Üç ən təhlükəli terrorçudan biri, Bin Ladenin milyarder dostu Davud İbrahimin – Şok dosyesi

6-07-2019, 09:34           
Üç ən təhlükəli terrorçudan biri, Bin Ladenin milyarder dostu Davud İbrahimin – Şok dosyesi
Dünyanın ən təhlükəli terrorçusu, “Əl-Qaidə” lideri Üsamə bin Laden 2011-ci ildə Pakistanda öldürüldükdən sonra “Forbes” jurnalı dünyanın ən qatı 10 cinayətkarının siyahısını müəyyən edib. Bu siyahıya adı salınan cinayətkarlar və terrorçular arasında öldürüləni də, yaşayanı da var.

Teleqraf.com dünyanın ən qatı cinayətkarlarının siyahısında ilk üçlükdə yer alan Davud İbrahimin dosyesini təqdim edir.

Davud İbrahim 1955-ci ilin 26 dekabrında Hindistanın Maxaraştura ştatında doğulub. Rus mənbələr onun müsəlman ailəsində dünyaya göz açdığını yazır. Atası İbrahim Kaçkar Mumbay polisində rəis işləyib. Anası Əminə evdar xanım olub. Davud İbrahim orta məktəbə getsə də, sonradan məktəbi atıb. O, Mumbay ştatında kriminal avtoritet və narkotik taciri kimi tanınıb. Davud İbrahim qardaşı Şabir İbrahimlə birlikdə 1970-ci ildə əsasını qoyduğu D-Kompany adlı cinayətkar təşkilata rəhbərlik edir.

David İbrahim qətl, sui-qəsdlər, terror hücumunda, narkotik ticarətində, terrorizmdə və digər dəhşətli cinayətlərdə ittiham olunur.

2003-cü ildə Hindistan hökuməti və ABŞ Davud İbrahimin Bombey şəhərində bombalı hücum təşkil etdiyini açıqlayıb, bundan sonra İbrahim beynəlxalq səviyyədə təhlükəli terrorçu elan olunub. ABŞ onun başına 25 milyon dollar mükafat qoyub.

Ehtimal olunur ki, kriminal dünyanın tanınmış ismi Davud İbrahim Yaxın Şərq, Afrika və Asiyada qanunsuz olaraq nağd valyuta dəyişmi və çatdırılması xidməti kimi tanınan “Həvalə” sisteminə nəzarəti həyata keçirir. İddiaya görə, bu sistem vasitəsilə terrorçular bir-birlərinə maliyyə axını təşkil edə bilirlər. Məhz bu üzdən Davud İbrahimin vaxtilə Üsamə bin Ladenlə əlaqəsi olduğu düşünülür.

ABŞ Maliyyə Nazirliyi Davud İbrahimi terrorçu elan edib və Xarici Aktivlərin İdarə Olunması qurumu tərəfindən ona beynəlxalq sanksiyalar tətbiq edib. Həmçinin ABŞ maliyyə qurumları Davud İbrahimlə işləyən və onun nəzarəti altında olduğu ehtimal olunan bütün aktivləri dondurub.

ABŞ Maliyyə Nazirliyi hazırda da Davud İbrahimin fəaliyyətini izləyir, xüsusilə onun nəzarət etdiyi “Həvalə” sistemini çökdürmək üçün addımlar atır. Nazirlik ehtimal edir ki, Davud İbrahimin mütəşəkkil cinayətkar qrupu İngiltərə və Qərbi Avropa ölkələrinə böyük miqdarda narkotik daşımaları təşkil edir. Üsamə bin Ladenin sağlığında onunla əlaqəsi olduğu ehtimalının üzərində ciddi dayanan ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, 1990-cı ilin sonralarında Davud İbrahim Kaçkar Talibanın nəzarətində olan Əfqanıstana gəlib. İddiaya görə, Davud İbrahimin D-Kompany qrupu terror aktları, vətəndaş itaətsizliyi kimi tədbirlər həyata keçirməklə Hindistan hökumətini qeyri-stabil durumla üz-üzə qoymaq məqsədi güdür.

2006-cı ildə ABŞ BMT-nin üzv dövlətlərinə müraciət edərək, Davud İbrahimin bütün aktivlərinin dondurulmasına çağırıb. Hindistan isə Pakistan hökumətinə 38 nəfər cinayətkar və terrorçunun siyahısını təqdim edib. Həmin siyahıda Davud İbrahimin də adı var.

