Qalmaqalla başlayıb qalmaqalla da bitən “Avroviziya – 2019”

19-05-2019, 21:46           
Qalmaqalla başlayıb qalmaqalla da bitən “Avroviziya – 2019”
Mayın 18-də “Avroviziya – 2019” müsabiqəsi başa çatdı. İsrailin paytaxtı Tel-Əvivdəki “Expo” mərkəzində keçirilən müsabiqədə niderlandlı təmsilçi Duncan Laurens öz ölkəsini birinci edə bildi. Belə ki, ifaçı “Arcade” mahnısı ilə 492 səs toplayaraq, qalib oldu. Beləliklə, gələn il müsabiqənin Niderlandda təşkil ediləcəyi gözlənilir.

Qeyd edək ki, gecədə 26 ölkənin, o cümlədən Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrailin təmsilçisi səhnəyə çıxıb, bir daha mahnılarını ifa ediblər.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev uğurlu çıxışı ilə ölkəmizi siyahıda 7-ci edib. Xatırladaq ki, təmsilçimiz müsabiqədə “Truth” mahnısı ilə iştirak edib. Onun çıxışı və performansı həm yerli, həm də xarici musiqiçilər tərəfindən yüksək qiymətləndirilib. Hətta bəzi yerli musiqi mütəxəssisləri onun ilk 3-lüyə düşə biləcəyini qeyd edirdi. Buna baxmayaraq onun 7-ci sırada yer alması ölkəmiz üçün böyük uğur hesab olunub. İfaçının özü məsələyə bu cür münasibət bildirib:

“İnstaqramda yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldi etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum”.

Qeyd edək ki, bu sayca 64-cü müsabiqə idi. Ötən il israilli ifaçı Netta Barzilay ifası ilə ölkəsini qalib edə bildi və İsrail yeni 20 il sonra müsabiqəyə ev sahibliyi etdi. Çox maraqlıdır ki, İsrail bundan əvvəl 1979-cu ildə müsabiqəyə ev sahibliyi edib. 20 il sonra 1999-cu ildə yenidən ev sahibliyi etmək hüququnu qazanır. Və nəhayət yenə 20 il sonra, yəni 2019-cu ildə ev sahibliyi etdi. Bir çoxları bunun təsadüfi olmadığını bildirir. Onlardan bəziləri faktı mistik, digərləri isə siyasi amillərə bağlayır.

Bir faktı qeyd edək ki, Netta qələbə qazandıqdan sonra elə səhnədəcə 2019-cu ildə müsabiqənin İsrailin paytaxtı Qüdsdə keçiriləcəyini demişdi. Hətta İsrailin baş naziri Benyamin Netanyahu da öz Tvitter hesabında bildirmişdi ki, müsabiqə Qüdsdə keçiriləcək. Lakin sonra Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin “Eurovision-2019” üçün çox kiçik olduğunu bildirərək, “Teddy Stadium” və eyni zamanda? “Jerusalem Arena”nı müsabiqə üçün uyğun olduğunu demişdi. Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdı. Lakin son olaraq müsabiqə Təl-Əvivdə baş tutdu.

Budəfəki müsabiqədən iki ölkə - Ukrayna və Bolqarıstan imtina edib. Belə ki, Bolqarıstan maliyyə problemləri üzündən yarışmada iştirak edə bilməyəcəyini açıqlamışdı. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdi.

Maraqlıdır ki, hələ müsabiqəyə start verilməmiş, artıq boykot çağırışları edilməyə başlamışdı. Belə ki, əvvəlcə müsabiqənin Qüdsdə keçiriləcəyi deyiləndə bəzi ölkələr buna etiraz etmiş və öz ölkələrini müsabiqəni boykot etməyə çağırmışdılar. Maraqlıdır ki, bu ölkələrin siyahısında Böyük Britaniya, İrlandiya, İslandiya, İsveçin adı çəkilir.

Beləliklə, gözlənildiyi kimi, müsabiqənin həm ilk yarımfinalı ərəfəsində, həm də digər mərhələlərində çoxsaylı boykot çağırışları, aksiyalar keçirildi. Aksiyalar elə Təl-Əvivin özündə baş tutdu. Aksiyada Fələstini dəstəkləyən plakatlar qaldırılıb. Boykotçuların arasında Sinid Okonnor, Elvis Kostello, Andi Irvine, Paul Bradi, Roger Vaters ve Lorde kimi tanınmış ulduzlar da olub. Hətta dünya şöhrətli ulduz Madonnaya qarşı çağırışlar edildi ki, o, müsabiqədəki performansından imtina etsin. Lakin ifaçı musiqini siyasətə qatmadığını deyib, boykot çağırışlarını rədd etdi.

Buna baxmayaraq müsabiqənin son günündə Madonnadan ilginc jest gəldi. Belə ki, müğənni bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib, repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb. Yaranmış qalmaqallı olayla bağlı yarışmanın təşkilatçıları açıqlama yayıblar. Onlar bildiriblər ki, Madonnanın çıxışı zamanı bayraqların nümayişi Avropa Yayım Şurası və İsrail Milli Teleradio şirkəti ilə razılaşdırılmayıb.

Müsabiqənin yadda qalan qalmaqallarından biri isə yarışmanın ilk hissəsində eynicinsli tamaşaçıların öpüşməsi olub. Belə ki, “Dana İnternational”ın çıxışı zamanı insanlara “Sevgi sevgidir” mesajı verilib. Bu zaman kameralar zaldakı tamaşaçılara doğru ünvanlanıb. Vizual ürək görüntüsünün içərisində homoseksual və heteroseksual cütlüklər öpüşüb.

Digər qalmaqal isə polşalı təmsilçi ilə bağlı olub. Belə ki, Polşanı müsabiqədə təmsil edən mahnı üçün çəkilmiş video-klipdə xaç simvolunun yer aldığı üç saniyəlik səhnə son anda klipdən silinib. Bu Polşada böyük etirazlara səbəb olmuş və “Avroviziya” xristianlığa qarşı ayrıseçkilikdə ittiham olunmuşdu. Polşanın yarışmanı ölkədə yayımlamaq hüququ olan TVP telekanalının baş direktoru Yatsek Kurski ölkə təmsilçiləri Tulia qrupunun albom şirkətini video klipin ilkin versiyasını bərpa etməyə çağırmışdı. Qrupun menecmentliyi etirazlara cavab olaraq xaç simvolunun klipdən silinməsinə əsas səbəbin Avropa Yayım İttifaqının “Eurovision”da siyasi və dini işarələrin təbliğ edilməsinin qadağan etməsi ilə əlaqələndirib.

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.