Yollarımızın tacsız mafiyası - kələkləri pulumuzu balta kimi kəsir

2-08-2019, 07:53           
Yollarımızın tacsız mafiyası - kələkləri pulumuzu balta kimi kəsir
Yollarda canlı, qorxulu, təhlükəli və daim artan bəla yayılmaqdadır

. Son zamanlar paytaxt yollarında dilənçilərin artması müşahidə edilir. İşıqforda dayanırsan və bir şəxs (bu şəxslər çox zaman kişi olur) sənə yaxınlaşıb, pul istəyir. Vermək istəmədiyin təqdirdə isə söyüş söyərək, avtomobilin şüşəsinə vurur.

Bu kimi hallar sürücülərin diqqətini yayındırmaqla yanaşı, yol qəzalarının da artmasına səbəb olur. Paytaxt polisi belə situasiyaların qarşısını almaq üçün sistemli şəkildə mübarizə aparır.

Amma görünən odur ki, belə insanlara pul verənlərin sayı çox olduğu üçün bu onları daha da həvəsləndirir.

Nəqliyyat-yol eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil yollarında dilənçilərin olması yeni hal deyil. Uzun illərdir ki, yollarda bu problem yaşanır. Buraya qaraçılar və qeyri-peşəkar dilənçilər aiddir.

Onun sözlərinə görə, qaraçılar əsasən Azərbaycana Gürcüstan ərazisindən daxil olurlar: "Gürcüstandan, Krasnodardan ölkəmizə gələn dilənçilər, fırıldaqçılar çox zaman işıqforların yaxınlığında dayanaraq pul dilənirlər. Bu fırıldaqçılarla yanaşı, yollarda daha peşəkar kələkbazlar da var. Təsəvvür edin, yol kənarda bir avtomobil dayanır. İçində bir uşaq və bir qadın mütləq olur. Sürücü digər vətəndaşlara yaxınlaşıb, yanacağın bitdiyini deyir və yanacaq almaq üçün 5-10 manat istəyir. Bununla mən özüm də qarşılaşmışam".

Yay gəldi, dərd gəldi – Avtomobil qəzalarının çoxalmasının səbəbi varmış>>

Ekspert qeyd edir ki, vətəndaşlar yollarda belə problemlərlə rastlaşdıqları zaman 102 xidmətinə müraciət etməlidirlər. Ancaq bu müraciət zamanı vətəndaşlardan bölməyə gələrək izahat vermələri də tələb olunur ki, çox zaman sürücülər bu şikayətin arxasınca düşə bilmirlər:

"Düşünürəm ki, bölmədə izahat verməyə alternativ olaraq, onlayn bir proses yaradılmalıdır ki, Bakıdan uzaq olan, istirahətdə olan vətəndaş şikayətini onlayn şəkildə edə bilsin".

E. Cəfərin sözlərinə görə, dilənçilər yollarda nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, qəzalara da səbəb ola bilərlər: "Bir müddət öncə Azərbaycanda soyğunçuluqla məşğul olan bir dəstə saxlanmışdı. Sonradan həmin dəstənin Gürcüstandan gəldiyi məlum oldu. Hesab edirəm ki, Azərbaycana dilənçilər də başqa ölkələrdən gəlirlər. Polis belə şəxsləri həbs etməli, deportasiya etməli və bir daha Azərbaycana gəlmələrinə icazə verməməlidir".

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, bu şəxslərin çoxu dilənçi deyil: "Onlar bir mafiyadır. Avtomobillərə yaxınlaşıb pul istəyirlər.

Dilənçiliklə pul qazana bilməyəndə isə özlərini avtomobillərin üzərinə atıb, sürücülərdən pul tələb edirlər. Polis onlara yaxınlaşdıqda isə bunu çəkərək, vətəndaşa polis zorakılığı kimi sosial şəbəkələrdə yayırlar".
Muradlı bildirib ki, bütün sürücülər bu məsələdə ayıq-sayıq olmalıdırlar.

"Təbii ki, bu şəxslər yol qəzalarının da baş verməsinə səbəb olurlar. Polis lazımi tədbirləri görür. Ancaq bu məsələdə cəmiyyət də diqqətli olmalıdır", - deyə ekspert qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxt üzrə dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli formada aparılır və kampaniya xarakteri daşımır. Paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir.

Belə ki, təkçə ötən həftə paytaxt üzrə 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq, yaşadıqları rayonlara göndərilib.

"Azyaşlıların, qadınların, sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hisslərinə təsir etməkdir. Adətən, küçədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaqyalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur", - deyə Hacıyev əlavə edib.

Onun sözlərinə görə, dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər: "Elm də deyir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyi yoxsulluq mahiyyətindən ayıraraq cinayətkarlığın əlamətinə çevirir".

Hacıyev bildirib ki, bununla bağlı elmi, praktiki təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, "dilənçi görkəmi" cinayətkar üçün komuflyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunvericiliyində, xüsusilə Türkiyə və İtaliyada dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.