DTK arxivlərinin açılması təklifi yenidən gündəmdə

19-06-2019, 09:06           
DTK arxivlərinin açılması təklifi yenidən gündəmdə
Ekspert: “SSRİ DTK-nın agentura arxivi Moskvadadır”
Vaxtilə ölkəmizin tərkibində olduğu Azərbaycan SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) arxiv sənədlərinin açıqlanmasının vacib olması barədə fikirlər yenidən səslənir. Eyni zamanda müstəqil olduğumuz 28 ilə yaxın zaman kəsimində DTK arxivlərinin hələ gizli saxlanılması suallar doğurur.

Çoxları düşünür ki, “KQB agentləri” açıqlanarsa, ölkə daxilində ciddi qarşıdurmalar yaranar. Təhlükəsizlik ekspertlərinin əksəriyyəti bu sənədlərin açıqlanmasının əleyhinə olsa da, bunun əksini düşünənlər də var. Yaranan müzakirələrin fonunda əsas diqqətçəkən məqamlardan biri də müstəqillik illəri ərzində Azərbaycana rəhbərlik etmiş üç müxtəlif iqtidarın heç birinin DTK-nın arxiv sənədlərinin üzə çıxarılmasına maraq göstərməməsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra zaman-zaman “KQB” arxivlərinin açılmasının vacibliyi məsələsi qaldırılıb. Lakin bu günədək arxivlər açılmayıb. Bəs aradan 30 ilə yaxın keçdiyi üçün artıq buna ehtiyac varmı. Arxivlər açılarsa, nələr baş verər?

Siyasi ekspert Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, DTK arxivlərinin açılması milli maraqlara zidd olmaz: “Əvvəllər mən arxivlərin açılmasının tərəfdarı deyildim. Lakin son zamanlar bəzi qarşılıqlı ittihamlar baş verən kimi tərəflər ya bir-birini agent olmaqda ittiham edir, yaxud da onu agentlikdə ittiham edən tərəfi DTK ilə hədələyir. Bütün bunların qarşısını almaq üçün arxivlər tam, yaxud qismən açıla bilər. Məsələn, Baltikyanı ölkələrdə, yaxud bəzi Mərkəzi-Şərqi Avropa ölkələrində xüsusi xidmət orqanlarının arxivləri açıldı. Fəlakət baş vermədi, əksinə, cəmiyyət kimin kim olduğunu bildi. Əks halda, kimsə rəqiblərinə qarşı kompromat davasında bu amildən hər zaman istifadə edəcək və bu, qaranlıq quyuya daş atmaq kimi bir şey olacaq.

Dövlət büdcəsindən maliyyələşən, əhalinin verdiyi vergilər sayəsində maaş alan heç bir qurumun xalqdan gizlin işi olmamalıdır.

Amerikada, Türkiyədə və başqa demokratik ölkələrdə xüsusi xidmət orqanlarının fəaliyyəti şəffaf və xalqa açıqdır. Belə olan halda Azərbaycanda DTK-nın fəaliyyəti ətrafında müəmmalı sirr pərdəsinin yaradılması mənasız işdir".

Ekspert hesab edir ki, DTK-nın arxivlərinin açılması bütün həqiqətlərin üzə çıxması demək deyil. Çünki SSRİ DTK-nın agentura arxivi Moskvadadır: “Hətta kimsə DTK agenti olubsa, ola bilər ki, onun adı Moskvadakı arxivdə saxlanılır. Ona görə də buradakı arxivlərin açılması belə, həqiqəti tam aşkara çıxarmayacaq. Rusiya isə təbii ki, öz agenturasını bizə heç bir zaman açıqlamayacaq. Sadəcə, bəzilərinin şübhəli davranışları onları ələ verə bilər. Amma kiminsə dəlil-sübutla, faktla agent olmasını heç zaman sübut etmək mümkün olmayacaq.

Bir zamanlar Türkiyədə MİT haqda nəinki kino çəkmək, kitab yazmaq, hətta televiziyalarda onun haqda danışmaq qadağan idi. İnsanlar onun binasını belə tanımırdılar. Lakin 2000-ci illərin ortalarından etibarən Avropa Birliyi Türkiyədən dövlət orqanlarının fəaliyyətini şəffaflaşdırmağı tələb etdi və MİT cəmiyyətə açıldı. Təcrübə göstərdi ki, bir məsələ ətrafında qadağa, sirr pərdəsi qaldıqca insanlarda qorxu yaranır. Bu isə heç də yaxşı hal deyil".

Bəzi ekspertlər isə hesab edir ki, əgər DTK arxivləri açılsa, bu, ilk növbədə cəmiyyət üçün öz tarixini bilmək olacaq. Nəyin nə zaman baş verdiyində, bəzi şəxslərin bu gün ideoloq kimi görünməsində, yaxud ideal kimi təqdim olunmasında əks faktlar meydana çıxacaq. İndiyə qədər gördüyümüz çox yaxşılar pis və ya əksinə, günahlandırdıqlarımız yaxşı ola bilər. Sovetin dövründə elə məsələlərə imkan verilib ki, cəmiyyət bilsə, şoka düşər, təəccüb içərisində olarlar.

Ukraynada DTK sənədlərini qismən açdılar. Hətta o dərəcədə oldu ki, bəzi insanların qohum-əqrəbalarına kimlərsə satqınlıq edibsə, kimisə satıbsa, məlumat verildi. Bizdə isə bunlar yoxdur. Azərbaycan tarixində nələrin baş verdiyini təkcə tarixçilər deyil, cəmiyyətin özü də bilməlidir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.