Fəzail Ağamalı: “Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi”

13-06-2019, 08:59           
Fəzail Ağamalı: “Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi”
“Hakimiyyətdəkilər bilirdilər ki, ölkəni parçalamaq planını həyata keçirən qüvvələrin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər”
1993-cü ilin əvvəllərindən Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq meyllərinin baş qaldırması dövlətin varlığını ciddi təhlükə altına qoymuşdu. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan 709 saylı hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.

Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə divarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Prezident Əbülfəz Elçibəy niyə məhz Heydər Əliyevi Bakıya dəvət etdi?

O dövrkü hadisələrin canlı şahidi olmuş deputat Fəzail Ağamalı bildirdi ki, əvvəla, Heydər Əliyevin Bakıya dəvət olunmasını xeyli vaxt idi xalq tələb edirdi. Həm Heydər Əliyevin özünə, həm də ölkə hakimiyyətinə 1992-ci ilin payız aylarından etibarən cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müraciətlər ünvanlanırdı. Hər kəs artıq əmin idi ki, ölkəni yaranmış ağır durumdan yalnız Heydər Əliyev xilas edə bilər. Prezident Əbülfəz Elçibəy də xalqın iradəsini və Heydər Əliyevdən başqa heç kimin yaranmış vəziyyəti nizama salmaq imkanının olmadığını nəzərə aldı: “Başda Elçibəy olmaqla, hakimiyyətdəkilər də bilirdilər ki, Azərbaycanda hərc-mərclik yaratmaq istəyən, ölkəni parçalamaq planını həyata keçirən qüvvələrin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər. Ayaz Mütəllibov və Surət Hüseynov birbaşa Rusiyanın adamları idi. Rusiyanın işə saldığı plan sonda Ayaz Mütəllibovu hakimiyyətə gətirmək idi. Azərbaycanın müstəqilliyi ciddi təhlükə altındaydı. Əbülfəz Elçibəy Heydər Əliyevin qanuni şəkildə-parlament yolu ilə hakimiyyətə gəlməsinə imkan verməklə ona tam müstəqil adam kimi hərəkət etməyə şərait yaratdı. Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi. Çünki bu seçim xalqın idi”.

Elçibəyin yaxın silahdaşlarından olmuş sabiq deputat İbrahim İbrahimli də hələ 2012-ci ildə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, 1993-cü ildə dünyada, bölgədə baş verən prosesləri, bölgədəki siyasi şərtləri, geosiyasi maraqları nəzərə alanda məlum olur ki, Elçibəyin hakimiyyətini qoruyub saxlamaq mümkün deyildi. Hətta silaha əl atılsaydı, böyük miqyasda zor tətbiq edilsəydi də hakimiyyəti saxlamaq mümkünsüz görünürmüş: “Ortada Gürcüstan nümunəsi var idi. Qamsaxurdiya ciddi şəkildə güc tətbiq etmişdi, silahlı müqavimət göstərmişdi; amma hakimiyyəti saxlaya bilmədi. 4 iyun qiyamından sonra Əbülfəz Elçibəy, milli hakimiyyət çətin seçim qarşısında qalmışdı. Ya hakimiyyət Rusiyanın ssenarisinə uyğun olaraq Ayaz Mütəllibova və ya Surət Hüseynova verilməliydi, ya da Heydər Əliyevə ötürülməliydi. Milli hakimiyyət iki variantdan birini seçməli idi. Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının yenidən gəlməsini, Azərbaycanın rusların himayəsi altında idarə olunmasını qəbul etməyəcək, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək, qorunub saxlanacaq. Ona görə də Heydər Əliyevin dəvət olunması variantının üzərində dayanıldı. Faktiki olaraq Rusiyanın Ayaz Mütəllibov və ya Surət Hüseynovu hakimiyyətə gətirmək ssenarisi pozuldu. Bu ssenari həyata keçsəydi, Azərbaycanın müstəqilliyinin ruslar tərəfindən sıradan çıxarılması təhlükəsi real idi. Milli hakimiyyət üçün, Əbülfəz Elçibəy üçün isə hər şeydən vacib məsələ Azərbaycanın müstəqilliyinin qorunub saxlanması idi”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.