21 noyabr 2006-cı ildə Davud İbrahim və dəstəsinin daha bir neçə üzvünün Mumbayda həbs edildiyi ortaya çıxıb. Amma cinayətkarlar Birləşmiş Ərəb Əmirliyinə ekstradisiya olunub. Sonradan Hindistanın məşhur mafiya lideri Şiraz Əsgər Əli öldürülüb. Hind mətbuatı bu sui-qəsdin Davud İbrahim tərəfindən təşkil edildiyini açıqlayıb və əlavə edib ki, ölkədəki kriminal qruplar nəzarət uğrunda amansız müharibəyə başlayıb.

Ehtimal olunur ki, Davud İbrahim Hindistandakı bütün cinayətkar qruplara nəzarəti öz əlində saxlayır. 2013-cü ildə Nepal hökuməti Davud İbrahimlə əlaqəli 224 nəfərin və 64 təşkilatın aktivlərini dondurduğunu açıqlayıb.

Davud İbrahim 1993-cü ilin martında Bombeydə baş verən amansız terror hücumuna görə də müqəssir hesab olunur. Ancaq qəribədir ki, 2017-ci ilin iyununda hindistanlı siyasətçi və hüquqşünas Ram Djetmalani bildirib ki, Bombey partlayışından sonra Davud İbrahim Londondan ona zəng edərək bildirib ki, Hindistana qayıdıb məhkəmə qarşısına çıxmağa hazırdır. Ancaq bir şərtlə ki, onun təhlükəsizliyi təmin edilsin və polisdə ona işgəncə verilməsin. Ram Djetmalani bu informasiyanı siyasətçi Maxaraştı Şaradu Pavara çatdırıb. Lakin Hindistan hökuməti Davud İbrahimin şərtini və təhlükəsizlik tələbini rədd edib. Ram Djetmalani əlavə edib ki, həmin dövrdə hökumətin Davud İbrahimin təhlükəsizliyi haqda şərtini rədd etməsinə səbəb hindistanlı siyasətçilər haqqında Davud İbrahimin hansısa informasiyalar səsləndirə biləcəyindən ehtiyat etmələri ola bilərdi.

İddialara görə, Davud İbrahim Pakistanda yaşayıb və sonradan Birləşmiş Ərəb Əmirliyinə köçüb. Hindistan tərəfinin məlumatlarına görə, Davud İbrahim Əfqanıstan-Pakistan sərhəddini keçib. 2015-ci ilin mayında Hindistan parlamentinin üzvü Haribhai Partibhai bəyan edib ki, Davud İbrahimin dəqiq yeri bəlli deyil. Amma Hinditsanın “Times” telekanalı həmin ilin avqustunda Davud İbrahimin Karaçi şəhərində olduğu haqda informasiya yayıb. 2015-ci ilin avqustunda Hindistan hökuməti Davud İbrahim haqqında dosyeni Pakistana təqdim edib. Həmin dosyeyə görə, Davud İbrahimin Pakistan ərazisində 9 ədəd villası və 3 ədəd Pakistan vətəndaşlığını sübut edən pasportu var.

2011-ci ildə dünyanın ən qatı cinayətkarlar siyahısında üçüncü olan Davud İbrahimin qızı Mahruh İbrahim məşhur pakistanlı idmançı Cavid Miandadın oğlu ilə ailə qurub. 2011-ci ildə qanqsterin digər qızı Mehrin İbrahim isə Pakistanda doğulan amerikalı Ayuba ilə evlənib. 2011-ci ilin 25 sentyabrında Davud İbrahimin oğlu Moyne Londonda biznesmen qızı ilə ailə qurub. Davud İbrahimin bir neçə yaxın qohumu, eləcə də qardaşı İqbal Kaçkar hazıra Mumbayda yaşayır.

Son iddialar isə budur ki, dünya kəşfiyyat sisteminin, İnterpolun axtardığı dünyanın 3-cü ən qorxulu cinayətkarı Dubayda rahat və maraqlı ömür sürür.

2015-ci ildə Davud İbrahimin sərvəti 6,7 milyard dollar həcmində qiymətləndirilib. Bəzi rəqəmlərə görə, onun sərvəti minimum 25 milyard ABŞ dollardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.