Milli mətbuat və jurnalistika günü - 144

22-07-2019, 00:00           
Milli mətbuat və jurnalistika günü - 144
Teref.az yazır ki, 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı
Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş
Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən
problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və
bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas
məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun
elmi-mədəni səviyyəsini yüksəltmək olub.
Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-
ci ildə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və
qəzetin siyasi mövzulara da toxunması olub.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas
istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı
vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci
illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol
oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və
digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar.
Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət
göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimaisiyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş,
jurnalistikanın çeşidli növləri meydana çıxıb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın
ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul
Azərbaycan jurnalistikası günü elan edilmişdir.
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə
irəliləyiş baş verib. Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata
alınmışdır. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal
informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət,
həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.
Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və
"Mətbuat haqqında" Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin
edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin
yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.
Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu
demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin
fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul
edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz
baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici
Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni yolla informasiya tapmaq,
almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan
Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və
Sazişlərə qoşulub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan
Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında"
fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi
infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının
artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda
mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa
Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar
söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun
yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o
cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və
ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq
və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Yarandığı 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu
keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb
sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın
gələcək inkişafı üçün möhkəm zəmin yaranmışdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.