Deputatlardan parlamentdə qanun layihəsinə sərt təpki

18-05-2019, 08:16           
Deputatlardan parlamentdə qanun layihəsinə sərt təpki
Milli Məclisdə “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi, rüsumların kəskin şəkildə artırılması deputatları narazı saldı
Mayın 17-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Deputat Qüdrət Həsənquliyev söz alaraq dedi ki, AMEA-nın Tarix İnstitutu Keşikçidağ kompleksi ilə bağlı elmi cəhətdən əsaslandırılmış çox sanballı bəyanatla çıxış edib. Deputat bununla əlaqədar Tarix İnstitutuna təşəkkürünü bildirdi.

Deputat Çingiz Qənizadə dövlət rüsumlarının yüksək olması ilə bağlı vətəndaşların narazılıqlarını çatdırdı: “Dövlət rüsumlarına yenidən baxmaq lazımdır. İcarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manatdır. Bu, həddən artıq çoxdur və narazılıq yaradır. Bəzən elə olur ki, vətəndaş icarə müqaviləsi bağlayır, bir-iki aydan sonra yeni müqavilə bağlanır və növbəti dəfə rüsum ödəməli olur. Üstəlik, icarə müqaviləsindən əlavə ödənişlər də var. Bir icarə müqaviləsinin 2-3 aydan bir 100-200 manat xərcləri var”. Ç.Qənizadə komitə sədri Ziyad Səmədzadəyə xitabən bu məsələyə yenidən baxılmasını xahiş etdi.

Spiker O.Əsədov isə dedi ki, belə məsələləri iclasa qədər müzakirə edib razılığa gəlmək daha yaxşı olar.

“Yol hərəkəti haqqında” Qanunun müzakirəsi zamanı söz alan deputat Fazil Mustafa bir sıra nöqsanlara diqqət çəkdi. O, ilk öncə avtomobil dayanacaqlarında yığılan vəsaitlərin mənimsənildiyini vurğuladı. Deputat qeyd etdi ki, Azərbaycanda hava limanına, avtovağzala 10 dəqiqəlik də girəndə ödəniş tələb olunur. F.Mustafa səfirliklərin viza üçün müraciət edən Azərbaycan vətəndaşının pulunu mənimsədiklərini də vurğuladı: ”Biz bütün sahələrdə boşluqları doldurmağa çalışmalıyıq".

Komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov əvvəlcə birinci vitse-spiker Ziyafət Əsgərovun gündəlikdəki məsələlərdən kənar çıxış edən deputatlara irad tutmasına toxundu: “Elə məsələlər var ki, biz bunu burada demiriksə, onu feysbuk üzərində deməyin heç bir mənası yoxdur. Hansı qanunun müzakirəsindən asılı olmayaraq, deputatın vətəndaşlıq borcudur ki, vətəndaşları narahat edən məsələləri burada qaldırsın, sözünü desin. Mən istəyirdim deyim ki, gedək Krılovun ”Qurd və Quzu" əsərini təzədən çap etdirək. Çünki yerli-yersiz Azərbaycana qarşı müxtəlif bəhanələrlə kampaniyalar aparılır. Biz həmkarlarımızla bütün bunlara cavab verməliyik".

S.Novruzov dedi ki, xarici qüvvələr, ayrı-ayrı dövlətlər idman oyununu siyasətə qatır, ölkəmizə qarşı kampaniya aparırlar: “Böyük Britaniyanın iri şirkətləri illərdir ki, Azərbaycanda çalışır, nədənsə təhlükə indi yadlarına düşüb. Azərbaycanda neft çıxaranda bu ölkə təhlükəli deyildi, amma ”Arsenal"ın 3 oyunçusu Azərbaycana gələndə təhlükə yadlarına düşür. Nəyə görə Azərbaycan dünyanın ən təhlükəsiz məkanı elan olunanda bu barədə məsələlər yadlarına düşmürdü? Azərbaycan üzərindən Əfqanıstana yük daşıyanda problemlər yox idi, antiterror əməliyyatları çərçivəsində ABŞ-a hava məkanı verəndə hava şəffaf idi. İndi nə oldu iki futbol komandası Azərbaycanda oynayanda hava “tutulur”?"

