Baş nazirdən azyaşlı uşaqlarla bağlı mühüm qaydalar

11-08-2019, 20:23           
Baş nazirdən azyaşlı uşaqlarla bağlı mühüm qaydalar
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nı təsdiq edib.
“Yeni Sabah” xəbər verir ki, qaydalarda bir sıra yeniliklər nəzərdə tutulur. Onların bəzilərini təqdim edirik:

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu

Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

- 1 yaşdan 2 yaşadək - 15 uşaq;

- 2 yaşdan 3 yaşadək - 15 uşaq;

- 3 yaşdan 4 yaşadək - 20 uşaq;

- 4 yaşdan 5 yaşadək - 20 uşaq;

- 5 yaşdan 6 yaşadək - 20 uşaq;

müxtəlif yaşlı uşaqlar üçün qruplarda:

- 1 yaşdan 3 yaşadək - 10 uşaq;

- 3 yaşdan 6 yaşadək - 15 uşaq.

Məktəbəqədər təhsilin idarə olunması

- Məktəbəqədər təhsilin idarə olunmasında aşağıdakıları özündə əks etdirən inkişafın monitorinqi, hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi prinsipləri əsas götürülür:

inkişafın monitorinqi – nəticələrə əsaslanan göstərici-lərdən istifadə edilməklə müəssisənin perspektiv inkişaf istiqamət-lərinin müəyyənləşdirilməsi;

hesabatlılıq – nəticə etibarilə məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyinin təmin edilməsi. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır;

məsuliyyətin bölüşdürülməsi – işçilərin hüquq və vəzifələrinin əmək qanunvericiliyinin və daxili intizam qaydalarının tələblərinə uyğun müəyyənləşdirilməsi.

Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.

Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.

Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və ya qəyyumlar şurası, valideyn şurası) yaradılır.

Məktəbəqədər təhsil pilləsində təhsilverənlərin peşəkarlıq keyfiyyətlərinə dair tələblər

- Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə mövcud qanunvericiliklə müəyyən edilmiş ixtisas tələblərinə uyğun ali və ya orta-ixtisas təhsilli kadrlar qəbul edilirlər.

- Məktəbəqədər təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

metodiki ustalıq və səriştəlilik (uşaqların meyil və maraqlarını nəzərə alan səmərəli təlim strategiyalarını tətbiq etmək bacarığı);

- müəssisənin gün rejiminə (səhər fəaliyyəti, uşaqların qidalanması, məşğələ saatları, gündüz gəzintisi, yuxu, axşam fəaliyyəti) uyğun işini düzgün qurmaq;

- bu dövlət standartına əsasən uşaqların yaş səviyyəsinə uyğun inkişaf sahələri üzrə (fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf) ümumi təlim nəticələrinə nail olmaq;

- məşğələ prosesində fəal təlim üsullarından (əqli hücum, tap-tapmaca, şaxələndirmə və s.) istifadə etmək;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək (məşğələ prosesində elektron tədris resurslarından istifadə);

- sağlamlıq imkanları məhdud uşaqlarla işləmək bacarığı (müvafiq mütəxəssislər – loqoped, surdoloq tərəfindən korreksiya-edici və psixoloji dəstək).

Məktəbəqədər təhsilin yaş səviyyələrinə uyğun inkişaf sahələri üzrə ümumi təlimin nəticələri

Erkən yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:

- körpələr qrupu (1-3 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:

- fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:

1. sadə fiziki hərəkətləri yerinə yetirir;

2. sadə gigiyena qaydalarına əməl edir;

3. masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir;

4. həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır;

idrakın inkişafı:

1. özünü, ailə üzvlərini və vətənini adlandırır;

2. sadə suallar əsasında danışır;

3. müşahidə etdiyi əşyaları adlandırır;

4. sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, böyük, kiçik, uzun, qısa);

5. ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir;

6. dairəvi əşyaları adlandırır;

estetik və yaradıcı inkişaf:

1. təsvir vasitələrindən təyinatına görə istifadə edir;

2. rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır;

3. hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır;

sosial-emosional inkişaf:

1. ilkin ünsiyyət bacarıqları nümayiş etdirir;

2. hissləri başa düşür və adekvat cavab verir.

3-4 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:

orta qrup (3-4 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:

fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:

1. fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir;

2. ilkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir;

3. masa arxasında yemək dəstindən istifadə bacarığını nümayiş etdirir;

4. həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir;

idrakın inkişafı:

1. özü, ailəsi və vətəni haqqında suallara cavab verir;

2. əşyalar və sadə süjetli şəkillər üzrə danışır;

3. müşahidə etdiyi əşyaları fərqləndirir;

4. əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;

5. əşyaları forma və ölçüsünə görə fərqləndirir;

6. həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır;

estetik və yaradıcı inkişaf:

1. sadə təsvirlər çəkir;

2. təsvirlərində uyğun rənglərdən istifadə edir;

3. musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir;

sosial-emosional inkişaf:

1. sadə ünsiyyət etiketlərinə əməl edir;

2. arzu, hiss və istəklərini ifadə edir.

4-5 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:

böyük qrup (4-5 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:

fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:

1. fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirir;

2. müəyyən olunmuş gigiyena qaydalarına əməl edir;

3. masa arxasında mədəni-davranış qaydalarına əməl edir;

4. həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir;

idrakın inkişafı:

1. özü, ailəsi və vətəni haqqında məlumat verir;

2. müşahidə etdikləri barədə danışır;

3. ətraf aləmdə baş verən hadisələri adlandırır;

4. əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;

5. əşyaları forma, ölçüsünə və sayına görə qruplaşdırır;

6. məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir;

7. həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) fərqləndirir;

estetik və yaradıcı inkişaf:

1. verilmiş süjet əsasında təsvirlər çəkir;

2. rəng çalarlarını fərqləndirir;

3. musiqini xarakterinə görə fərqləndirir;

sosial-emosional inkişaf:

1. əməkdaşlıq bacarıqları nümayiş etdirir;

2. digərlərinin arzu və istəklərini dəyərləndirir.

5-6 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri:

məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:

fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:

1. fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir;

2. gigiyena qaydalarını özünənəzarət əsasında nümayiş etdirir;

3. masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir;

4. həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir;

idrakın inkişafı:

1. özü, ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir;

2. verilmiş mövzu ətrafında danışır;

3. ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir;

4. hərfləri tanıyır, hərf və səsləri fərqləndirir;

5. hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur;

6. kəsmə əlifba vasitəsilə sözlər düzür;

7. əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;

8. hadisələri məkan və zamana görə müqayisə edir;

9. həndəsi fiqurlardan (dairə, üçbucaq, kvadrat) aidiyyəti üzrə istifadə edir;

estetik və yaradıcı inkişaf:

1. sadə kompozisiyalar qurur;

2. təsvir prosesində rəng çalarlarından istifadə edir;

3. ifaçılıq bacarıqları nümayiş etdirir;

sosial-emosional inkişaf:

1. ünsiyyətini sosial normalara əsasən tənzimləyir;

2. birgəfəaliyyət bacarıqları nümayiş etdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.