“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”

21-07-2019, 17:18           
“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”
“Azərbaycanın müharibəyə başlaması üçün heç bir beynəlxalq prosedur icra etməsinə ehtiyac yoxdur...”

Son günlər Ermənistan ordusunun həm dövlət sərhədimiz, həm də işğal altında saxladığı torpaqlarımızla təmas xəttində vəziyyəti gərginləşdirən əməllər törətməsi yenə də cəmiyyətdə “Azərbaycan müharibəyə başlamalıdır” çağırışlarının güclənməsinə səbəb olur.

Tanınmış politoloq, xarici siyasət və milli təhlükəsizlik üzrə sabiq Prezident köməkçisi Eldar Namazov Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində bu mövzuda bir neçə sualımızı cavablandırıb:

-Eldar müəllim, tutaq ki, Azərbaycan dövləti hərbi yolla torpaqlarının azad edilməsinə qərar verib və əməliyyatlara başlamalıdır. Bu halda bir dövlət olaraq hansı beynəlxalq prosedurları icra etməliyik ki, necə deyərlər, beynəlxalq ictimaiyyət razı qalsın?..

-Hesab edirəm ki, Azərbaycanın torpaqlarının azad edilməsindən ötrü hərbi əməliyyatlara başlaması üçün heç bir beynəlxalq prosedur həyata keçirməsinə ehtiyac yoxdur. Çünki hələ BMT-nin 26-27 il öncədən qəbul olunmuş 4 qətnaməsi var ki, həmin beynəlxalq sənədlərdə Ermənistanın Azərbaycana təcavüzü, aqressiya faktı öz təsdiqini yetərli dərəcədə tapıb və işğalçı qoşunların qeyd-şərtsiz torpaqlarımızdan çıxarılması tələb olunub. Bu isə beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan üçün torpaqlarının azad edilməsindən ötrü ən sərt addımlar atmağa şərait yaradır. Adətən heç BMT TŞ-nin qərarı olmadan da dövlətlər əraziləri işğal olunduğu və ya işğal təhlükəsi qarşısında qaldığı halda bir-birlərinə qarşı hərbi əməliyyatlar həyata keçirirlər. Ancaq Qarabağ məsələsində Azərbaycanın bir hüquqi üstünlüyü də ondan ibarətdir ki, ortalıqda BMT kimi beynəlxalq təşkilatın işğal faktını təsdiqləyən, konkret işğalçını göstərən və onun işğal etdiyi ərazilərdən çıxarılmasını tələb edən konkret sənədlər var. Ümumiyyətlə, BMT-nin beynəlxalq hüququn əsası sayılan Nizamnaməsi mövcuddur. Və bu Nizamnamədə müharibələrə aid xüsusi bölmə var. Həmin bölmədə qeyd olunub ki, hər hansı bir dövlət digər dövlətə müharibə elan etməmişdən öncə onun ərazisinə təcavüz olunduğunu sübuta yetirməlidir. Yəni bunu beynəlxalq ictimaiyyət də qəbul etməlidir. Eyni zamanda təcavüzkara qarşı güc tətbiq edilməmişdən öncə hansısa çağırışlar edilməli, iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Ancaq bütün bunlar heç bir nəticə verməyəndə təcavüzə məruz qalmış dövlət güc tətbiq edərək ərazi bütövlüyünü bərpa etmək haqqı qazanır. Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan deyilən haqqı çoxdan qazanıb. 25 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupu çərçivəsində işğalçı Ermənistanla danışıqlar aparılır, ancaq ortalıqda heç bir nəticə yoxdur. Azərbaycan təcavüzkar ölkə ilə sərhədləri bağlayıb, Türkiyə bağlayıb: yəni bir növ iqtisadi sanksiyalar tətbiq olunub. Lakin Ermənistan yenə də Azərbaycan torpaqlarından qoşunlarını çıxarmır. Deməli, BMT Nizamnaməsinə uyğun olaraq son təsir variantına əl atmalı və Azərbaycan güc tətbiq edərək öz torpaqlarını azad etməlidir. Yəni beynəlxalq hüquq normaları çərçivəsində vəziyyət belədir...

-Bəs dediyiniz kimi, Azərbaycan beynəlxalq qanun və normalara uyğun olaraq ərazi bütövlüyünü bərpa etmək haqqını çoxdan qazanıbsa, biz nəyi gözləyirik, nə mane olur bizə, bunun üçün hansı beynəlxalq şərait yaranmalıdır? Yeri gəlmişkən, Müdafiə naziri Zakir Həsənov da bir müddət öncə Azərbaycanın müharibə etməsinə hazırkı beynəlxalq şəraitin imkan vermədiyini söyləmişdi?..

-Onu deyim ki, Müdafiə nazirinin beynəlxalq şərait barədə açıqlamasını çoxları doğru anlamayıb. Bunu belə yozanlar oldu ki, guya hansısa beynəlxalq təşkilat və ya super dövlət torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını almaq üçün bizə təzyiq edir və s. Amma Zakir Həsənovun həmin bəyanatı verdiyi ərəfədə dünyada hansı diqqətəlayiq hərbi-siyasi olaylar baş verdiyini yada salsaq, məsələ bizə aydın olar. Nazirimizin bəyanatından bir neçə gün öncə Fars körfəzində iki neft tankeri partladılmışdı və ABŞ da, Qərb də bunda İranı ittiham etməyə başlamışdı. Və bütün mətbuat da yazırdı ki, İrana qarşı əməliyyatlar başlayacaq. Hətta məlum oldu ki, Tramp artıq İrana zərbələr endirilməsi haqda qərar verib, amma 10 dəqiqə qalmış onu təxirə salıb. Digər tərəfdən, İsrail İranın guya nüvə silahı hazırlamasının qarşısını almaq üçün ona zərbələr endirəcəyindən danışırdı. Bir sözlə, Azərbaycanla qonşu olan və ərazisində on milyonlarla soydaşımızın yaşadığı İran dövləti ətrafında çox gərgin vəziyyət yaranmışdı. Və təəssüf ki, həmin gərginlik bu gün də davam edir. Odur ki, digər bir savaşa, yəni Qərb-İran, yaxud İsrail-İran savaşına dolayısıyla cəlb olunmaq ehtimalı olan belə bir şəraitdə Ermənistanla müharibəyə başlamaq Azərbaycan üçün təhlükəli ola bilər. Biz Qarabağın - işğal altındakı torpaqlarımızın azad edilməsi üçün döyüş əməliyyatları keçiririksə, bütün resurs və potensialımız o istiqamətə yönəlməlidir ki, həmin savaşı qələbə ilə başa vuraq. Ancaq bizimlə həmsərhəd İrana qarşı hərbi əməliyyatlar başlasa, ərazimizə yüz minlərlə qaçqın gələ bilər. Və yaxud Fars körfəzində İranın hansısa obyektinə zərbə vurulacağı təqdirdə qonşu dövlət də Xəzərin Azərbaycan sektorunda yerləşən ABŞ və ya Avropa şirkətlərinin obyektlərinə zərbələr endirə bilər və s. Bir sözlə, belə bir şəraitdə dövlətimizin diqqət və resurslarının xeyli hissəsi bizim cənub sərhədlərimizə yönəlməlidir. Bu halda isə Qarabağın işğaldan azad edilməsi üçün Ermənistana qarşı əməliyyatların uğurla nəticələnməsi şübhə altında qala bilər. Zənnimcə, Azərbaycan Müdafiə nazirinin bəhs etdiyimiz bəyanatına bu kontekstdən yanaşmaq gəərəkdir...

Söhbətləşdi: Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.