Komitə sədri bu prosesdə azərbaycanlıların da yer aldığını vurğuladı: “Sapı özümüzdən olan baltalar 5 manat pulun əvəzində ölkəmizə qarşı çıxış edirlər. Bunlara biz münasibətimizi bildirməliyik. Azərbaycan Avropa İttifaqının ən yaxın tərəfdaşıdır, 20 milyardlıq layihə həyata keçirilib. Bunu kənara qoyub başqa detallardan tutub yalan informasiya yayırlar. Bu gün internet məkanının imkanlarından istifadə edib Azərbaycanın əleyhinə təbliğat aparırlar. Elə bil bunların düyməsi eyni məkandan basılıb, eyni vaxtda başlayıblar. İmkan verə bilmərik ki, bunlar Azərbaycan prezidentinin siyasətini, Azərbaycan xaqlının milli maraqlarına xələl gətirsinlər. Biz sinəmizi qabağa verib bunlara cavab verməliyik”.

Deputat Hikmət Məmmədov da S.Novruzovun dediklərini müdafiə etdi. Dedi ki, hər bir normal azərbaycanlı işğalçı ölkənin baş nazirinə qarşı aksiyalar keçirməlidir, Azərbaycan prezidentinə qarşı deyil.

Z.Əsgərov isə öz növbəsində dedi ki, bu kimi böhtan kampaniyaları əvvəllər də olub və bu, yenilik deyil.

“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə rüsumların kəskin şəkildə artırılması isə deputatların sərt etirazına səbəb oldu. Qeyd edək ki, layihələrə görə, təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumu müəyyənləşdirilir və burada 15-20 min manatlıq rüsumdan söhbət gedir.

Deputat Qüdrət Həsənquliyev məktəbəqədər təhsil müəssisələrinin açılmasına görə böyük miqdarda rüsum tələb olunmasını doğru saymadı. Dedi ki, əslində belə müəssisələr açmaq istəyən şəxslərə güzəştlər tətbiq edilməlidir.

Deputat Fərəc Quliyev dedi ki, Azərbaycanda rus dilində təhsil alanların faizi 5 faizə çatıb: “Çox təəssüflər olsun ki, Türkiyə filmini yayanda tərcümə edirlər, amma rus dilində televiziyalarda filmlər, verilişlər verəndə tərcümə edilmir”.

Deputat Asim Mollazadə də rüsumların yüksək olmasını doğru saymadı: “Dövlət rüsumlarının artırılması dövlət başçısının apardığı siyasətə ziddir və sahibkarlıq fəaliyyətinə zərbədir. Eyni zamanda bu, təhsilin keyfiyyətinə və inkişafına zərbədir! Bu, həm də bununla təhsil sistemində olan qüsurları ört-basdır edirik. Bu gün dövlət büdcəsində hərbi sahədən sonra ən çox vəsait təhsilə ayrılır. Ancaq belə görünür ki, vəsait ünvanına çatmır. Mən bu təkliflərin əleyhinə çıxış edəcəyəm və çox xahiş edirəm ki, biz bu rüsumların qarşısını alaq!”

Deputat Musa Quliyev də həmkarlarının fikirlərini müdafiə etdi: “Təklif edirəm ki, bu məsələ gündəlikdən çıxarılsın və geri qaytarılsın. Nəyə görə cənab prezidentin siyasətinə zidd olaraq rüsumlar artırılır? Bu 15-20 min rüsum sahibkardan alınmayacaq, övladını orada oxutmaq istəyən vətəndaşdan alınacaq. Bu layihəni hazırlayanlar niyə Azərbaycan prezidentinin siyasətinə zidd gedirlər, bunu da ayrıca araşdırmaq lazımdır. Prezident təkcə bu il vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar 20-yə yaxın fərman və sərəncam verib. Gəlin biz də prezidentin siyasətini əməlimizlə dəstəkləyək. Yoxsa sözlə ”sinəmizi qabağa vermişik-filan" deməyə ehtiyac yoxdur".

Deputat Qənirə Paşayeva da rüsumların artırılması ilə bağlı müddəanın layihədən çıxarılmasını təklif etdi: “Mən kənd rayonunu təmsil edirəm. Bağçalar çatışmır. Ondan-bundan xahiş edirik ki, xeyriyyəçilik fəaliyyəti göstərsinlər. Heç rüsumlar olmadan bölgələrdə bağçaların açılmasını görmürük. Bu rüsumlardan sonra kim gedib bağça açacaq? Bu, rentabelli olmayacaq”.

