Sənədsiz evlərin sənədləşdirilməsi prosesi yaxın vaxtlarda reallaşacaq

18-05-2019, 09:20           
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi yaxın vaxtlarda reallaşacaq
Mərkəz hökumətə problemin həllinə dair təklif təqdim edib
“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinləri ilə görüşdə deyib. Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq: “30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”.

Xatırladaq ki, fevral ayında Prezident İlham Əiyev çoxmənzilli binaların istismara qəbulu prosesinin asanlaşdırılmasına dair fərman imzaladıqdan sonra bir sıra hökumət rəsmiləri analoji addımın fərdi evlərlə bağlı da atılacağını bildirmişdilər. Mart ayında Əmlak Məsələləri Dövlət Komitəsi bəyan etdi ki, sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək. E.Əzizovun Binəqədi sakinlərinə dediklərindən isə aydın olur ki, hazırlanan hüquqi baza bütün ölkə üzrə sənədsiz fərdi evlərlə bağlı problemlərin aradan qaldırılması məsələlərini əhatə edəcək.

Qeyd edək ki, 2000-ci illərdə Bakı ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxusunun da “kupça”sı yoxdur.

Hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

Sonradan - 2012-ci ilin iyun ayında prezident magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH)göndərilib.

2014-cü ildə BŞİH-dən verilən məlumatda 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyi qeyd olunub: “Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib”.

Nəhayət, prezident 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Prezidentin fərmanından 4 il keçməsinə baxmayaraq, indiyədək Bakıda sənədsiz fərdi evlərin çıxarışla təmin olunması sahəsində ciddi bir irəliləyişin olduğundan danışmaq mümkün deyil. Hələ də yüz minlərlə insan evinə sənəd əldə edib, qeydiyyata düşə, adi mülkiyyət hüququndan istifadə edə bilmir.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar Bayramovun fikrincə, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq: “Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.

Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəla, bizim təkliflərimiz “Əmlak Amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin".

Mərkəzin konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub: “Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və ”kupça" ilə təmin olunması prosesi başlanmalıdır. Əslində bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır".

V.Bayramov bildirir ki, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir: “Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.