YAP “bu, açıq qapını təkidlə döyməkdi” dedi, əks tərəf “çay qonaqlığı” istədi – DİALOQ ALINACAQMI?

14-05-2019, 22:54           
YAP “bu, açıq qapını təkidlə döyməkdi” dedi, əks tərəf “çay qonaqlığı” istədi – DİALOQ ALINACAQMI?
"Azərbaycandakı demokratik mühit sərbəst şəkildə siyasi fəaliyyətlə məşğul olmağa, eyni zamanda dövlətçiliyi qorumağa tam imkan yaradır. Əlavə çağırışa, özünü tərəfləri barışdıran qüvvə kimi göstərməyə ehtiyac yoxdur” .


Sfera.az-a açıqlamasında bu sözləri xaricdə yaşayan bloger, Meydan TV-nn keçmiş rəhbəri Emin Millinin milli barışıq naminə Azərbaycanda iqtidarla müxalifəti güzəştlərə səsləyən və bu müstəvidə AXCP sədri Əli Kərimli üçün pasport xahiş etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.


Deputatın fikrincə, bu müstəvidə Emin Millinin həmin açıqlaması sadəcə olaraq açıq qapını təkidlə döyməkdən başqa bir şey deyil: "Azərbaycanda milli birlik var. Azərbaycanda insan haqları, hüquq və azadlıqları qorunur. Ölkəmizdə demokratik mühit mövcuddur. Ona görə də bu cür çağırışlar etməyə heç bir ehtiyac yoxdur. Görünür, Emin Milli Azərbaycanda yaşamadığından onda ölkəmizlə bağlı təhrif olunmuş təsəvvürlər var və bu səbəbdən də bu kimi təkliflər irəli sürür. Əslində ölkəmizdə həm iqtidar, həm də müxalifət qanun çərçivəsində fəaliyyət göstərir. İqtidar üzərinə düşən vəzifəni yerinə yetirir, müxalifət isə alternativ təkliflər verməli, sivil müstəvidə iqtidarla mübarizə aparmalıdır və s. Demokratiyanın əsas qanunu budur. O ki, qaldı Əli Kərimlinin pasport məsələsinə, - o, öz məsələsini hüquqi müstəvidə həll edə bilər. Sadəcə olaraq onun bunu etməyə marağı yoxdur. Çünki belə edəndə onun iqtidara qarşı istifadə etdiyi əsassız arqumentlərdən biri azalmış olacaq”.


"Milli barışıq naminə güzəştə opponetlərlə bir stəkən çay içməkdən başlayardım”. Bunu isə Sfera.az-a "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli söyləyib:



"Milli məsələlərlə bağlı güzəştlərə getməyə şəxsən özüm və əvvəllər təmsil olunduğum təşkilat hər zaman hazır olub. Bu gün də birinci olaraq bir masa arxasında əyləşməyə və siyasi rəqiblərimizlə çay süfrəsi ətrafında dioloqa hazıram. O çay bizim milli barışıq naminə güzəştlər yolunda atacağımız ilk addım olardı. Ardınca Qarabağ, dünya azərbaycanlıları, Türk dünyası, demokratiya, insan hüquq və azadlıqları, milli strateji planlama ilə bağlı məsələlər ətrafında diskussiya aparıb qarşılıqlı güzəştlərə gedə bilərik. Milli məsələyə aid bütün məqamlarda əməkdaşlığa hazırıq. Bu yöndə hər itirdiyimiz gün Azərbaycanın milli maraqlarına ziddir. Ona görə də əlaqədar qurumlar siyasi iradəni ortaya qoymalı, tərəfləri bir masa arxasına yığaraq, sadaladığım məsələlərin müzakirəsinə start verməlidirlər. Bir-birimizi didməklə heç nəyə nail olmayacağıq”.


Qeyd edək ki, Meydan TV-nin keçmiş rəhbəri Emin Milli facebook səhifəsində açıqlamasında iqtidarla müxalifəti milli birlik naminə güzəştlərə səsləyən fikirlər səsləndirib: "Hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək. Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək. İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.