Azərbaycandan 4 ölkəyə investisiya AXINI - GƏLİŞMƏ

19-08-2019, 09:25           
Azərbaycandan 4 ölkəyə investisiya AXINI - GƏLİŞMƏ
Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 246,4 milyon ABŞ dolları məbləğində investisiya qoyub.

Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilir ki, ötən il Azərbaycan Gürcüstanın əsas investoru olub. Qonşu ölkəyə yatırılan birbaşa xarici investisiyalarda Azərbaycanın payı 19,5 faiz təşkil edib. Gürcüstana ən çox investisiya qoyan ikinci ölkə Niderland (208,4 milyon dollar), 3-cü ölkə isə Böyük Britaniya (178,8 milyon dollar) olub.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi məbləği 1 milyard 265,2 milyon dollar təşkil edib ki. Bu, 2017-ci illə müqayisədə 35,5 faiz azdır.

Məlumat üçün bildirək ki, cari ilin iyul ayında Gürcüstanın xarici borcunda azalma müşahidə olunub. Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında qeyd edilib ki, iyul ayının sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 361 milyon 209 min dollar olub. Bu, əvvəlki ayın sonuna nisbətən 76 milyon 831 min dollar azdır. Xarici borcun 5 milyard 154 milyon 896 min dolları hökumətin payına düşüb.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312 milyon 859 min dollar), Fransa (234 milyon 33 min dollar) və Yaponiya (215 milyon 789 min dollar) yer alıb. Gürcüstanın Azərbaycana, Türkiyə və Rusiyaya olan borcu aylıq müqayisədə dəyişməyib. Avqustun 1-nə Gürcüstanın Azərbaycana borcu 7 milyon 269 min ABŞ dolları , Türkiyəyə borcu 13 milyon 98 min dollar, Rusiyaya borcu 56 milyon 478 min dollar olub.

Maraqlıdır, Gürcüstanı azərbaycanlılar üçün cəlbedici edən məqamlar nələrdir?

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, biznesin daha şəffaf və əlverişli yerə getməsi təbiidir:



“Bir neçə ildir ki, davamlı olaraq Azərbaycandan kapital axını var və bu gün də davam edir. Təsadüfi deyil ki, bir neçə ildir Gürcüstanın ən böyük vergi ödəyicisi “SOCAR Georgia” elan olunur. Özəl şirkətlər də Gürcüstana daha çox vəsait yatırırlar. Bunun bir çox səbəbləri var. Biznes mühitinin şəffaflığı, inhisarçılığın, monopoliyanın olmaması, Avropa Birliyi ilə azad ticarət sazişi, müstəqil məhkəmə, 100 şərti maliyyə vahidinə düşən vergi yükünün ölkəmizə nisbətən 7 punkt az olması, gömrük xidmətinin, eləcə də DSMF-nin olmaması, ictimai rəyə, sahibkara hörmət, dövlət strukturlarının biznesə xidmət etməsi bu ölkənin cəlbediciliyini artırır. Azərbaycandan fərqli olaraq Gürcüstan gömrükçüləri heç vaxt vətəndaşlarla və şirkətlərlə təmasda olmurlar. Bütün işlər onlayn sistemdə həyata keçirilir. İdxal zamanı gələn yük alıcının sərbəst fikrinə görə lazımi yerə yönləndirilir. Yəni gömrüyün saxlanma anbarlarında qalmır. Həmçinin Gürcüstanda gömrük xidməti Maliyyə Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərir və çox şəffafdır.

Eyni zamanda əməkhaqqından tutulan vergiyə görə Gürcüstanda 20 faiz sosial vergi tətbiq olunur. Şəffaflıq baxımından bu, çox vacibdir və kölgə iqtisadiyyatına təsir edən amildir. Dövlət Sosial Müdafiə Fondu olmadığına görə bunlar vahid xəzinədarlıqdan ödənilir. Azərbaycanda 2019-cu ilin yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklər sırasında özəl sektor üçün gəlir vergisi ləğv olundu. Bunu müsbət bir addım kimi qiymətləndirirəm. Ancaq bu tam olmadı, DSMF yenə də qalır. Bura yenə də dövlət büdcəsindən böyük transfertlər olur, yəni öz-özünü maliyyələşdirə bilmir. Bu mənada Azərbaycanda DSMF-nin saxlanılması və bu şəkildə idarə olunması yanlışlıqdır. Gürcüstana biznesin transfer olunması bu səbəblərdən qaynaqlanır.

Azərbaycanda biznesə başlamaq normal olsa da, lisenziyalar, icazələr baxımından Gürcüstan daha rahatdır. Həmçinin yük daşımaları, komunikasiya, yerli hava limanları və nəqliyyat baxımından da Gürcüstan daha sərfəlidir. Hesab edirəm ki, burada ən böyük üstünlük də məmur sahibkarlığının olmamasıdır. Azərbaycanı digər ölkələrdən fərqləndirən və yerli iş adamlarına ən çox təsir edən monopoliya, inhisarçılıqdır. Ümumiyyətlə, məmur sahibkarlıq, dövlət büdcəsinin vəsaitlərinin şəxsi məqsədlər üçün mənimsənilməsi, şəffaf idarəetmənin olmaması biznes mühitinin inkişafına ziyan vurur. Biznes daha münbit şərait axtarır və bu sektora sərhəd qoymaq mümkün deyil”.

