Ermənistan üçün ən pis ssenari - Bakının işğalçıya “sürprizi”

3-07-2019, 09:56           
Ermənistan üçün ən pis ssenari - Bakının işğalçıya “sürprizi”
Böyük sərmayələrin yoxluğu, İrana və Rusiyaya açılan “xilas qapıları”nın da qapanma təhlükəsi düşmən ölkəni daha da çıxılmaza soxub; erməni şərqşünas-akademik: “Ən pis ssenariyə hazır olmalıyıq...”
Srağagün Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) Azərbaycan qazını Avropaya nəql etmək üçün tam hazır vəziyyətə gətirildiyi bəlli oldu. SOCAR-ın məlumatına görə, dəhlizin axırıncı seqmenti olan TAP (Trans Adriatik Qaz Boru Kəməri) layihəsi də tamamlandıqdan sonra “Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılan Azərbaycan təbii qazı Avropaya nəql ediləcək. Bu da gələn ilə təsadüf edəcək.

Beləliklə, Azərbaycan bununla öz gəlirlərini daha da artırmış olacaq, həm özünün, həm qardaş Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Yada salaq ki, ötən ildən etibarən Azərbaycan TANAP üzərindən Türkiyəyə qazın ilkin nəqlinə başlayıb. Bununla da iki qardaş məmləkət Avropanın enerji təhlükəsizliyində, onun Rusiyadan enerji asılılığının azaldılmasında, faktiki, vazkeçilməz ölkələrə çevrilib.

Azərbaycan dünya ilə, Avropa ilə iqtisadi-ticari, energetik bağları artırıb möhkəmləndirirkən, qardaş Türkiyə ilə birgə Avropanın enerji təhlükəsizliyinin, bütövlükdə milli təhlükəsizliyinin təmin edilməsində daha ciddi rola sahiblənirkən işğalçı Ermənistan blokada vəziyyətində “izqoy ölkə” taleyini yaşamağa davam edir, bu durumdan qurtuluşun yolunu arayır. Qarabağ konfliktinə, işğal siyasətinə görə Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada rejimi, Ermənistanın neft-qaz və nəqliyyat layihələrindən kənarda saxlanması azmış kimi, artıq işğalçı ölkənin xarici aləmə çıxışını təmin edən olan-qalan qapılar da bağlanma təhlükəsi ilə üzləşib. Söhbət Gürcüstanın Rusiya ilə münasibətlərinin daha da kəskinləşməsinə gətirən və hələ də davam edən Tiflis olayları səbəbilə Gürcüstan yolunun, ABŞ-la münasibətlərin pisləşməsi üzündən isə İran sərhədinin bağlanması ehtimalından gedir. Erməni ekspertlər və siyasilər özləri də bu vəziyyəti görür və həyəcan təbili çalırlar.

*****
“İran ətrafında artan gərginlik tamamilə mümkündür ki, Ermənistan üçün bir sıra neqativ situasiyalara, hətta İran-Ermənistan sərhədinin bağlanmasına gətirsin”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikri Novostink.am erməni portalına Ermənistan MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, mövcud situasiya əsla optimizm vəd etmir: “ABŞ bütün gücü ilə İranı təcrid eləməyə, sanksiya rejimini sərtləşdirməklə Tehranın xarici siyasət kursunu dəyişdirməyə çalışır. İranın xarici siyasəti - təkcə regionda deyil, həm də dünyada az sayda müstəqil siyasətlərdəndir. Bunun nəticəsidir ki, ”Ərəb baharı"ndan sonra Tehrana özünün geosiyasi təsirini paradoksal şəkildə ciddi ölçüdə güclənirmək və bu təsiri İraqa, Suriyaya və Livana yaymaq müyəssər olub. Bu, ona imkan verib ki, Aralıq dənizinə çıxsın. Aydın məsələdir ki, belə nəticələr ABŞ-ı narahat etməyə bilməz".

Bununla belə, erməni akademik ABŞ və İran rəhbərlərinin bəyanatlarının analizi əsasında onların arasında hərbi konflikt variantını az ehtimallı sayır: “ABŞ bundan sonra da İranın izolyasiyasına çalışacaq, təzyiqi artıracaq, o ümidlə ki, iqtisadi vəziyyətin pisləşməsi hakimiyyətə qarşı kütləvi etirazlara səbəb olacaq. İran ətrafında situasiya Ermənistana təhlükələr vəd edir - xüsusən də Rusiya-Gürcüstan münasibətlərində növbəti, ciddi problemlərin baş qaldırması fonunda. Bu da Rusiya ilə Gürcüstan arasında Yuxarı Lars Gömrük Buraxılış Məntəqəsinin qismən və ya bütünlüklə bağlanmasına gətirə bilər”.

Erməni akademik ölkə rəhbərliyini belə ssenariyə də hazır olmağa çağırıb.

*****

Bu arada Ermənistan rəhbərliyi ölkəyə xarici sərmayə qoyuluşu üçün uğursuz cəhdlərini davam etdirir. Baş nazir Nikol Paşinyanın nəticəsiz Çin səfərinin ardınca indi də prezident Armen Sərkisyan eyni məqsədlə yenidən Avropaya üz tutub. “Yeni Müsavat”ın məlumatına görə, Cenevrədə səfərdə olan Sərkisyan burada BMT baş katibinin ticarət və inkişaf üzrə (UNCTAD) müavini ilə görüşüb, onun rəhbərlik etdiyi qrupdan Ermənistanın investisiya siyasətinə dair məruzə hazırlamağı xahiş edib (qrup 7 nəfərdən ibarətdir və BMT baş katibinə ölkələrin cari və perspektiv iqtisadi inkişafı ilə bağlı tövsiyələr verir). Ermənistan prezidenti qarşıdakı payızda hazır olacaq bu məruzənin ölkəsinə xarici sərmayələrin cəlb olunması baxımından mühüm hesab etdiyini deyib.

Ancaq blokada rejimində, izolyasiya şəraitində olan və dünya okeanına çıxışdan məhrum, nəhayət, müharibə vəziyyətində olan işğalçı ölkəyə belə tövsiyə-məruzələrin nə faydası? Heç bir normal iş adamı, sərmayəçi belə məkana, xarici borcu ildən-ilə artan ölkəyə sərmayə yatırmaz. Heç xaricdəki zəngin ermənilər də buna həvəsli deyillər, o ki qala qeyri-erməni sahibkarlar.

Bakının Ermənistan üçün ən pis ssenarisi də elə budur: işğalçının öz gücünə ayağa qalxması artıq qeyri-mümkündür. Yalnız Azərbaycan və Türkiyənin hesabına Ermənistan ayağa dura, öz normal inkişafını, tərəqqisini və təhlükəsizliyini təmin edə bilər. Zaman-zaman yazdığımız kimi, Ermənistanın xoşbəxtliyi həmsərhəd olmadığı Rusiya ilə vassal asılılığında yox, məhz qonşu Azərbaycan və Türkiyə ilə ittifaqda, dinc-yanaşı yaşamaqdadır. Yolu bəlli...

“Yeni Müsavat”ın analitik xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.