…
İnsana dəyən zərbələrdən ən böyüyü və ən ağrı-acılısı isə övlad acısı, övlad itkisidir…
Həyatda heç kim, heç bir insan övladı da bundan sığortalanmayıb…İstər keçmişdə, istər indiki dövrümüzdə (istərsə də gələcəkdə) bir çoxları həyatda acıların ən acısını, övlad itkisini yaşayıblar…
Bunların arasında dövlət adamları, tanınmış simalar, millət vəkilləri, ziyalılar da olub və var…
Oxu.Az bu dəfə bu yöndə apardığı araşdırmasını oxucularının diqqətinə təqdim edir:
Keçmiş maarif və xarici işlər naziri, Azərbaycan SSR Ali Soveti (Ali Sovet) Rəyasət Heyətinin sədri, rəhmətlik Elmira Qafarovanın 3 övladından biri-oğlu 90-ci illərin əvvəllərində ağır yol qəzasında vaxtsız və faciəli şəkildə dünyasını dəyişib…

Yenə ötən əsrin 90-cı illərində övlad acısını yaşayan tanınmışlar arasında yazıçı-dramaturq, o zaman dövlət müşaviri, hazırda Qırğızstanda səfir vəzifəsində işləyən Hidayət (Orucov) də var. Hidayətin oğlunun həyatına taksidən düşərkən yoldan keçən başqa bir taksi sürücüsü “son” qoyub. Taksi sürücüsünün məsuliyyətsizliyi (maşını sürətli idarə etməsi) üzündən yazıçının oğlu gənc yaşlarında həyatla vidalaşmalı olub…

Övlad acısını yaşayanlardan biri də hakim YAP-ın təşəbbüskarlarından və qurucularından olan professor, Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimovdur.

Millət vəkili atasının adını daşıyan övladı Rza İbrahimovu 2000-ci illərin əvvəllərində vaxtsız və faciəli şəlikdə avtoqəzada itirib. Həmin vaxt həyat yoldaşı ilə ölkə hüdudlarından kənarda olan İbrahimovlara bu acı xəbəri də onların ailə dostlarından olan məmurlardan biri çatdırıb. Deyilənə görə, E. İbrahimov oğlunun başına gələn (gələcək) faciəni də yuxusunda görübmüş, amma bunu həyat yoldaşına söyləməkdən çəkinibmiş. Ancaq yusuxunu görən gecənin səhərisi günü də “gözlədiyi” acı xəbəri alıbmış. R. İbrahimov da o vaxt ailəli, iki övlad atası imiş…
3-cü deputatlıq dönəmini yaşayan tanınmış siyasətçi, Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa isə bir neçə il öncə dəm qazından iki yaxınını – Elçibəy adlı oğlunu və qaynını itirib, övlad acısını yaşayıb…

Övlad acısının ən ağrılısını yaşayan siyasətçi isə sabiq millət vəkili, Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən olan KXCP sədri Mirmahmud Mirəlioğludur. Ötən əsrin axırlarına (1990-cı ildə) yaxın kiçik yaşlarında (5 yaşında) olan oğlunu itirən Mirmahmud bəy bir neçə il öncə ikinci oğlunu (Mircəlil Fəttayevi) və bir uşaq anası olan qızını (Mahirə Fəttayevanı) vaxtsız itirib. Oğlu KXCP-nin ofisin qarşısında, ürəktutmasından dünyasını gənc yaşlarında dəyişib…
Sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadə və eks-prezident Ayaz Mütəllibov da oğlanlarını vaxtsız itiriblər. Hər ikisinin də oğul övladı uzun sürən xərçəng xəstəliyinin cəngindən qurtula bilməyiblər…Murad Quluzadə 36 yaşında, Azad Mütəllibov isə 49 yaşında həyata “əlvida” deyiblər…

Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqbulu da (həbsdə olarkən) övlad itkisi yaşayan siyasətçilərimizdəndir. O, 2015-ci ilin yazında qızı Nərgiz Yaqublunu səhhətində yaranan qəfil xəstəlik üzündən itirib, acıların ən acısını yaşayıb…
Övladını vaxtsız və faciəli şəkildə itirən siyasətçilərdən biri də millət vəkili, ASDP sədri Araz Əlizadədir. Onun da oğlu (eyni zamanda, həyat yoldaşı) bir neçə il öncə dünyasını dəyişib…
Övlad acısı yaşayan millət vəkilləri arasında deputat Əsabil Qasımov da var. Belə ki, millət vəkilinin oğlu bu ilin əvvəllərində xaricdə turizm məkanlarından birində faciəli şəkildə dünyasını dəyişib…
Eyni zamanda, professor, sabiq millət vəkili Cəmil Həsənli, tanınmış jurnalist, sabiq deputat Rizvan Çəbiyev ( oğlu Anar Nağlbazı) və yazıçı-publisist Mehriban Vəzir övladlarını çox vaxtsız və faciəli şəkildə itiriblər.
Həmçinin, övlad acısını “dadmış” tanınmışlar arasında dünyalarını dəyişmiş məşhur və korifey sənətçilərimiz də az deyil. Xalq artistləri Hökumə Qurbanova (qızı Vəfa Fətullayevanı), Gülxar Həsənova (oğlu Hamlet Qurbanovu), Həsənağa Turabov (polsidə işləyən oğlunu), Həsənağa Salayev (iki oğlunu), Leyla Bədirbəyli (qızını), Lütviyyə Dadaşzadə (oğlunu), Nuriyyə Əhmədova (qızını), Şəfiqə Axundova (tək övladını-oğlunu), aşıq Xanlar (oğlunu), o cümlədən, Xalq şairi Hüseyn Arif (oğlu Arifi) , Xalq yazıçı Süleyman Rəhimov (oğlu Şamonu), digər tanınmış şairlərdən Məmməd Rahimlə (oğlunu) Əliağa Kürçaylı (qızını) övladlarını itiriblər. Onu da qeyd edək ki, sovetlər dövründə ən məşhur əsərlərdən biri kimi oxucu rəğbəti qazanan və Süleyman Rəhimov tərəfindən qələmə alınan “Şamo” romanı məhz Xalq yazıçısının dünyasını gənc yaşlarında dəyişmiş oğlunun adı ilə adlandırılıb…
Xalq yazıçısı-mərhum Sabir Əhmədov, İstiqlal şairimiz Xəlil Rza və professor (baş nazirin sabiq müavini- K.H) İzzət Rüstəmov da övlad acısını yaşayanan tanınmışlarımızdan, məşhurlarımızdandır.Hər üçünün də övladı 1992-94-cü illərdə, birinci Qarabağ savaşında qəhrəmancasına həlak olub, çox erkən yaşlarında həyatlarını itirib, Şəhidlik, Milli Qəhrəman zirvəsinə ucalıblar…

Eyni zamanda, sənət fəaliyyətlərini davam etdirən tanınmış sənətçilər Arif Quliyev, Rəhman Rəhmanov, məşhur diktorlar Roza Tağıyeva ilə Rafiq Hüseynov ( artıq Rafiq müəllim də Haqq dünyasındadır,

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2017-ci ildə vəfat edib – K.H.) oğlanlarını, Şərqiyyə Hüseynova isə qızını vaxtsız və faciəli şəkildə itiriblər. Qeyd edək ki, R. Tağıyeva ilə R. Hüseynovun yeganə övladları Roza xanımın yaşadığı (Bayılda) evdə öz qohumları tərəfindən çox amansızlıqla qətlə yetirilib və bu, ötən əsrin 80-ci illərinin ən amansız qətl hadisələrindən biri kimi cinayət tarixinə düşüb, haqqında uzun illər danışlıb, çoxlu yazılar yazılıb…
Allah rəhmət etsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.