Muradovun sabiq deputatla müəmmalı "işbirliyi" - İDDİA

10-07-2019, 11:58           
Muradovun sabiq deputatla müəmmalı "işbirliyi" - İDDİA
Milli Məclisin sabiq deputatı Əkrəm Abdullayev son zamanlar mütəmadi olaraq Diasporla iş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirlərdə komitə sədri Fuad Muradovun yanında görünməyə başlayıb. Editor.az onun Diasporla iş üzrə Dövlət Komitəsinin tədbirlərində hansı statusla iştirak etdiyini müəyyən etmək üçün bağlı kiçik araşdırma aparıb. Bəlli olub ki, komitə sədri Fuad Muradov köhnə dostu və keçmiş həmkarı Əkrəm Abdullayevə rəhbərlik etdiyi qurumun Təbliğat, informasiya və analitik təhlil şöbəsində iş verib.
Ə. Abdullayev hələlik şöbənin müdiri kimi çalışmasa da, bu təyinatın çox uzaqda olmadığı gün kimi aydındır. Çünki, komitənin təşkil etdiyi əksər tədbirlərdə sədr Fuad Muradovun yanında şöbənin faktiki müdiri Aqil Əsədovdan daha çox, Əkrəm Abdullayev görünür. Hazırki şöbə müdiri Aqil Əsədovun “köhnə komanda”nın yadigarı olması faktı da onun üçün yaxşı heç nə vəd etmir.

Qeyd edək ki, bir çağırış Milli Məclisin deputatı olan Əkrəm Abdullayevin köməyinə həmişə onun keçmiş həmkarları olan deputatlar çatıb. 2010-cu ildə deputatlıq mandatı ilə vidalaşandan sonra da işsiz qalan Abdullayevə keçmiş həmkarı, adı mediada Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla şəriklikdə hallanan “Azəriqazbank”ın Müşahidə şurasının sədri Çingiz Əsədullayev dəstək vermişdi. Ə.Abdullayev Çingiz Əsədullayevin bankında Aparat rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, 2015-ci parlament seçkiləri zamanı səsvermənin ilkin nəticələrinə görə, 90 saylı Ağdaş Seçki Dairəsindən Çingiz Əsədullayevin səs çoxluğu ilə qalib gəldiyi elan edilmişdi. Lakin məlum MTN olaylarından sonra MSK həmin dairənin məntəqələrində səsvermə günü ciddi pozuntulara yol verildiyini əsas gətirərək nəticələri ləğv etmişdi.

Əkrəm Abdullayevin çox tez deputat mandatı ilə vidalaşması isə millət vəkilinin qardaşının bıçaqlanması faktı ətrafında yaranan qalmaqalla izah olunur. 2010-cu ilin iyun ayında o zaman Salyan rayonunun deputatı olan Ə.Abdullayevin Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi vəzifəsində çalışan qardaşı Əlipaşa Abdullayev “Riyad” Mühafizə Xidmətinin Salyan rayon şöbəsinin rəhbəri İslam Rzayev tərəfindən bıçaqlanmışdı.

Olan baş verən zaman hadisənin motivləri ilə bağlı “Yeni Müsavat” qəzetinə danışan adının çəkilməsini istəməyən mənbə bildirib ki, hadisə Salyan avtovağzalının yanında yerləşən və el içində “İran bazarı” adlandırılan sənaye bazarı ilə bağlı baş verib: “Təqribən 100-dək obyektin olduğu həmin bazarı ”RİYAD” mühafizə edir. Əlipaşa Abdullayevin rəhbərlik etdiyi icra nümayəndəliyi də həmin bazardan yer pulu yığır. Məlumata görə, Əlipaşa Abdullayev “RİYAD”-ın bazarı mühafizə etməsinə görə pul keçirməli imiş. Mühafizə xidmətinin rəisi ona deyib ki, bizim pulumuzu keçir ki, işçilərin maaşını verək. O isə deyib ki, pul yoxdur. Belə olanda mübahisə düşüb və məlum hadisə baş verib”.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.