Bahar Muradova: “Biz Avropa İttifaqına üzv olacağımızı bəyan etməmişik”

23-05-2019, 08:29           
Bahar Muradova: “Biz Avropa İttifaqına üzv olacağımızı bəyan etməmişik”
“İstənilən beynəlxalq təşkilatla, yaxud başqa bir ölkə ilə münasibətimiz üçüncü ölkəyə, o cümlədən Rusiyaya və onun maraqlarına qarşı yönəlməyib”
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova “Yeni Müsavat”ın suallarını cavablandırıb. Xanım vitse-spiker Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, nüfuzlu beynəlxalq qurumla yenilənmiş strateji sazişin imzalanması ərəfəsində bir sıra dairələrdən ölkəmizə qarşı yönəlmiş təzyiqlərlə əlaqədar qəzetimizə danışıb. Müsahibəni təqdim edirik:

- Bahar xanım, Siz parlament rəhbərliyində təmsil olunmaqla yanaşı, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətinin rəhbərisiniz və ab-havadan kifayət qədər məlumatlı insansınız. Bu ərəfədə Böyük Britaniyadan anti-Azərbaycan mövqeli bəyanatın səslənməsinin səbəbi nədir? Azərbaycan neftində böyük pay sahibi olan ölkə ilə münasibətlərdə nə baş verdi ki, futbol bəhanəsi ilə təzyiqlərə başladılar?

- Düşünmürəm ki, bu məsələ hansısa bir konkret hala bağlı olan məsələdir. Özünüz də qeyd etdiyiniz kimi, bu bir bəhanədir. Və eyni zamanda zənn etmirəm ki, bunun arxasında Böyük Britaniya hökuməti dayanır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən bu müddət ərzində çox böyük inkişaf yolu keçib, bu, faktdır. Bunu təkcə biz demirik, bütün dünya görür, izləyir. Bəziləri bu inkişafa dəstək mövqeyindədir, bəziləri də bunu yaxşı halda görməzliyə vurur, digər halda isə ölkəmizə qarşı qara piar kampaniyası aparmaqla müxtəlif xarakterli plan və layihələrin təşkilatçısı, yaxud da tərkib hissəsi kimi çıxış edirlər. Bununla artıq bizi təəccübləndirmək mümkün deyil. Çünki fəaliyyətimiz genişləndikcə müxtəlif istiqamətlərdən bizə hansısa hücumların və qarayaxmaların olacağını da təxmin edirik. Bu dəfə də yanılmadıq. Məncə, o qədər çox proqramlarımız var ki, bir sıra dairələr də işsiz qalmırlar, “davamlı və dayanıqlı” işlə təmin olunublar. Bəziləri tapşırıq verir, digərləri də icra edir. Çox təəssüf ki, onların arasında, yumşaq şəkildə desək, Azərbaycana dost olmayan dairələrin təmsilçiləri ilə yanaşı, öz həmvətənlərimiz də vardır. Hesab edirəm ki, bu hallar ümumilikdə Azərbaycanın əldə etdiyi nailiyyətləri gözdən salmaq, bunun üçünsə daxili siyasi prosesləri körükləmək, ictimai-siyasi sabitliyi pozmaq məqsədilə edilir. Çünki öz dövləti və milli maraqlarını bütün hallarda qorumaqla daha çox diqqətləri öz üzərinə çəkməyə nail olan Azərbaycan bu geostrateji bölgədə bəzi beynəlxalq güclərin yolunda getdikcə böyüyən bir maneəyə çevrilir.

Artıq müxtəlif ölkələrin nümayəndələrindən ibarət formalaşmış qruplar halında fəaliyyət göstərən bir antiazərbaycançı şəbəkənin mövcudluğunu heç kəs inkar etmir.

Və onların da ən müxtəlif maraqlarına belə bəhanələr çox yaxşı yarayır.

Eyni zamanda vurğulamaq istəyirəm ki, bundan əvvəlki hallarda olduğu kimi bu dəfə də belə cəhdlər onu göstərənlərin gözlədiyi nəticələri verməyəcək.

Azərbaycan dövləti və hər zaman onun müdafiəsində dayanan cəmiyyətimizdə artıq belə hallara qarşı güclü müqavimət hissi formalaşıb. Necə deyərlər, daxilində kin-küdurət gəzdirən varlıqların sayıqlamalarına əhəmiyyət verməyə dəyməz. Azərbaycanın inkişaf karvanı öz yolundadır. Və Bakı şəhəri futbol həyəcanını və sevincini yaşamaq üçün ölkəmizə səfər edəcək oyunçu və tamaşaçıları qarşılamağa hazırdır.

- Amma çox həssas bir dövrə təsadüf etdi bu kampaniya. Azərbaycan Avropa Birliyinə doğru addım atdığı bir məqamda Avropanın aparıcı ölkələrindən biri Azərbaycanın üzərinə gəldi...

