İki ağaya xidmət edən yaşmaqlılar

21-07-2019, 07:45           
İki ağaya xidmət edən yaşmaqlılar
"Bibliya"da belə bir cümlə var: "Heç kim iki ağaya xidmət edə bilməz".

"Bibliya"dakı bu cümlə dini kitablardan oxuduqlarım arasında az-çox yaddaşımın dərinliyində özünə yer etmiş fikirlərdən biridir. Hərdən düşünürəm ki, səxavət və mərhəmətin ən dəqiq ünvanı olan müqəddəs əqidə, dəyər, həqiqət yolunda birgə addımladığı insanlardan xəyanət zərbəsi alan, iblisin ruhundan yaranan şübhəyə eşq ümmanı olan qəlbinin qapılarını daim bağlı saxlayan İsa peyğəmbər indiki "çoxsıfırlı" dünyamızda yaşasaydı müqəddəs kitabda yazılan "Heç kim iki ağaya xidmət edə bilməz" kəlamının həqiqəti əks etdirmədiyini görərdi.

Dünya yaranandan indiyədək bir və iki ağaya qulluq edənlərə, nur çilənmiş həqiqət və mərdlik yolu ilə inamla addımlayanlara şübhə, qorxu, satqınlıq, namərdlik toruna bürünmüş, əbədi zülmətə qərq olmuş, zalım ruhların ulaşdığı uçuruma hər an düşəcəyi qorxusu ilə səksəkədə yaşayanlara bölünüb.

Ruhları cismlərində çürüyən ikincilər, yəni satqınlığı və şərəfsizliyi onlara bioloji və "mənəvi" həyat verənlərdən alıb, bioloji və "mənəvi" həyat verdiklərinə ötürən gen daşıyıcılarının sayları nə qədər çox olsa da, daim Tanrının bərabərində dayanan, həqiqətə doğru addımlayan birincilərin məğrur və parlaq həyatları qarşısında gözüqıpıq, başı aşağıdırlar.

İki ağaya qulluq edənlərin həyatları haramdan və haqsızlıqdan qaynaqlanan "zinət"ə bürünsə də, müvəqqətidir, çürüməyə məhkumdur.

Zəhmət həzzini heç zaman yaşamayanların əbədi nökərinə çevrilmişlər bağçanı saran çayır otları kmi cəmiyyətə kök atıblar.

Satqınlığı və şərəfsizliyi özlərinə həyat kredosu seçənlər təbiətin gözəlliyinə çalar qata bilməyən, heç bir zaman çiçək açmayacaq çayır otları kimi daim tapdaq altında olacaqlarının fərqindədirlər. Amma şərəfsizlik və satqınlıq genlərinə, çürümüş ruhlarına işlədiyi üçün hər gün daha çox satqın və şərəfsiz olurlar.

İspaniyalı kommunist siyasətçi Dolores İbarurrinin sözüdür: "Ayaq üstə ölmək, diz üstə yaşamaqdan yaxşıdır".

Bu gün ayaq üstə ölməyin nə olduğunu anlamayanlar cəmiyyətimizin bütün sahələrinə yayılıblar. Onlar indi maskada deyil, yaşmaqdadılar - sərəfsizlik, satqınlıq və yaltaqlığın genlərinə ötürdüyü "cəsarət" yaşmağında...

Mübariz Məmmədov

Qlobal.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.