Deputat Əflatun Amaşov dedi ki, kimsə özəl müəssisə yaradırsa, bundan qazanc götürməyi də nəzərdə tutur: “Ancaq gəlin nəzərə alaq ki, burada söhbət təhsildən gedir. Məhz buna görə də təhsil müəssisəsinin akkreditasiyaya görə dövlət rüsumunun tətbiqinə diqqətlə yanaşmağı təklif edirəm. Hesab edək, bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın. Nəyə görə ondan akkreditasiya üçün pul tutulmalıdır? Axı bu adam vəsaitini hansısa şadlıq sarayı açmağa deyil, təhsilə yönləndirir. Prinsipcə onun istəyi bəşəridir. Düşünürəm ki, hər hansı dövlət rüsumundan ümumiyyətlə söhbət getməməlidir. Sadəcə, nəzarət edilməlidir ki, keyfiyyətli təhsil olsun və mövcud qanunvericilikdən irəli gələn tələblər gözlənilsin. Buna da nəzarəti təbii müvafiq dövlət qurumları edəcək. Digər tərəfdən, əgər akkreditasiya ilə bağlı dövlət rüsumu tətbiq edilirsə, hesab edirəm ki, qanun layihəsindəki rəqəmlər günümüzlə adekvat deyil. Rəqəmlər 3-15 min manat arası dəyişir. Bu, həddən artıq çoxdur. Onların müəyyənləşməsində nələr, hansı parametrlər əsas götürülür, məlum deyil. Yəni layihənin 32-1.8 bəndində göstərildiyi kimi, təhsil fəaliyyətini həyata keçirən digər qurumlar nə üçün akkreditasiyaya görə 15 min manat ödəməlidirlər? Heç olmasa, bu rəqəmlərə yenidən baxılsın”.

Deputat Məlahət İbrahimqızı da həmkarlarının fikirlərini müdafiə etdi: “Bu layihə dövlətimizin, prezidentimizin apardığı siyasətə tamamilə ziddir. Bu gün prezidentimizin fərmanı ilə sahibkarlara güzəşt edilir. Belə olan təqdirdə belə bir qanun layihəsinin Məclisə gəlməsi şübhəlidir. Mən bu layihənin əleyhinə çıxış edəcəyəm”.

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Ziyad Səmədzadə dedi ki, bununla bağlı ətraflı müzakirə aparılacaq: “Bu qanun layihəsinə müsbət münasibət bildirməliyik. Çünki birinci oxunuşdur”.

Komitə sədri İsa Həbibbəyli də təklif etdi ki, qanun ilk oxunuşda olduğu kimi qəbul olunsun: “İkinci oxunuşa qədər uyğun forma tapaq, ciddi müzakirə edək”.

Deputat Eldar Quliyev də eyni təşəbbüslə çıxış etdi.

Bundan sonra qanun layihəsi səsə qoyuldu. 86 lehinə, 4-ü əleyhinə olmaqla qanun layihəsi ilk oxunuşda qəbul edildi.

“Mədəniyyət haqqında” Qanunun müzakirəsi zamanı deputatlar Gürcüstanla sərhəddəki Keşikçidağ abidəsi barədə çıxış etdilər.

Deputat Tahir Kərimli Gürcüstan-Azərbaycan sərhədindəki Keşikçidağ məbədi ətrafında gedən müzakirələrdən bəhs edərək dedi ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu tarixi ənənəyə söykənir, bu, davam etməlidir: “Ermənilər çox istəyir ki, bizi düşmən eləsin. Biz imkan verdik ki, öz ərazimizdə gürcülər Pasxa bayramını keçirsinlər. Amma onlar bunun qarşlığında bizi təhqir etdilər. Dedilər ki, siz Orta Asiyadan gəlmisiniz. Əvvəla, Azərbaycan xalqı bu ərazilərin daimi sakinləridir. Ona qalsa, gürcülər özləri də deyirlər ki, Misirdən gəliblər. Digər tərəfdən, bizim də Gürcüstan ərazisində çoxlu abidələrimiz var, amma iddia etmirik”. T.Kərimli daha sonra dedi: “Biz tarixən Rusiyanın əli ilə torpaqlarımızı itirmişik. Dünyada 210-dan artıq dövlət var. Amma Azərbaycan yeganə dövlətdir ki, bütün sərhədləri özünün keçmiş əraziləri ilə həmsərhəddir. Açığı, mənim də ürəyimdə qorxu var ki, birdən bu komissiya güzəşt edər gürcülərə. Güzəşt etmək lazım deyil! Konstitusiyamızı pozmağa heç kimə icazə vermək olmaz! Biz Gürcüstanla dostluğumuzu davam etdirməliyik, amma ərazilərimizi də güzəştə getməməliyik!”

