Bakıda binada olmayan mənzil satılıb - Video

19-05-2019, 21:14           
Bakıda binada olmayan mənzil satılıb - Video
Bakıda cəmi 119 mənzili olan binadan 120-ci mənzil satılıb. Həmin mənzil üçün 50 min manata yaxın pul ödəyən paytaxt sakini indi nə pulunu, nə də ki, mənzilini ala bilir.
Xalq yazıçısı Anar Rzayev tərəfindən yazılmış ''Beşmərtəbəli evin altıncı mərtəbəsi'' adlı romanın adına bənzər hadisə Bakıda yaşanıb.

Paytaxt sakini Fidan Kərimovaya cəmi 119 mənzili olan binada 120-ci mənzil satılıb. Fidan Kərimova iddia edir ki, 2017-ci ilin may ayında Binəqədi rayonu Adil Məmmədov küçəsində bina tikən ''Avro Qrand'' MMC adlı şirkətə nağd şəkildə 48 500 manat ödəyərək 1 otaqlı mənzil alıb. Şirkətlə alıcı arasında alqı-satqı müqaviləsi bağlanıb və Fidan Kərimovaya tikilməkdə olan binanın 120-ci mənzili satılıb.

Fidan Kərimova ona dəyən ziyanı tələb etsə də, cəhdləri nəticəsiz qalıb.

Çəkiliş zamanı ''Avro Qrand'' MMC-nin rəhbəri Xanlar Cəfərov da həmin ünvanda idi. Ona iddialarla bağlı sual versək də, tam cavab ala bilmədik.

Daha sonra özünü tikinti işlərinə nəzarətçi şəxs kimi təqdim edən Alıverdi Bayramov isə bildirdi ki, binanın sonuncu mərtəbəsindəki mənzillərdən biri Fidan Kərimovaya məxsusdur.

Fidan Kərimova isə indi təklif edilən mənzilin müqavilədəki mənzillə eyni olmadığını bildirdi. Onun sözlərinə görə, hazırda təklif edilən mənzil binanın mansarında yerləşir. İddiaçı məsələyə hüquqi qiymətin veriləcəyini gözləyir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.