Seçki yoxdur, müxalifət isə parlamentə gedir

15-05-2019, 08:46           
Seçki yoxdur, müxalifət isə parlamentə gedir
Azərbaycanda parlament seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı gedən müzakirələr səngimək bilmir. Seçkilərin qanuni vaxtı gələn ilin noyabrında olsa da, erkən seçkilərin olacağı barədə fikirlər dolaşır. Hətta hakimiyyətin bu il belə Milli Məclisi buraxıb, növbədənkənar seçkilərə gedəcəyi bildirilir.

Ölkə müxalifətinin seçkilərdə iştirak edib-etməməklə bağlı ikili mövqeyi var. Bir qisim hesab edir ki, indiki seçki mühiti çərçivəsində seçkilərdə iştirak mənasızdır. Digər bir qisim isə təbliğat baxımından seçkilərdə iştirakın tərəfdarıdır. Birincilər ikinciləri seçkilərdə iştirak mövqelərinə görə sərt şəkildə qınayır, ittiham edirlər.

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli bildirdi ki, hər bir siyasi partiyanın işi, vəzifəsi seçkilərdə iştirak etməkdir: “Bir siyasi qüvvə, təfəkkür seçkilərdə iştirak etmirsə, mahiyyətini, ciddiliyini itirir. Ciddiliyini o vaxt qoruyub saxlaya bilər ki, seçkilərdə iştirak etməsə də, boykot taktikasını da real etiraz formasında aparıb, heç olmasa minimum məqsədlərinə nail ola bilsinlər. Yox, bunu da edə bilmirlərsə, onda boykotun heç bir mənası yoxdur. 26 il müxalifətdə qalan qüvvələr anlayırlar ki, nə seçkilərdə iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklər, nə də real boykot etirazları etmək gücləri yoxdur, ona görə də özləri üçün indiki məqamda ən rahat yol seçiblər. AĞ Partiya yeni qurulmasına rəğmən bu qısa müddətdə olan seçkilərdə iştirak edib. Ötən il keçirilən növbədənkənar prezident seçkilərində namizədimizlə iştirak etdik. Vaxtında lazım olan 40 mindən çox imzanı toplaya bildik. Təəssüf ki, namizədimiz subyektiv səbəbdən MSK tərəfindən qeydə alınmadı.

O vaxt da boykotçular üstümüzə gəldi, bizə olmazın ittihamlarını söylədilər. Baxmayaraq ki, partiyaları və liderləri dəfələrlə prezident və parlament seçkilərində iştirak ediblər, 10 il ərzində deputat mandatı alıb parlamentdə oturublar. Eyni düşərgədə olduğumuz bir hissənin bütün təzyiqlərinə rəğmən AĞ Partiya növbədənkənar prezident seçkilərində iştirak etdi. Azərbaycanda heç bir siyasi qüvvə təzyiq vasitəsilə AĞ Partiya və onun liderini nəyəsə məcbur edə bilməz. Əgər növbədənkənar parlament seçkiləri keçiriləcəksə, AĞ Partiya heç şübhəsiz ki, bu seçkilərdə iştirak edib çalışacaq ki, nəticə qazansın. Partiya olaraq biz hər seçkini ən azı təcrübə baxımından bir fürsət kimi dəyərləndiririk. Seçkilər ölkəmizin demokratikləşməsi, siyasi mübarizənin sivil olması üçün bir fürsətdir. Ümid edirəm ki, iqtidar da, müxalifət də bu fürsəti lazımi dərəcədə dəyərləndirəcək. Sonda udan sivilləşən, demokratikləşən Azərbaycan olacaq”.

Xəzər Teyyublu: “Milli Məclisə seçki keçirmək ehtimalı azdır”

KXCP-nin idarə heyətinin üzvü Xəzər Teyyublu yekun qərar vermədiklərini söylədi: “Düşünmürəm ki, bu il vaxtından əvvəl parlament seçkiləri keçirilsin. Bələdiyyə seçkilərinin bu ilin sonunda olacağını nəzərə alsaq, Milli Məclisə seçki keçirmək ehtimalı azdır. Ölkədə seçki komissiyalarında ciddi uyğunsuzluqlar var. Həm məntəqələrdə, Dəm dairələrdə, həm də MSK-da müxalifətdən komissiya üzvləri olmadığından partiyaların seçkiyə getməsi çətinləşir. Seçki islahatları və seçkiöncəsi mühit dəyişməz olaraq qalmaqda davam edir. KXCP-nin seçki ilə bağlı mövqeyi zamanı çatanda ali orqanlar tərəfindən müzakirə ediləcək və o müzakirələrdən sonra tam mövqe bilinəcək”.