T.Kərimli Ermənistanın baş nazirinin Şuşadakı meymunluğuna da toxundu: “Paşinyan siyasi əxlaqsızlığın ən yüksək nümunəsini göstərərək bizə yandı-qındılıq verir. XİN desin ki, kim bizə torpaqlarımızı almağa qoymur, Rusiya, Fransa, ya mason qoymur? Ömür boyu öz ağasına ağ olan erməni bizim torpaqları işğalda saxlayır. Biz bu bəlanı balalarımızamı saxlamalıyıq? Biz torpaqlarımızı azad etməliyik!”

Deputat Fərəc Quliyev də həmkarının fikirlərini müdafiə etdi: “Sovet dövründə kənd təsərrüfatı məqsədilə gürcülərə 20 min hektar torpaq vermişik. Komissiya bu məsələni də qaldırmalıdır. Biz başqa məsələlərdə də dişli siyasət yürütməsək, hər küçədən keçən üstümüzə gələcək. Gürcülər Şah Abbas məscidinin vəziyyətinə də baxsınlar. Əgər bunlar belə iddialar irəli sürürsə, onda gərək biz də məsələ qaldıraq ki, Tiflis Azərbaycan ərazisidir və gürcülər oradan çıxmalıdırlar”.

Deputat Qənirə Paşayeva dedi ki, gürcü həmkarları ilə parlamentdə dostluq qrupları çərçivəsində görüşüblər və öz fikirlərini onlara çatdırıb: “Biz Gürcüstan parlamentində, gürcü televiziyalarından da ədalətli yanaşmaların səslənməsini gözləyirik. Lakin dedilər ki, biz bu fikirlərin səslənməsinə heç bir təsir göstərə bilmərik. Bu, çox təəssüf doğurur”. Q.Paşayeva dedi ki, bu abidə David Qareci deyil, Keşikçidağ abidəsidir: “Bu abidə heç vaxt, nə Çar Rusiyası, nə sovet dövründə Gürcüstana məxsus olmayıb, Azərbaycana məxsus olub. Bizim üçün də Borçalı, Tiflis çox həssasdır. Azərbaycan dövləti Gürcüstanla münasibətlərin hər zaman inkişafına önəm verib. Amma Azərbaycan əleyhinə fəallaşan qüvvələr bilməlidir ki, tarixi mədəni abidələrimiz bizimçün çox həssas məsələdir. Biz əminik ki, bu məsələ Azərbaycanın milli maraqları çərçivəsində öz həllini tapacaq”.

Deputat Nəsib Məhəməliyev də Azərbaycana qarşı iddiaların əsassız olduğunu bildirdi: “Gürcüstanın daxilində, o cümlədən parlamentində Azərbaycanı istəməyən millətçilər var. Mən hesab etmirəm ki, çox yaxın strateji müttəfiqimiz olan gürcü və Azərbaycan xalqı qarşıdurma səviyyəsinə gəlib çatacaq. Komissiya işləməli və ortaq məxrəcə gəlməlidir. Çox yaxşı olar ki, iki hökumət arasında Keşikçidağ abidəsinin qarşılıqlı istifadəsi ilə bağlı razılaşma əldə olunsun. Bu məsələ indi həll olunmasa, gələcəkdə təxribatçı qüvvələr bundan istifadə edə bilər. Ərazi mübadiləsi yolverilməzdir. Qarşılıqlı ittihamlar, qızışdırma üçüncü, dördüncü qüvvələrə sərf edir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov təklif etdi ki, Keşikçidağ müzakirəsi dayandırılsın.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.