Demokratik islahatlara qaragüruh əngəli - siyasi radikalizm ölkəyə nə vəd edir?

23-05-2019, 08:16           
Demokratik islahatlara qaragüruh əngəli - siyasi radikalizm ölkəyə nə vəd edir?
Partiya sədrləri bu haqda fərqli düşünürlər
Son aylar Azərbaycanda bir sıra sahələrdə islahatlar aparılır. Sosial-iqtisadi, məhkəmə-hüquq sahələrində aparılan islahatlarla yanaşı, siyasi istiqamətlərdə də islahatlar gedir.

Hakimiyyət çalışır ki, ölkədə siyasi münasibətləri normallaşdırsın. Bu ilin mart ayında prezidentin imzaladığı əfv sərəncamı ilə xeyli sayda siyasi dustaq azadlığa çıxdı. Hətta hakimiyyətə qarşı radikal mövqedə dayanan siyasi liderlərin ailə üzvləri belə əfvə düşdü. Sanki bu, iqtidarın bir jesti, mesajı idi. Buna rəğmən ölkədə siyasi təzyiq aşağı düşmür, qarşılıqlı nifrət aşılayan təbliğat ara vermir.

Maraqlıdır ki, bu gün hakimiyyətə qarşı müxalifətdə dayanan bir sekta var ki, o, özünü barışmaz müxalifət elan edərək, var qüvvəsi ilə iqtidarın üstünə gəlir. Sanki siyasi münasibətlərdə qarşılıqlı güzəştlərin, barışın olmasında maraqlı deyillər. Bəzi iddialara görə, özünü barışmaz müxalifət kimi təqdim edən bu qüvvələr hakimiyyəti təxribata çəkməyə, onu siyasi islahatlardan yayındırmağa cəhd göstərir. Sosial mediada dayanmadan hakimiyyəti ağır və sərt dillə tənqid, əksər vaxtlar isə təhqir edirlər. Ekspertlərin fikrincə, bununla da hakimiyyəti yumşaq idarəçilik addımlarından çəkindirirlər. Bəs bu iddialar nə dərəcədə düzdür?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevə görə, yumşaq idarəçilik termini yoxdur: “Bunu kimsə kəşf edib ortalığa qoyursa, bu, anormal bir məsələdir. Digər tərəfdən, ölkədə demokratik dəyərlərin üstün tutulduğu göz önündədir. İstənilən partiyanın seçki yolu ilə hakimiyyətə gəlmək imkanları ola bilər. Ölkədə milli demokratik düşərgə və qeyri-milli demokratik düşərgələr mövcuddur. İkincilərin nəinki parlamentdə, ümumiyyətlə, cəmiyyət daxilində fəaliyyət göstərmələri düzgün deyil. Yumşaq idarəçilik dedikdə ölkədə qanunlar var. Kimsə qanundankənar fəaliyyət aparırsa, bununla bağlı tədbirlərin görülməsi normaldır. Statusundan istifadə edib qanunları pozan istənilən şəxs haqqında sərt qərarlar verilməlidir. Hamı qanun qarşısında bərabərdir. Bəzi qüvvələr sosial şəbəkələrdə ”qəhrəmanlıq" etməklə məşğuldurlar. Hərəsi ətrafına 10-15 nəfər yığır, bu sayda da saxta profillər yaradıb söyüş söyməklə məşğul olur. Belə müxalifətçilik olmaz. Bu cür fəaliyyətin qarşısı alınmalıdır. Ölkənin təhlükəsizliyi baxımından da bu, çox önəmlidir. Bu adamlar hakimiyyətə qarşı siyasi mübarizə apardıqlarını elan edib, əslində dövlətə qarşı çıxırlar. Bunu edənlər qanunla ən sərt formada cəzalarını almalıdırlar".

AĞ Partiya başqanı Tural Abbaslı isə düşünür ki, radikallıq etmək üçün müxalifətin resursları və imkanları çox məhduddur: “Adətən müxalifətin hərəkət və davranışları birbaşa iqtidarın münasibət və davranışlarından asılı olur. Əgər iqtidar müxalifəti hər məqamda sıxışdırır, qərargahsız qoyur, üzvlərini həbs edir, efirə buraxmamaqla yanaşı elə həmin efirdən birtərəfli qaydada tənqid, bəzən də təhqir edir, konstitusion hüquqlarına belə məhdudiyyətlər tətbiq edirsə, o zaman bu kəsimin radikallaşması da təbii olur. Əgər iqtidar siyasi münasibətlərin yumşalmasını, normal siyasi rəqabət mühitinin yaranmasını istəyirsə, ilk növbədə, özü bu istiqamətdə real addımlar atmalıdır. Təəssüf ki, bizlər bu istiqamətdə hər hansı bir inkişaf görmürük. Siyasi ritorikanı müxalifət deyil, iqtidar müəyyənləşdirir. Odur ki, məsuliyyət həmişəki kimi əlində inzibati resursu və gücü cəmləmiş hakimiyyətin üzərinə düşür. İqtidar səmimi şəkildə münasibətlərin sivilləşməsini istəyirsə, ortaya siyasi iradə qoymalıdır. Əks təqdirdə, ”qazancı" gərginlikdən çıxan hər iki tərəfdəki fürsətçilər siyasi münasibətlərin bu formada qalması üçün hər şey edəcəklər. Bu da nəticədə dövləti və dövlətçiliyi zəiflədəcək".
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.