Çökmüş İranın savaş blefi: Söz oyunundan güc göstərişinə

3-07-2019, 08:53           
Çökmüş İranın savaş blefi: Söz oyunundan güc göstərişinə
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Tvitter” səhifəsində qeyd edib ki, İran xalqı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara müqavimət göstərəcək.

İranlı nazir yazıb: “1980-cı illərdə İraqın lideri Səddam Hüseynin İran şəhərinə kimyəvi silahla hücum etməsinə dözən xalqımız Birləşmiş Ştatların sanksiyaları qarşısında da duruş gətirəcək. Biz o vaxt həmin sınaqdan çıxdıq və bunu indi də edəcəyik”.

Məhəmməd Cavad Zərif əlavə edib ki, İraqla müharibə zamanı Sərdəşt şəhərinə kimyəvi silahlarla hücum vaxtı iranlılar buna mətanətlə dözdülər. “Biz Qərbin Səddamı necə silahlandırdığı və dəstəklədiyini unutmamışıq. BMT Təhlükəsizlik Şurası da heç bir zaman həmin hadisəni pisləməyib”.

Maraqlıdır, mövcud durumda İranın ABŞ sanksiyalarına müqavimət göstərmək gücü varmı, yoxsa növbəti blef edir?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, İran İslam Respublikası yarandığı gündən əsas işi sanksiyalara cavab vermək olub:

“İran yarandığı 40 il müddətində həmişə İsrailin və ABŞ-ın təzyiqlərinə müqavimət göstərməklə məşğul olub. Bir vaxtlar təzyiqlərə müqavimət göstərmək asan idi. Ona görə ki, müharibə və müharibədən çıxmaq üçün dirçəliş və bərpa dövrü var idi. 1990-cı illərin ortalarına qədər İranın ABŞ və İsrailin müqavimətlərinə dözməsi üçün bəhanəsi də, imkanları da vardı. Əhalini sakitləşdirə bilirdi ki, müharibədən yeni çıxıb, quruculuq işləri ilə məşğul olur və hər şey normallaşacaq. Amma sonrakı mərhələdə bunların heç biri alınmadı. Yəni İranda texnologiyanın zəif olması, geri qalması və.s ölkədə iqtisadi geriliyə səbəb oldu. Sovet İttifaqı dağılandan sonra İranda vəziyyət daha da ağırlaşmağa başladı. Çünki birmənalı olaraq dünya qütbləşmişdi və bu qütbün birinin başında da İranın çox arxalandığı SSRİ dayanırdı. Amma SSRİ-nin dağılması İranda vəziyyəti ağırlaşdırdı. Rusiya güc baxımından SSRİ deyil. Hətta Rusiya özü belə ABŞ-ın təzyiqlərinə məruz qalırdı. Bu baxımdan İranın sanksiyalara davam gətirməsi üçün birinci ölkənin daxili potensial imkanları olmalıdır. Bunun üçün də ilk növbədə iqtisadiyyat güclü olmalıdır. İranın çox böyük sərvətləri olsa da, böyük iqtisadiyyatı yoxdur. Bu sərvətləri dünya bazarına çıxarmaq üçün İran ciddi sanksiyalar məruz qalıb. Deməli, dünya dövlətləri ilə ticarətdə də İran zəifdir. İranın ABŞ-a müqavimət göstərməsi üçün hərbi qüdrəti yoxdur”.

Şərqşünas hesab edir ki, İran hakimiyyəti ilə cəmiyyəti arasında münasibət əvvəlki illərlə müqayisədə çox zəifdir:

“Bu gün ölkə ictimaiyyətinin İran hakimiyyətinə arxalanıb ABŞ sanksiyalarına müqavimət göstərəcəyi və yaxud “sanksiyalardan bezdik” deyib hakimiyyətə qarşı aksiyalar keçirəcəyi maraqlı məqamlardandır. Bir sözlə, cəmiyyətin hakimiyyətə etibarı azalıb. Bu o deməkdir ki, cəmiyyət hakimiyyətin irəli sürdüyü sanksiyalara müqavimətə qoşulmaya bilər. Bu isə perspektivdə cəmiyyətin hakimiyyətə qarşı etirazlar etmə ehtimalını artırır”.

Sədrəddin Soltanın sözlərinə görə, İranın arxalandığı əsas qüvvələr İslam İnqilab Keşikçiləri Korpusu və bu Korpusun könüllülərdən ibarət yarımhərbi dəstədir:

“SEPAH-a və könüllü yarımhərbi dəstələrə arxalanmaqla İran hakimiyyəti müqavimətini bir müddət uzada bilər. Perspektivdə hər iki qruplaşmada etiraz düşüncəsi sirayət etsə, SEPAH və könüllü yarımhərbi dəstələr də mövcud hakimiyyətdən imtina edə bilərlər. İranın güvəndiyi digər bir qüvvə isə, xaricdəki onun bəslədiyi ayrı-ayrı iranyönümlü qüvvələrdir. Livanda, Suriyada, İraqda müxtəlif adlar altında fəaliyyət göstərən silahlı dəstələr İrana tətbiq ediləcək sanksiya zamanı Amerikanın müttəfiqlərinə zərbələr vura bilər.

İranın güvəndiyi digər bir mənbə isə, körfəz ölkələrindəki ABŞ müttəfiqlərinin hərbi və neft bazalarıdır ki, hədə üçün bunları dağıda bilər. Bütün bunlar müvəqqəti xarakterlidir. İranın bölgədə bu tip aksiyalar həyata keçirməsi, özünün-özünə qəbir qazması deməkdir. Bu zaman İran dünyanın aparıcı ölkələrinin böyük miqyaslı sanksiyası ilə üzləşə bilər. Belə bir halda, hətta Rusiya belə, rəsmi Tehranı müdafiə etməkdə çətinlik çəkər və yaxud bundan imtina edər. Çünki həmin aksiyalar Rusiyanı və Çini də təsir altına ala bilər ki, bu dövlətlər İrandakı hakimiyyət kimi, terrorçuluğu dəstəkləyən qüvvələri müdafiə edərlər. İndiki halda, İranın ABŞ sanksiyalarına müqavimət göstərməsi müvəqqəti hal sayıla bilər. Çünki Rusiya, Çin hələ ki, zəifləməyib. ABŞ-ın Rusiya və Çinlə anlaşacağı halda, İranın ABŞ-la üz-üzə qalacağı da istisna olunmur. Odur ki, İran bu müvəqqəti haldan yararlanmalıdır. İran pilotsuz uçan bir aparatın vurulmasını bayram etdi. Hesab edirəm ki, həmin pilotsuz aparat İranda psixoloji vəziyyəti və qüvvələri yoxlamaq üçün idi. İsrail və ABŞ bu yoxlamalara uyğun addımlar atmağı planlaşdıra bilər. Amma İranın uzun müddətə ABŞ sanksiyalarına davam gətirəcəyi ehtimalı çox azdır”.

Yeganə Oqtayqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.