Fəzail Ağamalı: “Bu qədər pul hardandır?!”

20-08-2019, 12:20           
Fəzail Ağamalı: “Bu qədər pul hardandır?!”
Deputat Fəzail Ağamalı modern.az-a həmkarı İqbal Məmmədova məxsus “Relax”da vergi işçilərinin döyülməsi, onun oğlunun və qohumlarının həbsi barədə danışıb.

“Baş verənlər ailənin faciəsi kimi qiymətləndirilməlidir. Həmçinin, bu cür hallar cəmiyyətdə ciddi və xoşagəlməz diskussiyalara, narazılıqlara səbəb olur. Bu baxımdan mən də təəssüflənirəm. Bu cür hallar istisnalardır. Çox arzu edərdik ki, bu istisnalar da olmasın”.

Fəzail Ağamalı harınlamış övladların əməllərindən danışarkən valideynlərin onlara nəzarət etməsini vacib hal sayıb: “Hesab edirəm ki, belə hallar hər eydən əvvəl valideynlərin öz övladlarına kifayət qədər nəzarət etməməsi, onu ciddi həyat tərzində yaşamağa alışdırmaması ilə bağlıdır.

Əlbəttə, xoşagəlməz vəziyyəti bütün məmurların, deputatlarrın övladları haqqında demək ədalətsizlik olar. Belə epizodlarla əvvəllər də rastlaşmışıq.

Harınlamış bəzi məmur övladları bu cür davranışlara yol veriblər. Bu cür davranışlara yol verməklə, bir çox mətləblərə də aydınlıq gətirirlər. Bu qədər pul hardandır?! Nəyin hesabına qazanıblar?

Deməli, dövlətdən, xalqdan oğurlayıblar. Hətta araşdırsanız, görərsiniz ki, bəzi məmur övladları var ki, ölkədə əsgəri xidmətdə olmadan ayrı-ayrı ölkələrdə vətəndaşlıq alaraq, dəbdəbəli həyat sürürlər.

Yüksək səviyyəli dövlət məmurunun övladı əsgər həyatı çəkməyibsə, bu ona ən azı dövlət və cəmiyyət qarşısında başıaşağılıq gətirir. Sanki “hər şey belə olmalıdır” deyə bəzi məmurların heç nə vecinə deyil”.

Deputat bildirib ki, inkişaf etmiş Qərb ölkələrində harınlamış məmur övladlarına rast gəlmək olmur: “İnkişaf etmiş Qərbi Avropa ölkələrində böyük imkanlara malik olan iş adamlarının, dövlət xadimləriın övladları ilə bağlı belə halların şahidi olmamışıq. Belə hallara mətbuatda da rast gəlməmişəm.

Bu cür hallar əsasən müstəqiliyi yeni qazanan dövlətlərdə baş verir. Birdən-birə, əvvəldən deyil, sonradan pul qazanmaq imkanı əldə ediblər. Pul da çox olanda başgicəllənməsi baş verir.

Həmin şəxslər pulu idarə etmək imkanlarını itirirlər. Pul onları və ailələrini idarə edir. Ya övladları, ya da həyat yoldaşları xoşagəlməz hərəkətlər edirlər. Bu da cəmiyyətdə böyük narazılıqlar doğurur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.