Belə davam edərsə...

Nazim Bəydəmirli onu da qeyd edib ki, əvvəllər Azərbaycandan daha çox Türkiyə, Ukrayna və Qazaxıstana investisiya axını müşahidə olunurdu:

“Son illər bu siyahıya Gürcüstan da qoşulub. Özəl sektor Azərbaycanla strateji tərəfdaş ölkələrə, o cümlədən siyasi, iqtisadi, sosial və mədəni münasibətlər quran dövlətlərə daha çox üstünlük verir. Təəssüf ki, ölkəmizdə Gürcüstana nisbətən həm nəqliyyat infrastrukturu və xərcləri, həm də vergi yükü 5 punkt yüksəkdir. Gürcüstanda qanunvericilik daha şəffafdır, inzibatçılıq daha loyaldır. Beynəlxalq strukturların regionda əsas ofisləri də Tiflisdə yerləşir. Gürcüstanın Batumi, Poti, Tiflis və digər bölgələrdə azad iqtisadi zonaları daha çoxdur. Burada dövlət və biznes münasibətləri daha şəffafdır. Əgər biznes çəkişməsi baş verərsə, məhkəmələr daha ədalətli və müstəqil qərarlar qəbul edir. Komersiya məhkəmələrinin yaradılması müsbət addımdır, amma əgər belə idarəçilik davam edərsə, adının dəyişdirilməsinin heç bir əhəmiyyəti olmayacaq”.

“Azərbaycan cəlbediciliyini itirir”

İqtisadçı hesab edir ki, Azərbaycanda məmurun bizneslə məşğul olunmasına qadağa qoyulmalıdır:

“Ölkəmidə biznes üçün bank faizlərinin əlçatanlığı təmin olunmalıdır. Çox təəssüf ki, Azərbaycanda biznesə illik 14 faizdən aşağı kredit tapmaq müşküldür. Gürcüstanda vergilər sahəsində bir çox təşviqedici addımlar atılır. Belə ki, təhsilə, əsaslı vəsait qoyuluşuna yatırılan vəsaitlər əvvəlki illərdə ödənilmiş vergilərdən çıxılır. Yəni ödəyiciyə geri qaytarılır. Gürcüstanın ən böyük üstünlüyü Avropa İttifaqı ilə azad ticarət haqqında sazişin qüvvəyə minməsi və ölkədə istehsalı olan məhsulların gömrüksüz Aİ ölkələrinə daxil olmasıdır. Ona görə, bəzi Azərbaycan şirkətləri bu məqamları göz önünə gətirib Gürcüstana transfer olunublar. Hökumətə səslənirəm, Avropa İttifaqı ilə azad ticarət haqqında tərəfdaşlıq sazişini tez imzalamaq lazımdır. Ümumdünya Ticarət Təşkilatına daxil olmağı tez həyata keçirmək lazımdır. Bütün bu səbəblərdən Azərbaycan digər tərəfdaşları qarşısında cəlbediciliyini itirir”.

İslahatlara ehtiyac var

Nazim Bəydəmirlinin qənaətincə, yaxın müddətdə ciddi islahatlar aparılmalıdır:

“2012-ci ildən “Baku Steel Company” kimi monopolist şirkət tərəfindən biznesə, o cümlədən metal istehsalçılarına qarşı səlib yürüş başladıldı. Nəticədə Azərbaycandan çıxan valyutanın həcmi artmağa başladı. Hətta bəzi illərdə bu vəsaitin həcmi 600 milyon dolları keçdi. Daxildə olan biznes dözümsüzlüyü, inzibati yollarla biznes tərəfdaşlarını və yaxud rəqiblərini sıradan çıxarmaq, müxtəlif yoxlamalarla yerli sahibkarlara təsir mexanizmini artırmaq və məmurların dövlət satınalmalarını gözardı edərək müxtəlif maliyyə mexanizmlərindən yararlanaraq, dövlət büdcəsinin vəsaitlərini mənimsəmələri Azərbaycanın beynəlxalq reytinqini aşağı salır.

Regiona gəlmək istəyən transmilli şirkətlər biznes dözümsüzlüyü fərqli olan və iqtisadi fəaliyyətə daha müsbət yanaşılan ölkələri seçirlər. Bu baxımdan, yaxın müddətdə ciddi islahatlar aparılmalıdır. Əsasən karbohidrogen ehtiyatlarını istehlak edən ölkələr artıq alternativ enerji ilə işləyən avtomobillərə üstünlük verirlər. Bir çox ölkələr dizeldən imtina edib alternativ enerjiyə keçmək məsələsini qanunvericilik səviyyəsinə qədər gətiriblər. Bu qanunvericiliyin tətbiqi Azərbaycanda ixrac materialı olan karbohidrogen ehtiyatına ehtiyacın azalmasına gətirib çıxaracaq. Nəticədə ölkəyə daxil olan valyuta azalacaq. Belə bir şəraitdə milli istehsalçılarımız daxildə rəqabət apara bilməyəcək və ölkə bazarı uduzacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.