Kəmalə Cəfərzadə son mənzilə yola salınıb

1-08-2019, 19:06           
Kəmalə Cəfərzadə son mənzilə yola salınıb
Azərbaycan teatrşünaslığının tanınmış nümayəndəsi, hər kəsin sevdiyi, dəyərli xanım, gözəl ziyalıKəmalə Cəfərzadə son mənzilə yola salınıb.
İyulun 31-də amansız xəstəliklə mübarizə aparıb, cizmi və ruhu yorğun düşən əziz Kəmalə xanımın döyünən ürəyi dayandı. Gedişi ilə sevənlərini, doğmalarını dərin yasa, göz yaşlarına boğdu.
Open.az xəbər verir ki, avqustun 1-də mərhumun özünün vəsiyyətinə əsasən Təzəpir məscidində vida mərasimi keçirilib. Hər kəs Kəmalə xanımla son dəfə vidalaşmağa, onun ruhu ilə həmsöhbət olmağa gəlib.
Vida mərasimində dostları Kəmalə xanım haqqında ürək sözlərini yana-yana danışıblar.
AFAQ BƏŞİRQIZI XALQ ARTİSTİ
Kəmalə mənim yaxın dostum, bacım, sirdaşım idi. Kəmalənin dünyasını dəyişməsi xəbəri ilə ürəyim çat verdi. Sanki ürəyimdə böyük çat yarandı. Kəmalə mənim səhhətimə görə həmişə çox qorxurdu. Amma özü də istəmədən ən böyük ziyanı mənə vurdu. Bacım, sənin yoxluğunla ürəyim paralandı. Allah qəni-qəni rəhmət eləsin. Dost itirdik. Çox böyük ziyalını itirdik. Çox böyük yaddaş, savad sahibini itirdik. Teatr aləmini gözəl bilən, teatrşünası, ziyalını itirdik. Azərbaycan mədəniyyətinin cibindən getdi. Kəmalə təkcə dostların ürəyində yaşamayacaq, həm də özünün yazdığı kitablarla, hansı ki, onun adı orada hallanmırdı. Amma o kitabları o yazmışdı. Mehdi Məmmədovdan, Azərbaycan Teatrından saysız-hesabsız onun məqalələri, kitabları var idi. Həmin əsərlərlə hər zaman yaşayacaq. Bizimlə yaşayacaq. Bizdən sonra övladlarımızla yaşayacaq. Kəmalə hər zaman yaşayacaq.

MƏRYƏM ƏLİZADƏ PROFESSOR
Bu gün biz Kəmalə xanım Cəfərzadəni son mənzilə yola salırıq. Kəmalə xanım mənim əziz dostum, rəfiqəm, anam, bacım idi. Amma bütün bunlar Kəmalə xanımın kimliyini ifadə etməkdən ötrü çox adi və aciz sözlərdir. Kəmalə xanım böyük insan, şəxsiyyət idi. Çox ziyalı bir nəslin nümayəndəsiydi. Azərbaycanın görkəmli Xalq yazıçısı Əzizə Cəfərzadənin mənəvi qızı idi. Əzizə xanımın yanında böyümüşdü. Çox gözəl teatrşünas idi. Onun gözəl qələmi, ürəyi, qəlbi var idi. Onun alicənablığı var idi. Mən hesab edirəm ki, Kəmalə xanımı nəinki ailəsi, dostları, əzizləri və bütün tanıyanlar itirdi. Kəmalə xanımı eyni zamanda teatr icması itirdi. Uzun illər o, Teatr Xadimləri İttifaqında çalışdı və özünü sevdiyi sənətə - teatrşünaslığa həsr elədi. Kəmalə xanım haqqında danışanda mən istəyirəm ki, dünyanın ən gözəl, ən nadir sözlərini ona aid edim. Görürsünüz, kim eşidib bilirsə ağlayır. Axır zamanlar belə yas məclislərində ağlayan adamlar az olur. Amma Kəmalə xanım üçün hamı ağlayır. Allah o dünyasını versin. Yeri behişt olsun. Nə qədər ki, onu tanıyanlar, doğmaları, dostları yaşayacaq Kəmalə xanım da bizimlə birlıikdə yaşayacaq.
ELMİRA KƏRİMOVA Fəxri Mədəniyyət işçisi TXİ-nın nümayəndəsi
Kəmalə xanımın itkisi çox ağırdır. Səkkiz aydır amansız xəstəliklə mübarizə aparırdı. Kəmalə xanımla 52 il dostluq etmişik. Bunun nə demək olduğunu yaşamayan anlamaz. 52 il birlikdə olmaq, acılı-şirinli bütün həyatımızı birgə bölmək, dost, sirdaş, ana, bacı... Kəmalə mənə hər kəsdən yaxın, əziz olub. 1976-cı ildən 2014-cü ilədək isə Teatr Xadimləri İttifaqında birgə çalışmışıq. Kəmalə haqqında danışmaq çox ağırdır. Hər həftə Məryəm xanımla ziyarətinə gedərdik. Son günlərinə qədər onu tək qoymadıq. Kəmalə xanımı itirməklə sanki keçmişi, ötüb keçən həyatımı, gənclik xatirələrimi də itirdim. Əziz dostumun, bacımın haqqında saatlarla danışa bilərəm. Allah o dünyasını versin. Bu dünyada çox əziyyət çəkdi...
İLQAR ƏLFİOĞLU JURNALİST VƏ TƏRCÜMƏÇİ
Kəmalə xanımla bir neçə il birlikdə çalışdıq. Amma Kəmalə xanımı çoxdan, Əzizə xanım Cəfərzadənin vasitəsilə tanıyırdım. Mənim fikrimcə Kəmalə xanım Azərbaycanda qadınlıq nəciblik, əsilzadəlik, müdriklik timsalı idi.Yaddaşımızda da elə qalacaq. Rahat yatsın. Çünki, dostlarının qəlbində heykəlini ucaldıb, gedib. Nə qədər ki, bizlər sağıq Kəmalə xanım unudulmayacaq.

