ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan muzeyləri

18-05-2019, 09:40           
ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan muzeyləri
Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Cebhe.info xəbər verir ki, bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.

Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilədir.
Dünyada qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər fəaliyyət göstərir.

Azərbaycana gəlincə, ölkəmizdə ilk muzey 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə parlamentin binasında (İstiqlal Muzeyi) fəaliyyətə başlayıb, sonrakı illərdə Azərbaycan Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), ayrı-ayrı sahələr üzrə muzey-fondlar, rayonlarda tarix-diyarşünaslıq muzeyləri və s. təşkil edilib.

Hazırda ölkədə 203 muzey fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri üzrə 22 muzey, rayonlar üzrə 181 muzey var. Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri...
İşğal və qarətə məruz qalmış muzeylərimiz

İşğal altında olan rayonlarımızda vaxtı ilə ümumilikdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. Onların hamısı erməni silahlı qüvvələri tərəfindən talan edilib. Ümumilikdə işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardı.

Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qəsbkarlarının törətdikləri vandalizm “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.