Düşmən çəpəri olan oğulların haqqı...

21-08-2019, 10:21           
Düşmən çəpəri olan oğulların haqqı...
Yaşlı nəslin yadında olar: 1918-20-ci ildə yaşamış müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin söz-söhbəti 1987-ci ilə qədər heç cür bitmirdi. O qısa dövrə aid ifşaedici filmlər (“Gəncəbasarlı qisasçı”, “Ulduzlar sönmür”, “Birisigün gecəyarısı” və s.) çəkilir, tamaşalar (“Şərqin səhəri”) qoyulur, romanlar, povestlər, poemalar yazılırdı.

Sovet hökumətinin ideoloji cəbhədə can qoyan “ziyalıları” var qüvvələri ilə çalışırdılar ki, xalq o “ağır, məşəqqətli günləri”, “bəy-xan zülmü”nü unutmasın, daima lənətləsin. 1988-ci ildən sonra isə sovet dövrünə aid elə dəhşətli faktlar açıqlandı ki, camaat “bəy-xan zülmü”nü unutdu, AXC dövrünü lənətləmək ənənəsinə son qoyuldu.

1993-cü ildən sonra isə başqa AXC dövrünü lənətləmək ənənəsi yaranıb davam edir.

Əbülfəz Elçibəyin rəhbərlik etdiyi, ömrü günlə ölçülən (376 gün) AXC hakimiyyətinin devrilməsinin 26-cı ili tamam oldu, amma hələ də minlərlə insan (siyasətçi, jurnalist, məmur və s.) 1992-93-cü illərdə Azərbaycanı idarə etmiş iqtidar komandasının fəaliyyətindən danışır.

Deyəsən, bu söhbət hələ bir 50 il də davam edəcək, sanki mütləq 70 il çəkməlidir.

Sosial şəbəkələri izləyəndə aydın olur ki, yaşı cəmi 24-25 olan, o “ağır illər”in bir gününü də görməyən insanlar AXC iqtidarına elə şeylər danışırlar ki, sanki “jımıx yeyən”, “evdən çölə çıxa bilməyən” məhz özləri olublar.

Əlbəttə, onlar bu trivial qara piar cümlələrini onun-bunun, əsasən də AXC-nin siyasi rəqbilərinin ağzından götürüblər və təkrar edə-edə gedirlər.

Qəribə və ədalətsiz bir dəb yaranıb: köhnə cəbhəçiləri pisləmək, aşağılamaq, “cümlə xəyanətlərə bais” göstərmək.

Həqiqət isə başqa cürdür.

Söhbət 1988-93-cü illər arasında yağı düşmənin qarşısında sinəsini sipər edən köhnə cəbhəçilərdən gedir. Qarabağ müharibəsində əsgər mundiri geyinərək şəhid olan, yaralanan könüllülərin əksəriyyəti məhz köhnə cəbhəçilər idi. Ramiz Qəmbərov, Ramiz Mirzəyev, Vəzir Orucov, Mobil Yusifov, Elxan Yusifov, İsgəndər Allahverdiyev, onlarca, yüzlərcə, minlərcə başqa köhnə cəbhəçilər erməni təcavüzkarlarının qarşısını kəsməsəydilər, bu dövlətin halı necə olardı?

Bu o vaxt idi ki, ölkənin partokrat rəhbərliyi xalqın taleyini bir ermənilərin insafına, bir də Kremlin mərhəmətinə bağlamışdılar. Rayonlardan səfərbər olunan polis qüvvələri düşmənin qarşısını almaq üçün kifayət deyildi. Məhz o zaman ortaya könüllü cəbhəçilər çıxdılar və bütün sərhəd boyunca rəşadətlə döyüşdülər. Milli ordunun əsası onların yaratdığı könüllü batalyonların üzərində qoyuldu, formalaşdırıldı.

İndi bəzən o vaxtı hərc-mərclik dövrü kimi qələmə verirdilər. Elə deyildi. Bəli, düşmən aktivləşəndə, güc yetməyəndə könüllülərlə yanaşı döyüşmək, onların sırasını möhkəmlətmək üçün, adına “oblava”lar deyilən, məcburi səfərbərlik tutquları da olurdu, amma reallıq çox acıydı, başqa yol yox idi. Onlar olmasa, vətən əldən gedərdi.

AXC hakimiyyətinin fəaliyyətinə gəlincə, bircə cümlə bütün mənzərəni ifadə edə bilər: “Nə yatdılar ki, nə yuxu görələr”. AXC ölkədə hakimiyyəti götürəndə dövlətin büdcəsidə pul yox idi, ölkə müharibə aparırdı və bu gənc respublika heç altı aylıq da deyildi. Hər şey dağılmışdı, sistem pozulmuşdu, düzən bərbad olmuşdu. Dövlət idarəetməsini sistemləşdirmək, icra mexanizmlərini formalaşdırmaq üçün azı 10 il vaxt lazım idi.

AXC iqtidarının ömrü isə cəmi-cümlətanı bir il oldu. İnsaf və ədalət naminə demək lazımdır ki, o iqtidar komandası bir ildə çox şey etdi - tələbə qəbulundakı inqilaba bərabər islahatdan tutmuş, dövriyyəyə milli valyutanın buraxılmasına, ölkədən xarici qoşunların çıxarılmasına qədər.

İndi o köhnə cəbhəçilərin sırası xeyli seyrəlib. Çoxu müharibədə şəhid oldu, bir xeylisi yaşlaşdı, öz əcəlləri ilə dünyasını dəyişdi, bir qismi ölkədən baş götürüb getdi, bir azı hələ də meydandadır və siyasi mübarizə aparır. Az bir hissəsi isə siyasi orientasiyasını dəyişdi, klassik inqilabçılıqdan əl çəkib siyasi sistemdə yer tutmağa çalışdılar.

Hazırda AXC-nin iqtidar komandasının pərən-pərən olmuş üzvləri, belə görünür ki, özlərini, öz işlərini müdafiə etmək durumunda deyilllər. Bir az da beziblər, usanıblar. Amma insafdan, ədalətdən danışırqsa, onların haqqını vermək lazımdır.

Onlar bu xalqın düşməni deyildilər, düşmən çəpəri olan oğullarıydılar. Onlar bu ölkədə demokratiya bərqərar etmək istəyən, xalqın xoşbəxt yaşamasına çalışan fanatiklər idi.
Xalid KAZIMLI












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.