ZAKİR FƏXRİ ŞAİR
Kəmalə xanım çox dəyərli bir xanım idi. Qədimdə şah saraylarında saray xanımları olardı. Alicənab, aristokrat. Bax, Kəmalə xanım elə qadın idi. Anası, rəhmətlik Əzizə xanım da eləydi. Çox mehriban, insanpərvər. Elə bil ki, anası Əzizə xanım idi. Bilirsiniz, ölüm haqqdır. Amma dünyadan yaxşılar gedəndə insanın içində çox böyük acı təəssüf olur. Yaxşılar gedir və əvəzi gəlmir. Kəmalə xanımın itkisi insanlığın itkisidir.
NƏRİMAN ƏBRÜLRƏHMANLI NASİR-PUBLİSİST
Kəmalə xanım ziyalı bir ailədən çıxmışdı. Özü də Azərbaycanın ən gözəl ziyalılarından biri idi. Ədəbiyyatı, mədəniyyəti, insanlığı qiymətləndirən bir qadın idi. O, Azərbaycan mədəniyyətinə vurğun idi. Söhbətlərində, danışıqlarında Azərbaycan mədəniyyətini, tarixini, xalqımızı o qədər gözəl bilirdi ki, onunla ünsiyyətdə olmaq böyük xoşbəxtlik idi. Qismətimizə onunla birlikdə işləmək də düşdü. Kəmalə xanımdan insanlıqda, ədəbiyyata, mədəniyyətə sevgidə çox şeylər öyrəndik. Məkanı cənnət olsun!
ƏLİSƏMİD KÜR ŞAİR
Kəmalə xanımı 1976-cı ildən Teatr Xadimləri İttifaqında çalışandan tanıyırdım. Kəmalə xanım gözümüzün önündə kübar, mələk kimi bir qadın, sənəti sevən, çalışdığı yerə sadiq olan bir insan idi. Allah rəhmət eləsin!
GÜLCAHAN MİRMƏMMƏD JURNALİST
Kəmalə xanım, mədəniyyətdən, teatrdan yazan jurnalistlərin ən birinci və ən böyük dostu idi. O bizi təkcə informasiya, məlumatla təmin edən, kimlərinsə telefonunu bizə çatdıran, hansı aktyora, rejissora necə yanaşmağı, pıçıldayan adam yox, bizə böyük bacı kimi həyatın hər üzündə məsləhət verməyi bacaran, yol göstərən xeyrimizə sevinən, şərimizə şərik olan bir xanım idi. Kəmalə xanımın sayəsində mən, illərlə Teatr Xadimləri İttifaqını öz ata evim kimi sevmişəm. Teatr Xadimləri İttifaqında Nəcibə, Elmira və Kəmalə xanımlar yaxın rəfiqələr idi və mədəniyyət jurnalistlərinə qucaq açdıqları kimi heç kim bizimlə belə yaxınlıq etməyib. Allah, Elmira xanıma can sağlığı versin. İki xanımlara isə Allahdan rəhmət diləyirəm. Kəmalə xanımın ensiklopedik biliyi var idi. O, təkcə teatr aləmini tanımırdı. Azərbaycan, dünya mədəniyyətini bilən adam idi. Lazım gəldikcə öz sevgisini paylaşmağa bacaran, sevdiklərini sevdirməyi bacaran bir xanım idi. Kəmalə xanım bir dəfə dedi ki, “Mənim evimdə bir sandıq var. Mağazalara yolum düşəndə özümə, ailəmə gərək olmayan,dostlar üçün düşündüyün maraqlı hədiyyələri alıb, ora yığıram. Sonra kimlərisə təbrik edəndə mənim əlimdən tutur". Kəmalə xanım özü də bizim üçün həmin sandıq kimi dolu bir adam idi. Ondan nəyi eşitmək, bilmək istəsəydik Kəmalə xanım cavab verirdi. Təsəvvür edin ki, Kəmalə xanımla dəfələrlə yol yoldaşı olmuşuq. Səfərlərdə birlikdə iştirak etmişik. İlk baxışdan gördüyü insanı sevməyi və özünü də sevdirməyi bacaran bir insan idi. Kəmalə xanımın ürəyi böyük idi. Boyundan belə böyük...

Xatırladaq ki, Kəmalə Cəfərzadə 1950-ci ildə Şirvan şəhərində anadan olub.
Kəmalə Cəfərzadə 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Bir müddət AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində çalışıb, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkçisi, 1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb.
Ömrünün son illərində Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində əvvəlcə redaktor, sonra isə şöbə müdiri vəzifəsində çalışan Kəmalə Cəfərzadə 2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
2018-ci ilin dekabrından ağır xəstəliyə düçar olan Kəmalə Cəfərzadə iyulun 31-i günorta saatlarında dünyasını dəyişib.
Ruhu şad, məkanı cənnət olsun!, kitabları var idi. Həmin əsərlərlə hər zaman yaşayacaq. Bizimlə yaşayacaq. Bizdən sonra övladlarımızlaшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.