Tamilla Qulami: “Siyasi partiyaları seçkidə iştirak etməyə çağırırıq”

Ümid Partiyasının sədr müavini Tamilla Qulami: “Biz hər zaman bütün seçkilərdə iştirak etməyin tərəfdarı olmuşuq. Və cəmiyyəti də, bütün siyasi partiyaları da seçkidə iştirak etməyə çağırırıq. Seçkilər partiyaların hakimiyyətə gəlməsi üçün tək yoldur. Hər hansı bir seçkini boykot edən zaman hakimiyyətə gedən yol da uzanır. Biz Ümid Partiyası olaraq, indiyədək bir seçkidə - 11 aprel 2018-ci il prezident seçkilərində iştirak etməmişik. Səbəbi isə partiyanın prezident seçkilərində namizədi ilə iştirakının partiyanın nizamnaməsinə uyğun olaraq, qurultayın səlahiyyətində olduğu və partiyanın növbəti qurultayının 2019-cu il may ayının 28-də keçirilməsi nəzərdə tutulduğundan, hüquqi baxımdan növbədənkənar qurultayın keçirilməsinin zaman etibarı ilə də qeyri-mümkün olduğu idi. Partiyaların bələdiyyə, parlament, prezident seçkilərində iştirakı həm də cəmiyyətdə seçki vərdişinin formalaşmasına gətirib çıxarır. Müxalifətin üzərinə düşən ən böyük vəzifələrdən biri hakimiyyətə gəlməkdir, müxalifətdə qalmaq deyil. Ona görə də əlaqələndirilmiş, sistemli şəkildə demokratik seçki keçirilməsi uğrunda birgə mübarizə aparmaq lazımdır. Qərb dairələri də, beynəlxalq dairələr də boykotu deyil, seçkidə iştirakı dəstəkləyir. Demokratik seçkinin formalaşdırılması tək partiyanın görəcəyi iş deyil. Demokratikləşmə üçün, ölkəmizi və xalqımızı gözləyə biləcək təzyiq və təhdidlər üçün mütləq bir arada olmalı, birgə səy göstərməli və demokratikləşmə yolunda işlər görməliyik”.

Əli Orucov: “Əlimizi-qolumuzu bağlayıb oturmalı deyilik”

AMİP katibi Ali Orucov boykot taktikasını doğru saymır: “İqtidar istəyir ki, cəmiyyət seçki prosesindən kənarda qalsın ki, total saxtalaşdırmanı və idarə olunan seçkiləri həyata keçirə bilsin. Boykot taktikası bu baxımdan səmərə vermir. Müxalifət Azərbaycanda çoxkeçidlidir. Milli Şura, AXH, yaxud da hansısa bir siyasi partiyanın seçkiləri boykot etməsi legitimliyə xələl gətirmir. Beynəlxalq qurumlar da pozuntuları sadalamaqla kifayətlənərək seçkilərin legitimliyini tanıyırlar. Fikrimcə, müxalif düşərgə beynəlxalq mütərəqqi cəmiyyətin dəstəyini almaqla iqtidarı ölkədə heç olmasa minimal demokratik seçki mühitinə məcbur etməyə nail olmalıdır. İndidən gücümüzü və səylərimizi bu istiqamətdə cəmləyə bilsək, müsbət də nəticələr əldə edə bilərik. Onsuz da iqtidar istəsə də, istəməsə də köklü islahatlara getmək məcburiyyətindədir. Müxalifət olaraq biz də bu islahatların tez başladılmasına və nəticəli olmasına töhfəmizi verməliyik. Parlament seçkilərində iştirakla bağlı son və həlledici sözü AMİP-in seçkili qurumları verəcək. O vaxtadək əlimizi-qolumuzu bağlayıb oturmalı deyilik. Konstitusiyanın və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, əlverişli seçki mühitinin yaradılmasına çalışmalıyıq və bu yöndə əməkdaşlığa, müzakirələrə də hazırıq”.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov seçkilərdə iştirakın verdiyi töhfələrdən söz açdı: “Parlament seçkiləri ən geci gələn ilin payızında keçirilməlidir. Hətta erkən keçirilməsə belə seçki hazırlıqları və müzakirələri üçün olduqca az vaxt qalır. Ölkəmizdə seçki mühiti hamıya bəllidir. Bu barədə uzun- uzadı danışmağın mənası yoxdur. Seçki mühitini iqtidar dəyişməyəcək, zatən bunu özü yaradıb və bu cür davam etməsini özünün maraqlarına uyğun hesab edir. Təbii ki, bu cür şəraitdə seçkilərdə iştirak müxalifətdə olan siyasi qruplara böyük nəticələr vəd etmir. Amma seçkidə iştirak etməmək daha pis variantdır. Bu, tamamilə meydanı iqtidara buraxmaq və siyasi prosesdən özünü təcrid etmək deməkdir. İndiyədək təcrübədən dəfələrlə nəticə çıxarmışıq ki, hətta saxtalaşdırılması şübhə doğurmayan seçkidə belə iştirak etmək kənarda qalmaqdan daha yaxşıdır. Bu zaman heç olmasa seçkinin verdiyi imkandan istifadə edib, xalqı məlumatlandırmaq mümkün olur. Yaxın tarixdən bir misal çəkim. Son prezident seçkilərində Sərdar Cəlaloğlunun təkbaşına apardığı teleçıxışlar xalqın siyasi cəhətdən məlumatlanmasında müstəsna rol oynadı. Ona görə də seçkidə iştirakın tərəfdarıyam və bütün müxalif siyasətçiləri seçkidə iştirak etməyə çağırıram”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.