- Elə bizi də daha çox düşünməyə və doğru nəticə çıxarmağa vadar edən səbəb olan məhz budur. Görürsünüz ki, cənab prezident də bu proseslərin iştirakçısı kimi belə hallarda öz soyuqqanlı və qətiyyətli mövqeyini qoruyub saxlayaraq, cəmiyyətimizi də bu kimi təxribatçı əməllərə uymamağa sövq etməklə daha tədbirli və daha müdrik olduğunu sübut etməkdədir.

- Çox maraqlıdır, Avropa Azərbaycanın “sinəsindən” geri itələdiyi bir məqamda Ermənistanı irəli çəkmək, qazanmaq uğrunda mübarizə aparır. Razılaşırsınızmı?

- Çünki Ermənistan alətdir və hər zaman başqalarının maraqlarında özünün mənafeyini güdərək oynamağa çalışır. Azərbaycan isə heç vaxt bu rolu özünə yaxın qoymaz və bizi buna cəlb eləmək istəyənlərin də qarşısında həmişə çox böyük inamla və mətanətlə dayanır. Ermənistanı qazanmaq cəhdi elə buradan qaynaqlanır. Mən düşünmürəm ki, bu, Ermənistana hörmətdən, onun artan nüfuzuna diqqətdən, yaxud da bu ölkə ilə əməkdaşlığın qarşılıqlı, sağlam əsasda fayda verəcəyinə inamdan irəli gəlir. Bir daha qeyd edirəm, Ermənistan yaxın, uzaq ölkələrin, böyük güclərin, beynəlxalq dairələrin əlində hər zaman alət rolunu oynayan ölkə olub, indi də belədir. Ona görə də Ermənistanı “qazanmaq” bəzilərinin işinə yarayır. Burada başqa səbəblər də var, bəlkə də biz onları deməsək, daha doğrudur. Müəyyən dairələrə mənsubluq da bəlkə rol oynayır. Mən bir tərəfdən də düşünürəm ki, bu cür münasibətlər bizim müqavimət hissimizi daha da gücləndirir. Bu, bizim döyüşmək, öz mövqeyini sübut etmək və ən çətin hədəflərə çatmaq istiqamətindəki inadımızı artırır. Biz nəinki çoxsaylı beynəlxalq layihələri icra edirik, üstəlik, onun müdafiəsini də yüksək səviyyədə təşkil edirik və öz mövqeyimizi sübuta yetiririk. Düşünmürəm ki, bu illər ərazində Ermənistan bəlli rolu üzərinə götürməklə hansısa böyük nailiyyətlərə imza atıb. Bizim xarici işlər naziri erməni jurnalistə çox məntiqli bir sual vermişdi ki, bu illər ərzindəki təcavüzkar siyasəti Ermənistana nə qazandırıb? İndiki halda ərazi işğalını nəzərə almasaq, Azərbaycan bir çox məsələlərdə Ermənistandan qat-qat irəlidədir, qarşısına qoyduğu hədəflərə nail olub və inkişaf edən ölkədir. Həmin beynəlxalq təşkilatlarda, elə haqqında söhbət gedən Avropa İttifaqında birləşən ölkələrin bir çoxu ilə də ikitərəfli strateji əməkdaşlığa malikdir. Avropanın enerji təhlükəsizliyi və iqtisadi inkişafı bir sıra sahələrdə, xüsusilə də hərbi-siyasi sahədə əməkdaşlıq baxımından bərabərhüquqlu tərəfdaş rolunu oynayan bir ölkədir. Ona görə də bizim özümüzü Ermənistanla müqayisə etməyimiz doğru deyil. Biz heç müqayisəyə gəlməyəcək dərəcədə fərqli yerlərdəyik.

“Müddətlərin uzanmasına baxmayaraq, Azərbaycan tərəfi danışıqları uğurlu sonluğa qədər davam etdirməkdə israrlı olacaq”
- Azərbaycanın müəllifliyi və ya iştirakı ilə nəhəng layihələr reallaşır və Avropa məkanı ilə iqtisadi əlaqələr dərinləşir. Amma postsovet məkanında yalnız Azərbaycandır ki, hələlik Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişi imzalamayıb. Mayın 13-14-də imza törəni gözləntisi olsa da, bu, baş vermədi. Nə baş verir?

- Bilirsiniz, Azərbaycan “Şərq Tərəfdaşlığı”na aid olan digər ölkələrdən fərqli olaraq, danışıqlar başlandığı andan bu prosesdə fərqli formatda iştirak edib. Digər 5 ölkədən fərqli olaraq Avropa İttifaqı ilə ikitərəfli əlaqələrə üstünlük vermişik. Çünki bizim o ölkələrlə müqayisə olunmayacaq dərəcədə geniş imkanlarımız və üstünlüklərimiz var. Biz heç zaman Avropa İttifaqına üzv olacağımızı bəyan etməmişik. Qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğumuzu, bu yolda tələsmədən, mərhələ-mərhələ irəliləmək istəyimizi açıq şəkildə demişik.

