Prezidentin tənqidindən kim nəticə çıxaracaq?

1-08-2019, 16:43           
Prezidentin tənqidindən kim nəticə çıxaracaq?
Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə küçələrin işıqlandırılmasının hələ də lazımi səviyyədə olmadığını bildirib.
Dövlət başçısı deyib ki, bu məsələyə ciddi diqqət göstərilməlidir:

“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Teref.az xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Modern.az-a bildirib ki, bütün abonentlər kimi, adıçəkilən qurum da lazımi səviyyədə enerji ilə təmin edilir:

“Biz abonentlərə normativlərə uyğun 24 saat, fasiləsiz enerji veririk. Kim ondan hansı şəkildə istifadə edir, yaxud etmir bunu deyə bilmərik. Çünki küçələrin işıqlandırılması “Azərişıq”ASC-nin səlahiyyətinə daxil deyil. Biz yalnız Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin enerji ilə təminatına cavabdehik. Küçələrin işıqlandırılması onların səlahiyyətindədir”.

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin direktoru Təyyar Abdullayev də öz növbəsində deyib ki, işıq dirəklərinin quraşdırılması təmsil etdiyi qurumun səlahiyyətində deyil:

“Biz işıq dirəklərinin istismarı ilə məşğuluq. İşıq dirəklərinin quraşdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Nizamnaməyə görə, bizim işıq dirəyi quraşdırmaq səlahiyyətimiz yoxdur. Biz yalnız təhvil aldığımız işıq dirəklərinin işıqlandırıması ilə məşğuluq. İşıq dirəyi yoxdursa, biz necə işıqlandıraq?

Eldar Əzizovun göstərişilə Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Komissiya yaradılıb. İşıq sistemi olan bütün küçələr işıqlandırılır. Prezident də öz çıxışında bildirdi ki, bəzi yerlərdə işıq dirəkləri yoxdur. Əgər dirəyi olduğu halda, işıqları yandırmasaq biz günahkar olardıq. Belə çıxır ki, dövlət bizə pul ayırır, amma yandırmırıq? Bu, heç vaxt ola bilməz. Bizə göstəriş olmadan dirəkləri balansımıza qəbul etmirik.

Küçədəki işıq dirəklərində lampa xarab olubsa, biz ona cavabdehik, dirəyin qurşadırılması işi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məşğuldur”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli deyib ki, yolun əsaslı təmiri zamanı işlər layihəyə uyğun həyata keçirilir:

“Yenidənqurma həyata keçirilərkən, əgər layihə üzrə həmin yolda işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulubsa , quraşdırılır. Yox, əgər nəzərdə tutulmayıbsa, qurşadırılmır. Dirəklər quraşdırıldıqdan sonra istismar olunmaq üçün aidiyyatı üzrə təhvil verilir”.

A.Nəcəfli deyib ki, Agentlik sırf Bakıda yolun hərəkət hissəsinin işıqlandırılmasına cavabdehdir:

“Mövcud qanunvericiliyə uyğun olaraq, AAYDA yolun kənarları, səki hissələri, orada yerləşən işıq dirəkləri və digər əhəmiyyətli kommunikasiyalara cavabdeh deyil. Biz yolun təmiri zamanı asfalt örtüyünü təmir edirik. Əgər ərazidə işıqlandırma yoxdursa, asfalt örütüyünün təmiri zamanı orada işıq dirəyi quraşdıra bilmərik. Bu, bizim səlahiyyətimizdə deyil. Yolun kənarında quraşdırılan işıq dirəkləri həmin rayon üzrə İcra Hakimiyyətlərinin cavabdehliyindədir. Biz yeni yollar inşa etdikcə işıqlandırma sistemini də quraşdırırıq. Amma mövcud yolların təmiri zamanı işıq dirəklərini quraşdırmaq, kommunikasiya xətləri çəkmək ixtiyarımız yoxdur”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.