Anar Kərimov: “65 yaş elə də yüksək hədd deyil”

14-07-2019, 11:15           
Anar Kərimov: “65 yaş elə də yüksək hədd deyil”
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov/Foto vikipediyadan götürülüb.

“Siz Avropa ölkələrinə və region dövlətlərinə fikir versəniz görərsiniz ki, bizdə müəyyən edilən 65 yaş [pensiya üçün] elə də yüksək hədd deyil”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Report” İnformasiya Agentliyinə pensiya yaşının hər 6 aydan bir artırılmasını şərh edərkən deyib.

Anar Kərimov əlavə edib ki, Azərbaycanda orta ömür müddəti uzanır və uzandıqca pensiya sistemi də nəzərdən keçirilir.

“Bu beynəlxalq praktikadan irəli gələn bir məsələdir”,- deyə nazir müavini əlavə edib.

“Fakt Yoxla” Anar Kərimovun pensiya yaşının uzadılması haqqında dediklərinin həqiqətə uyğun olub-olmadığını araşdırıb.

Pensiya yaşı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə görə, “63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda [2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla] yaşa görə əmək pensiyası hüququ vardır”.

1993-cü ilədək Azərbaycanda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 yaş təşkil edib. 2001-ci ildə fərdi uçot sistemi qurulandan sonra pensiya yaşına bir neçə dəfə dəyişiklik edilib.

Kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu artım kişilər üçün 2021-ci ilin, qadınlar üçün 2027-ci ilin iyulunadək davam edəcək. 2027-ci ildə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 olacaq.




İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2017-ci ildə yaydığı hesabatda qeyd olunur ki, inkişaf etmiş ölkələrdə [İƏİT üzvü olan və “G-20” ölkələri] orta pensiyaya çıxma yaşı kişilər üçün 64,3, qadınlar üçün 63,7 yaş təşkil edir.

Region ölkələri ilə müqayisədə 2019-cu il üçün Azərbaycanda pensiya yaşı Belarus, İran, Qazaxıstan, Ermənistan, Türkiyə və Ukrayna ilə müqayisədə yüksəkdir.



Bu cədvəldə qeyd olunan göstəricilər 2019-cu ili əhatə edir.

2023-cü ildən Belarusiyada pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 58, Qazaxıstanda isə 2027-ci ildə 63 yaş olacaq.

Rusiyada pensiya yaşı 2028-ci ilə kimi kişilər üçün 65, qadınlar üçün 60 yaşadək, Ukraynada 2021-ci ilə kimi kişilər üçün 62, qadınlar üçün 60 yaşadək artırılacaq.

Sosial sığorta sistemini tətbiq edən ilk ölkə olan Almaniyada pensiya yaşı hazırda kişilər üçün 65,6, qadınlar üçün 65,7 yaş təşkil edir. Bu ölkədə pensiya yaşı 2029-cu ildə 67 olacaq. Belçikada isə pensiya yaşı 65-dir, 2030-cu ildə bu göstərici 67 yaşa qalxacaq.

Qeyd edək ki, pensiya yaşı digər ölkələrlə müqayisə edilərək deyil, ölkədaxili iqtisadi və demoqrafik göstəricilərə əsasən müəyyən edilir.

İƏİT ölkələrində 2015-2020-ci illər üçün gözlənilən ömür uzunluğu kişi və qadınlar üçün müvafiq olaraq 78,3 və 83,4 yaş müəyyən edilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda 2015-2020-ci il doğumlu kişi və qadınların gözlənilən ömür uzunluğu 72,7 və 77,6 yaş təşkil edir. Əgər pensiya yaşı müqayisəli təhlil əsasında müəyyən edilərdisə, Azərbaycanda pensiya yaşı İƏİT ölkələrinə nisbətdə 5-6 il aşağı olmalı idi.

Azərbaycanda pensiya yaşı gözlənilən ömür uzunluğu göstəricisi ilə üstü-üstə düşmür.

DSK-nın məlumatına görə, 1970-ci ildə anadan olan kişilər üçün gözlənilən ömür uzunluğu 66,8, qadınlar üçün isə 74,3 təşkil edir.

1995-ci ildə anadan olanların orta gözlənilən ömür uzunluğunun 69,1 yaş olacağı gözlənilir.

“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq tərtib edilmiş qaydalara əsasən, gözlənilən pensiya ödənişi müddəti 12 il təşkil edir.

DSK-nın məlumatına görə, 1959-cu ildə anadan olanların gözlənilən ömür uzunluğu 70,9 yaş təşkil edir. Bu isə o deməkdir ki, kişilərin pensiyada 5,9 il qadınların isə 8,9 il yaşamaq ehtimalı var.

2015-2020-ci ildə İƏİT ölkələrində doğulmuş 65 yaşına çatacaq qadınların 21.3 il, kişilərin isə 18.2 il daha yaşaması gözlənilir.

Azərbaycanda isə gözlənilən pensiya ödənişi müddəti hökumətin müəyyən etdiyi 12 ildən aşağıdır. Yəni təqaüdə çıxanlar 5.9-8.9 il pensiya almalı olacaqlar.

“Fakt Yoxla”nın qənaətinə görə, Anar Kərimovun dedikləri yanlışdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.