Ona görə də mən düşünmürəm ki, belə bir yanaşmamız bizi hansısa şəkildə digərlərindən geri qoyur. Əksinə, bizim bu cür münasibət sərgiləməyimizin çox ciddi, arqumental əsasları var. Biz bu istiqamətdə davam edirik və düşünürük ki, Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşı kimi bu prosesdə bizim qədər maraqlı olmalıdır və maraqlıdır. Odur ki, danışıqlar davam edəcək və özünün uğurlu yekun variantına da çatacaq. Odur ki, bizim üçün o sənəddə qarşılıqlı maraqlarımızın tam uyğunlaşdırılması və necə əksini tapması daha çox əhəmiyyət kəsb edir. Ona görə də biz bu yolu mənafeyimizə uyğun bir şəkildə getmək niyyətindəyik.

- Yəni sənəd 2019-cu ildə də imzalanmaya bilər?

- Mən bunu söyləyə bilmərəm. Çünki o sənədin bütün məqamları haqda məlumatlı deyiləm. Amma bəlli siyasi yanaşmaya əsaslanaraq deyə bilirəm ki, bu məsələ ilə bağlı müddətlərin uzanmasına baxmayaraq, Azərbaycan tərəfi danışıqları uğurlu sonluğa qədər davam etdirməkdə israrlı olacaq. Və bütün məqamların ölkəmizin maraqlarına uyğunluğunu təmin etməyə çalışacaq.

- Hansı məqamlardan söhbət gedir?

- Hər halda bu, mənim deyəcəyim məsələ deyil. Bu sənədin üzərində işləyən insanlar, müvafiq dövlət orqanlarının nümayəndələri var, lazım bilinsə, onlar bunu açıqlaya bilərlər.

- Bahar xanım, risklərdən, təhlükələrdən danışılarkən daha çox Rusiya faktoruna istinad olunur. İddialar var ki, Gürcüstan və Ukraynanın Avrointeqrasiya qərarına kəskin reaksiya verən Kreml Azərbaycanı da itirəcəyindən ehtiyatlanır və hər an sürprizlərlə üzləşə bilərik. Bu iddialar nə qədər əsaslıdır? Sazişin imzalanmamasında bu amil nə dərəcədə rol oynadı?

- Biz bunu açıq şəkildə deməliyik ki, bizim istənilən beynəlxalq təşkilatla, yaxud başqa bir ölkə ilə münasibətlərimiz heç zaman üçüncü ölkəyə, o cümlədən Rusiyaya və onun maraqlarına qarşı yönəlməyib. Biz region ölkəsi, böyük qonşumuz kimi Rusiya ilə çox yüksək səviyyəli münasibətlərə malikik, bu münasibətlər yüksələn xətlə də davam edir. Siz bu şəkildə deyirsiniz, mən də məsələni digər yöndən izah etmək istərdim. Təbii, Avropa Birliyinin Rusiya ilə tamamilə fərqli münasibəti var. Amma bu münasibətlər onlara məxsusdur. Biz də Rusiya ilə olan normal qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinə malikik. Prezidentlərimiz, parlamentlərimiz, regionlarımız arasındakı münasibətlərimiz də yüksək səviyyədədir. Ancaq bu da heç bir halda Avropa İttifaqının, bu təşkilata üzv ölkələrin maraqlarına qarşı yönəlməyib. Hər bir ölkənin haqqıdır ki, qonşuları ilə və yaxud da heç qonşu olmayan hər hansı ölkə ilə ikitərəfli faydalı əsasda münasibətlər qursun. Biz Rusiya ilə məhz bu əsasda münasibətlərə malikik. Avropa İttifaqı ilə də yenə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri qurmaq prosesindəyik. Bunun da nə Rusiya, nə də digər bir ölkəyə qarşı yönəlmədiyini qətiyyətlə vurğulayırıq. Bunun əksini sübut etməyə çalışanların da mövqeyinin yanlış olduğunu qeyd edirik. Faktlar özü-özlüyündə hər şeyi deyir. Bizim bütün münasibətlərimizin əsasında beynəlxalq hüquq, imzaladığımız sazişlər, ikitərəfli müqavilələr və onlarda əksini tapan öhdəliklər dayanır. Rusiya ilə olan münasibət Rusiya ilə olan münasibətdir, Avropa İttifaqı ilə olan münasibət Avropa İttifaqı ilə olan münasibətdir. Avropa İttifaqına daxil olan 10-dək ölkə ilə bizim ikitərəfli strateji tərəfdaşlıq sazişimiz var. Amma baxın, Avropa İttifaqına daxil olan digər ölkələr var ki, Azərbaycana buna uyğun gəlməyən hansısa münasibət sərgiləyir. Bu, o deməkdirmi ki, belə münasibət Avropa İttifaqı ilə münasibətlərə qarşı yönəlib? Onların bunu belə bəyan etmədiyi halda, bizim bunu onların əvəzindən bu şəkildə vurğulamağımız nə dərəcədə doğru olardı? Biz hətta çalışmalıyıq və çalışırıq da ki, hər hansı tərəfdən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə məsələlər meydana çıxırsa da, onu da yenə danışıqlar yolu ilə nizamlayaq, yoluna qoyaq. Biz maraqlıyıq ki, həm Avropa İttifaqı ilə bütövlükdə, həm də üzv ölkələrlə ayrılıqda münasibətlərimizi strateji tərəfdaşlıq münasibətlərinə qaldıraq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.