Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi

17-08-2019, 08:38           
Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV nümayəndələrinə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, son günlər bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər: “Baş Prokurorluq olaraq media təmsilçilərindən xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olsunlar”.

E.Sultanov qeyd edib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir: “Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir”.

Baş Prokurorluğun rəsmisi vurğulayıb ki, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər: “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveçdə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar”.

Qulu Məhərrəmli: “Psixoloji problemi olan insan üçün intihar xəbəri nümunə ola bilər”
Eldar Sultanovun bu çağırışına media ekspertləri də qoşulub. Tanınmış teleaparıcı, media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, psixoloji durumunda problem olan insanlar üçün intihar xəbərləri bir nümunə olur: “Baş Prokurorluğun yaydığı bu açıqlamada deyildiyi kimi, bəzi insanların psixi problemləri olur və onlar mediada gördükləri bu xəbərlərdən təsirlənir, həmin hərəkətləri təkrar etmək istəyirlər. Media doğrudanmı bu xəbərləri verməməlidir? Yoxsa ağına-bozuna baxmadan bütün kriminal xronikanı verməlidir? Bu məqam ümumiyyətlə, müzakirə mövzusu deyil. Bu barədə konkret siyasəti olan media qurumları ümumiyyətlə, intihar xəbərlərini, kriminal xəbərləri, oğurluq xəbərlərini verəndə həddindən artıq ehtiyatla seçməlidirlər. Medianın emosional təsir dalğası var. Sovet dövründə ”Tarzan" filmi veriləndə, uşaqları evdə saxlamaq olmurdu, hamısı meşələrə qaçırdı, ağaclardan sallanırdılar. İntihar xəbərləri də mediada dönə-dönə təkrarlanırsa, insanlar sosial problemlər, çətinliklərlə üzləşəndə çıxış yolu kimi intihara əl atırlar. Ona görə mediada həddindən artıq intihar xəbərlərin, kriminal xronikanın verilməsi müsbət hal deyil. Redaktorlar bu məsələdə çox diqqətli olmalıdırlar. Saytları açırsan, səhifəni doldurmaq xətrinə necə gəldi, bu xəbərləri yayımlayırlar. Ona görə də, qeyd olunan məqamları nəzərə alsalar, yaxşı olar. 60-70-ci illərdə televiziyalar axşam 21:00 buraxılışında bəd xəbərləri vermirdilər. Çünki həmin vaxt tamaşaçının süfrə arxasında oturub şam yeməyində olduğu saatlara təsadüf edirdi. Xəbərlərin insanlara psixoloji təsirləri nəzərə alınırdı. İndi isə mediada tamaşaçını, saatları, yaş qruplarını nəzərə almırlar. Biz demirik ki, kriminal hadisələrin günahkarı mediadır. Ancaq təsir vasitələrindən biridir. Ona görə Baş Prokurorluğun da, Dövlət Təhlükəsizlik Xidmətinin də narahatlıqlarını nəzərə almaq olar".

Müşfiq Ələsgərli: “Media bu məsələlərdə çox diqqətli olmalıdır”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə bildirdi ki, prokurorluğun yaydığı məlumatlar həqiqəti əks etdirir: “Belə ki, Azərbaycan dünyada intihar sayının ən az olduğu ölkələrdən biridir. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan intihar sayına görə həm MDB məkanında ən aşağı göstəricilərə malikdir, həm də dünya ölkələri arasında. Fransada hər 100 min nəfərə düşən intihar sayı 17 nəfərdir, Brüsseldə isə 100 min nəfərə düşən intihar sayı 20 nəfərdir. MDB məkanında bu rəqəm daha yüksəkdir, 25 nəfərdir. Azərbaycanda isə bu rəqəm aşağıdır, yəni hər 100 min nəfərə düşən intihar sayı 5 nəfərdir. Bu da onu göstərir ki, Azərbaycanda intihar üçün sosial səbəblər azdır. Bəzi müxalif qüvvələr hökumətə qarşı qarayaxma kampaniyası aparmaq üçün deyirlər ki, intiharların sayı çox yüksəkdir, buna aparan səbəblər çoxdur. Ancaq statistik rəqəmlər MDB və dünya ölkələri arasında daha aşağı göstəricilərə malikdir”.

M.Ələsgərlinin sözlərinə görə, media intihar zorakılıq , terror hadisələri ilə bağlı məlumat verərkən diqqətli olmalıdır: “Jurnalistlərin peşə davranış qaydalarında bu məsələyə xüsusi yer ayrılıb. Bu o qədər həssas məsələdir ki, dünyanın müxtəlif ölkələrində medianın etik kodekslərində bu məsələyə yer ayrılıb. Bu kodekslərdə qeyd olunub ki, intihar hadisələri, kriminal olaylar, xüsusi amansızlıqla törədilən qətl və zorakılıq halları ilə bağlı media detallı informasiya verməməlidir. İnformasiyanı elə hazırlamalıdır ki, təşviqedici olmasın, başqaları üçün nümunə olmasın. Əksinə, intiharın detallarını vermək əvəzinə elə material hazırlamaq lazımdır ki, başqalarında intihara nifrət oyatsın, nəinki rəğbət. Bəzi media qurumlarında biz bunun əksini görürük, intihar anının videolarını belə yayırlar. Sosial şəbəkələrdə də bu xəbərlər çox yayılır. Ancaq yaxşı olar bizim xəbər istehsalçılarımız bu məsələyə həssas yanaşsınlar və intihar xəbərləri çox verilməsin”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.